Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1435/2023 15.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixinədək “Çinar” kiçik müəssisəsində və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək kitabçasına əsasən hərbi bileti, diplomunun surətinə əsasən sığorta stajı 16 il 6 ay 28 gün təşkil edir. Əmək kitbaçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixinədək “Çinar” kiçik müəssisəsindəki, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək Naftalan rayon İstilik Təsərrüfatı idarəsində olan dövrlər bu idarələrin əmək haqlarının hesablanması kitabları arxivə təhvil verilmədiyi üçün bu illərin araşdırılması mümkün olmaması səbəbindən bu illər onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Ona görə də ona yaşa görə müavinət təyin edilmişdir. Onunla bərabər “Çinar” kiçik müəssisəsində işləmiş X4 və X1 idarəsində onunla bərabər işləmiş Mehtiyeva Аnјеlа Yaqub qızı məhkəmədə şahid kimi dindirilərsə onlar da “Çinar” kiçik müəssisəsində, həm də X1 idarəsində işləməyini təsdiq edəcəklər. Sənədlərin arxivə verilməməsində onun heç bir günahı yoxdur. Bu səbəblə işlədiyi illərin sosial sığorta stajına əlavə edilməməsinin hüquqi əsası yoxdur. Əmək kitabçasında işlədiyi illərin qeyd edilməsi və məhkəməyə dəvət edəcəyi şahidlər də onun qeyd olunan illərdə işlədiyini təsdiq edəcəklər. Qeyd edilənlərə istinad edib hesab edir ki, onun xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi “Çinar “ kiçik müəssisəsində və X1 idarəsində 1997-ci ildən 2002-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək “Çinar” kiçik müəssisəsindəki, xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsindəki olan dövrlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Naftalan filialının xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək “Çinar” kiçik müəssisəsinin əmr kitabları və əmək haqlarının hesablanması cədvəlləri arxivə mühafizə olunması üçün təhvil verilməyib. Həmin arayışa əsasən əmrlər kitabında xx.xx.2002-ci il tarixində İddiaçı işdən azad olunmağı barədə əmr aşkar olunmasına baxmayaraq, X1 İdarəsinin 1997-ci ilin əmr və əmək haqqı kitabları, 2002-ci ilə aid əmək haqqı kitabları arxivə təhvil verilməyib. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığı inzibati icraat zamanı müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək “Çinar” kiçik müəssisəsində, xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işlədiyinə və həmin müəssisələrin fəailiyyətinə dair əsaslı sübutlar tapılmamışdır. Hazırki iş üzrə müabahisələndirilən dövrlərin araşdırılması üçün ayrı-ayrı dövlət orqanlarına sorğu verilsə də mübahisələndirilən dövrlərə dair hər hansı məlumat tapılmamışdır. Odur ki, İddiaçı mübahisəsiz iş stajı cəmi 16 il 6 ay 28 gün təşkil edir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci madəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. İş materiallarına AzMEM İnformasiya Sistemindən çıxarış, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, 1514(438)/3 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-404/2023 nömrəli məktubu, Naftalan Şəhər İcra Hakimiyyəti Naftalan Şəhər Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-34ŞA/2-11/2023 nömrəli məktubu, xx.xx.2002-ci il tarixli, 08 nömrəli əmrin təsdiq edilmiş surəti, iddiaçıya məxsus əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək “Çinar” kiçik müəssisəsindəki, xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, “Çinar” kiçik müəssisəsinin əmr kitabları və əmək haqlarının hesablanması cədvəlləri arxivə mühafizə olunması üçün təhvil verilməmiş, həmin arayışa əsasən əmrlər kitabında xx.xx.2002-ci il tarixində İddiaçı işdən azad olunmağı barədə əmr aşkar olunmasına baxmayaraq, X1 İdarəsinin 1997-ci ilin əmr və əmək haqqı kitabları, 2002-ci ilə aid əmək haqqı kitabları arxivə təhvil verilməmişdir. Halbuki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Çinar” kiçik müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsindəki işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-404/2023 nömrəli məktubundan görünür ki, iddiaçının “Çinar” kiçik müəssisəsində və Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işləməsi ilə barədə arxiv sənədləri təhvil verilməmişdir. Naftalan Şəhər İcra Hakimiyyəti Naftalan Şəhər Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-34ŞA/2-11/2023 nömrəli məktubunda qeyd edimişdir ki, “Çinar” kiçik müəssisəsinin sənədləri Naftalan Şəhər Dövlət Arxivinə təhvil verilməmiş, bundan əlavə Naftalan şəhər İstilik Qazanxana idarəsinin (Naftalan şəhər İstilik Təsərrüfatı) 1997-ci il tarixli əmr, əmək haqqı və 2002-ci il tarixli əmək haqqı sənədləri arxivə təhvil verilməmiş, yalnız 2002-ci il tarixli əmrlər kitabında işdən çıxması faktı ilə bağlı məlumat aşkar edilmişdir. Belə ki, işdə olan əmək kitabçasının təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Çinar” kiçik müəssisəsində, xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Çinar” kiçik müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, belə ki, sözügedən məsələlərin işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-cu ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 16 il 6 ay 28 gün olması qeyd edilmişdir. İddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Çinar” kiçik müəssisəsində (4 il 5 ay 11 gün) və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində (4 il 7 ay 14 gün) işlədiyi dövlər, ümumilikdə 9 il 25 gün müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 25 il 7 ay 23 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Çinar” kiçik müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Çinar” kiçik müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naftalan rayon İstilik Təsərrüfatı İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov