Məhkəmə qərarları › İş №2-1(114)-1436/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1436/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1436/2025 06.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək N.Gəncəvi adına X2 və 2009-cu ilin iyul dekabr aylarında fərdi sahibkar X3 yanında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı qeyd edir ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü N.Gəncəvi adına X2 və 2009-cu ilin iyul dekabr aylarında fərdi sahibkar Nuriyev llqar İsmayıl oğlunun yanında işləmişdir. Buna görə, o iş illərini sosialsığorta stajına daxil etdirmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialına müraciət etsə də cavabdeh orqan ona imtina vermişdir. Həmin imtinada göstərilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verilməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 2 il 4 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan 10 ildən ( 45 yaşınıza uyğun olaraq) azdır. Bu səbəbdən iddiaçıya orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək N.Gəncəvi adına X2 və 2009-cu ilin iyul dekabr aylarında fərdi sahibkar X3 yanında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona 1-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-304550/2024 saylı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin pensiya təyin edilməsindən imtina edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsinde qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1. 43 il (yaş) – 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 28 il (əmək qabiliyyətli yaş dövrü) 2. 28 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 112 ay 3. 112 ay: 12 ay = 9 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 9 il 4 aydır. Birdiririk ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.2000- ci il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.2022ci il tarixli arayışın surətinə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək haqqı ödənilən dövrlər daxil olmaqla xx.xx.2006-cı il tarixədək 1 il 10 ay 15 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 6 ay (2009-cu ilin iyul-dekabr) əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə 2 il 4 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığını təsdiq edir və qanunvericiliyə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, mübahisələndirilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilsə belə onun qanunvericiliklə tələb olunan 9 il 4 ay sosial sığorta stajı tamamlanmır. Qeyd edilənləri əsas gətirən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-26910/2025 saylı etiraza əlavə vermiş və onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əməkpensiyası orqanizmin funksiyalarının 81-100 faiz:pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd edək ki, iddiaçıya ilkin əlillik təyin olunduğu xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı: 1. 37 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 22 il (əmək qabiliyyətli yaş dövrü) 2. 22 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 88 ay 3. 88 ay: 12 ay = 7 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının xx.xx.2016-cı il tarixdə pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 7 il 4 ay idi. Birdiririk ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.2000-ci iltarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək haqqı ödənilən dövrlər daxil olmaqla xx.xx.2006-ci il tarixədək 1 il 10 ay 15 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 6 ay (2009cu ilin iyul-dekabr) əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə 2 il 4 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, təhsil dövrü iddiaçının sosial sığorta stajına daxil edilsə belə onun xx.xx.2016-cı il tarixdə qanunvericiliklə tələb olunan 7 il 4 ay sosial sığorta stajı tamamlanmırdı. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasının surəti; - iddiaçıya məxsus A № 058182 nömrəli dipolomun surəti; - iddiaçıya məxsus AON ******* nömrəli hərbi biletin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən mhkəməyə gpöndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-236743/2024 saylı məktubuna əlavə edilmiş sənədlərin surəti; - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 494/v nömrəli arayış; - İddiaçıya məxsus AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajının 2 il 4 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan 10 ildən (45 yaşınıza uyğun olaraq) az olduğunu qeyd edərək, orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab ediləmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçıya məxsus AON ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.2000- ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr iddiaçının hərbi xidmət dövrüdür. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 494/v nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən 34-T (d) № li xx.xx.1996-ci il tarixli əmrlə Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası" ixtisası üzrə İ kursa əyani şöbəyə qəbul olmuşdur. Nəzəri kursu tam başa vurduğuna görə ona 39 T(d) № li xx.xx.2000-ci il tarixli əmrlə A № li 058182 saylı Bakalavr diplom verilmişdir. Buda sübut edir ki, iddiaçı həqiqətən də 4 il əyani təhsil almışdır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək N.Gəncəvi adına X2 aparıcı konstruktor vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü ilədək isə N.Gəncəvi adına X2 rəis vəzifəsində işlədiyi dövr iddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmışdır. Cavabdeh orqan tərəfindən isə yalnız xx.xx.2000-ci iltarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmət dövrü, iddiaçıya əmək haqqı ödənilən dövrllər və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 6 ay (2009-cu ilin iyul-dekabr) əmək fəaliyyəti dövrü daxil edilməklə cəmi 2 il 4 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası" ixtisası üzrə 4 il əyani təhsil dövrü və iddiaçının əmək kitabçasında öz əksinini tapmış xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək N.Gəncəvi adına X2 aparıcı konstruktor vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü ilədək isə N.Gəncəvi adına X2 rəis vəzifəsində işlədiyi dövr ümumilikdə mübahisələndirilən sığorta stajı tamamlanmaısı üçün kifayətdir. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən mübahisələndirilən iş stajı iddiaçının əmək kitabçasında öz əksinini tapmışdır, cavabdehin etirazda qeyd etdiyi əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması iddiaçının günahından deyil və iddiaçının işləməməsi anlamına gətirmir və bu hal vətəndaşın Konstitusiya ilə tənzimlənən hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Qeyd edilənləri əsas götürən məhkəmə, iddiaçının N.Gəncəvi adına X2 xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işləməsinə dair İT-l ******* nömrəli əmək kitabçasında göstərilən məlumatları və Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası" ixtisası üzrə 4 il əyani təhsil dövrü mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası" ixtisası üzrə 4 il əyani təhsil dövrü və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək N.Gəncəvi adına X2 aparıcı konstruktor vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü ilədək isə N.Gəncəvi adına X2 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar