Məhkəmə qərarları › İş №2-1(114)-1435/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1435/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1435/2022 26.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Cavabdehnə qarşı “29.06.2012-ci il tarixli 308 saylı sərəncamının qanunsuz inzibati akt hesab edilərək ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının 22.05.1992-ci il tarixli 2621 nömrəli sərəncamına əsasən “Dostluq” Assosasiyasının 14.05.1992-ci il tarixli 7-04/81 nömrəli məktubunu nəzərə alaraq Vəli Xuluflu küçəsində ticarət passajının qarşısında Assosasiyanın yeməkxanasının tikintisinə icazə verilmişdir. Gəncə şəhər Cavabdeh başçısının 29.06.2012-ci il tarixli 308 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, V.Xuluflu küçəsində ticarət passajının qarşısında yerləşən mərhum X1 məxsus mağazanın ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq T.Arani küçəsində salınmış ticarət cərgəsindəki 66.0 kv.m torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə əsasında mərhum arvadı İddiaçı (bundan sonra mətndə iddiaçı) tərəfindən yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Cavabdeh başçısının 30.08.2013-cü il tarixli 1425 nömrəli sərəncamı ilə Gəncə şəhəri T.Arani küçəsindən yüksək elektrik xəttinin yerinin dəyişdirilməsi və yeraltına keçirilməsi işlərinin ləngiməsi ilə əlaqədar T.Arani küçəsində salınmış ticarət cərgəsində fiziki və hüquqi şəxslərə ticarət obyektlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi barədə verilmiş sərəncamların 4-cü bəndindən “və bir il ərzində tikinti-quraşdırma işlərinə başlanmazsa, qüvvədən düşmüş hesab edilsin” sözləri çıxarılmışdır. İddiaçı 11.04.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyət hüququnun pozulmasına əsas olmuş 29.06.2012-ci il tarixli 308 saylı və 30.08.2013-cü il tarixli 1425 nömrəli sərəncamlarının qanunsuz inzibati akt sayılaraq ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququnun pozulmasına əsas olmuş 29.06.2012-ci il tarixli 308 saylı saylı sərəncamının qanunsuz inzibati akt sayılaraq ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və iddiaçı tərəfindən iddia verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, Gəncə şəhər Cavabdeh başçısının 29.06.2012-ci il tarixli 308 nömrəli sərəncamının ləğvini məqsəd güdür. Göründüyü kimi, iddiaçı 29.06.2012-ci il tarixli sərəncamı 11.04.2022-ci ildə (iddia ərizəsinin zərfindəki möhürdəki tarixdir), yəni 10 ildən sonra mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. O, ərizəsində bildirmişdir ki, təqsiri olmadan obyektiv səbəblərdən həmin sərəncamı vaxtında mübahisələndirə bilməmişdir. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. İddiaçı inzibati orqan olan cavabdehə və Apellyasiya Şurasına cari ilin əvvəlində müraciət etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Gəncə şəhər Cavabdehnə qarşı “29.06.2012-ci il tarixli 308 saylı sərəncamın qanunsuz inzibati akt hesab edilərək ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar