Məhkəmə qərarları › İş №2-1(114)-1432/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1432/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1432/2021 29.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı 01.01.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək hər ay üçün 200 manat cəmi 1800 manat məbləğində müavinatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi X6 17.11.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.12.2007-ci il tarixdə 234 nömrə ilə qeydiyyat aparılmış, ata qrafasında X5, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. 05.12.2012-ci, 08.12.2014-cü və 09.12.2016-cı il tarixlərdəki 25 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında aparılan müayinələr zamanı uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 28.02.2020-ci il tarixli 0500003AAAJ6 nömrəli göndəriş ilə uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi məqsədilə təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndəriş təqdim edilmiş, 17.03.2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində X3 əlil və ya sağlamlıq imkanlarının müəyyən edilməsindən imtina olunaraq səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) oğlu X3 əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, sonuncu isə 05.05.2020, 12.05.2020 və 29.06.2020-ci il tarixlərdə verilmiş cavab məktublarında səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yeni göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyətinin qiymətləndirilərək müvafiq qərarın veriləcəyini bildirmişdir. 04.09.2020-ci il tarixli 0500003AAAK9 nömrəli göndəriş ilə uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi məqsədilə təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndəriş təqdim edilmiş və 14.09.2020-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində X3 14.09.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, sağlamlıq sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixi 14.09.2020-ci il olmuşdur. İddiaçı 21.06.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 01.01.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək hər ay üçün 200 manat, cəmi 1800 manat məbləğindən müavinətin ödənilməsi öhdəliyinin vəzifə borcu kimi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, övladı anadangəlmə sağlamlıq imkanları məhdud uşaqdır və müəyyən müddətdə təkrar tibbi-sosial ekspert komissiyasından keçməlidir. 17.03.2020-ci il tarixdəki müayinə zamanı onun sağlamlıq imkanları məhdudluğu müəyyən edilməmiş və buna görə təkrar olaraq sağlamlıq imkanları məhdudluğu bərpa edildiyi 14.09.2020-ci il tarixədək ona müavinət ödənilməmişdir. Hesab edir ki, oğlunun sağlamlıq imkanları məhdudluğu təsdiq edildiyindən buna görə ödənilməli olan, lakin 01.01.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək ödənilməmiş sosial müavinət ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hazırkı mübahisə üzrə tələbə cavab verməli olan orqan deyildir. Belə ki, sosial müavinətin ödənilməsi barədə öhdəlik Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının səlahiyyətindədir. X1 17.03.2020-ci il tarixdə əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsində imtina olunması barədə qərar hazırda qüvvədədir. Bu səbəbdən də iddiaçı ona ödənilməyən müavinətin ödənilməsi məqsədilə hazırda qüvvədə olan qeyd olunan qərarı mübahisələndirməli, həmin qərarın ləğvinə nail olmalı və ya sağlamlıq imkanlarının məhdudluğunun təyinatı tarixini dəyişdirməli, bundan sonra ödənilməyən aylar üçün müavinətin ödənilməsi tələbi ilə DSMF publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialına müraciət etməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu, yəni iddianın düzgün cavabdehə qarşı verildiyi, habelə iddia qaldırmaz əvvəl oxşar tələblə ilkin olaraq cavabdeh inzibati orqana yazılı müraciət edildiyi müəyyən olunmur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrindəndir. Fondun 23.11.2020-ci il tarixli **********2 nömrəli qərarına əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmış və onların əsasnamələri təsdiq edilmişdir. Həmin əsasnamələrə əsasən Gəncə şəhəri üzrə sosial müavinətlərin ödənilməsini təmin etmək Fondun 18 saylı regional ərazi filialının səlahiyyətinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 1.3-cü bəndinə əsasən, TSEK ........., tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə iddiaçıya izah edir ki, X4 17.03.2021-ci il tarixdəki qiymətləndirmə zamanı əlil və ya sağlamlıq imkanlarının müəyyən edilməsindən imtina barədə Tibbi-Sosial Ekspert Komissiyasının qərarı qüvvədə olduğu üçün qeyd olunan qərar mübahisələndirilməli və ya sağlamlıq sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixi 17.03.2021-ci il tarixə dəyişdirilməli, bundan sonra cavabdeh qismində DSMF publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialı qeyd edilməklə hazırkı tələb üzrə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı 01.01.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək hər ay üçün 200 manat cəmi 1800 manat məbləğində müavinatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar