Məhkəmə qərarları › İş №2-1(114)-1442/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1442/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1442/2020 09.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Ağdam rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1973-1974, 1976-1987, 1990-1992, 1994-1996-cı illərdə «T.İsmayılov», «Üçoğlan» adına kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Dövlət X2 Ağdam rayon şöbəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1973-1974, 1976-1987, 1990-1992, 1994-1996-cı illərdə “T.İsmayılov” və “Üçoğlan” adına kolxozlarda işləmişdir. Həmin fakt Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 334 nömrəli arxiv arayışında qeyd edilmişdir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək 1973-1974, 1976-1987, 1990-1992, 1994-1996-cı illərdə «T.İsmayılov», «Üçoğlan» adına kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, tərəflər məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi barədə məhkəməyə teleqram göndərmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Dövlət Arxivinin Ağdam filialının xx.xx.2016-cı il tarixli, 334 nömrəli arxiv arayışı və cavabdehin imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965- ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kolxozun nümunəvi nizamnaməsinin 33-cü bəndində qeyd edilir ki, kolxozda iş günü, müddəti, qaydası, istirahət günləri; hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Yəni kolxozda iş vaxtının minimum adam günü normasının (minimumun) müəyyən edilməsi həmin kolxozun daxili Qaydaları ilə müəyyən edilir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubunda göstərmişdir ki, iddiaçıya yaşa görə əmk pensiyası təyin olunması üçün 12 il sosial sığorta stajı tələb olunur. Lakin iddiaçının 1973-cü ildən 1996-cı ilədək “T.İsmayılov və “Üçoğlan” adına kolxozlarda işlədiyi illərin iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmamışdır. İddiaçının arxiv arayışında göstərilən 20 il minumum adam günü normasına uyğun olaraq məhkəmə tərəfindən təsdiq olunarsa iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması məsələsinə yenidən baxıla bilər. İddiaçının 1973-1996-cı illərə dair təqdim etdiyi arxiv arayışında “T.İsmayılov və “Üçoğlan” adına kolxozlarda minimum əmək günü norması (adam günü) 180 gün qeyd edilmişdir. Həmin arxiv arayışı ilə iddiaçının 1973, 1977, 1985 və 1987-ci illərdə əmək günü norması yerinə yetirdiyi cəmi iş stajı (176+182+224+26=608 (faktiki işlədiyi):180 (norma)=3 il 4 ay təşkil etmişdir. Göründüyü kimi iddiaçı 12 il sosial sığorta stajına malik olmadığından cavabdehin iddiaçıya pensiya təyin olunmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Ağdam rayon filialına qarşı 1973-1974, 1976-1987, 1990- 1992, 1994-1996-cı illərdə «T.İsmayılov», «Üçoğlan» adına kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Ağdam rayon filialının üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar