Məhkəmə qərarları › İş №2-1(114)-1442/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1442/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1442/2022 05.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx.xx.1974-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N2-ci il tarixdə Bərdə RHK-dan çağırılmış iddiaçının komandirin xx.xx.N2-ci il tarixli 277 nömrəli əmrilə şəxsi heytəin siyahısına daxil edilməsi və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq Direktivinə əsasən, komandirin xx.xx.N4-cü il tarixli 1 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Əlifba kitabında qeyd edilmiş, xx.xx.N4-cü il tarixli 01 nömrəli əmr Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivində olan, N nömrəli hərbi hissə komandirinin əmrlərində öz əksini tapmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 103 nömrəli əmrilə iddiaçı « operator » vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N nömrəli əmrilə hərbi hissə qərargah rəisinin köməkçisinin səhlənkarlığı nəticəsində əmrə düşmədiyi üçün iddiaçı xx.xx.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin tərkibində hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 60 nömrəli əmrilə hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin Maddi-təminat taburuna gəlmiş hesab edilərək, siyahılara və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 5 nömrəli əmrində 3-cü motoatıcı taborun şəxsi heyətin siyahısında iddiaçının adı qeyd edilmişdir. Perekeşkül şəxsi heyətin qəbulu və hazırlığı məntəqəsindən göndərilmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli 78 nömrəli əmrinə 3-cü motoatıcı taborun şəxsi heyətinin siyahısında və bütün növ təminatlara daxil edilərək, « hesab nömrəsi » vəzifəsinə təyin edilmişdir. Qarabağ qarnizonu hərbi prokurorluğunun baş müstəntiqi R.V.Həsənov tərəfindən imzalanmış və Qarabağ qarnizonu hərbi prokuroru Ə.D.Abbasov tərəfindən təsdiqlənmiş xx.xx.N8-ci il tarixli qərardan görünür ki, İddiaçı barəsində hərbi hissəyə qayıtmaması ilə bağlı təhqiqat materialları hazırlanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.N7-ci il tarixli Amnistiya aktına iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndəcavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-1196 nömrəli məktubunla müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N2-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılmışdır. Həqiqi hərbi xidmətə çağrıldıqdan sonra N nömrəli hərbi hissənin tərkibində Silahlı qüvvələrdə xidmət etmişdir. Daha sonra hərbi xidmətini davam etdirmək üçün onu xx.xx.N3-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 5 nömrəli əmrilə 3-cü motoatıcı taborun şəxsi heyətinin siyahısında qeydə alınmışdır. N nömrəli hərbi hissədə xidmət edən zaman Çıldıran, Akopkamar kənd və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra Perekeşkül şəxsi heyətin qəbulu və hazırlığı məntəqəsindən göndərilmiş olduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 78 nömrəli əmrilə 3-cü motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək hesab nömrəsi vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi dövrdə yaralandığı üçün xəstəliyi ilə əlaqədar Bərdə rayon Zamürxaç kəndində yerləşən hərbi qospitala göndərilmişdir. İddiaçı hərbi qospitalda olan zaman ona yaxşı baxılmadığı görmüş və müalicə olunub sağalıb yenidən xidmət etmək üçün yaşadığı fərdi yaşayış evinə gəlmişdir. O, evdə müalicə olduğu zaman hərbi hissə komandiri iddiaçının hərbi hissəni tərk etməsi ilə əlaqədar müvafiq orqana müraciət etmişdir. Buna görə də, iddiaçının hərbi hissəyə girmə əmri olsa da, hərbi hissədən çıxma əmri yoxdur. Qeyd olunan məsələyə görə dəfələrlə cavabdehə müraciət etsə də, iddiaçıya müharibə veteranı adı verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2022-ci il tarixli, 11/1785 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmişdir. Etirazda iddianın təmin edilməsini istisna edən hüquqi və faktiki əsasları sadalamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultətiv deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmər keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi (hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissəyə daxil olması, hrbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmas); bunun müvafiq sənədlərdə əks etdirilməsi (bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da daxil edilmişdir). Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin olunmasını istisna edən faktiki əsaslara gəldikdə isə, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3079 nömrəli məktubundan görünür ki, iddiaçı 877(704) nömrəli hərbi hissə komandirinin sentyabr-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin N2-ci il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 277 nömrəli əmrində və N nömrəli hərbi hissə komandirinin may-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Nəzərə çatdırılır ki, İddiaçı hansı şəraitdə yaralanması, hospitaldan müalicə olunduqdan sonra yenidən hərbi xidmətə qayıdaraq şəxsi heyətin siyahısına daxil edilməklə qazan təminatına qoyulması, habelə onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair müvafiq arxiv arayışında arxiv məlumatları qeyd edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, iş materialına əlavə edilmiş İddiaçı barəsində Qarabağ Qarnizonu Hərbi Prokurorluğunun qəbul etdiyi 18 may N8-ci il tarixli qərarından görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar hərbi hospitala göndərilmiş, lakin sonuncu hopsitala getməyərək evinə qayıtmış və bir daha hərbi hissəyə gəlməmişdir. Həmçinin sözü gedən qərarda, təhqiqat üçün zəruri olan sənədlərin toplandığı və İddiaçı izahatında qeyd edilən faktın doğruluğunu (xəstəliyi ilə əlaqədar hərbi hospitala göndərilmiş, lakin sonuncu hopsitala qetməyərək evinə qayıtmış və bir daha hərbi hissəyə gəlməmişdir.) təsdiq etdiyi qeyd edilmişdir. Bundan başqa iddiaçının Qarabağ Qarnizonu Hərbi Prokurorlığuna gələrək ərizəsində Azərbaycan Respublikası Milli Məcəlləsinin 241-ci maddəsində nəzərdə tutulan cinayəti tam etiraf edərək barəsində Azerbaycan Respublikası Milli Məcəlləsinin xx.xx.N7-ci il tarixli Amnistiya aktının tətbiq edilməsini xahiş etdiyi, Qarabağ Qarnizonu Hərbi Prokurorluğunun Amnistiya aktının 1,1-cl maddəsinə əsasən sonuncunun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdiyi sözü gedən qərarda öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiagnn "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, M-2295 nömrəli arayışı, Qarabağ qarnizonu hərbi prokurorluğunun xx.xx.N8-ci il tarixli qərarının surəti, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli, 9/2-13111 nömrəli arxiv arayışı, cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-1196 nömrəli imtinası, cavabdehin xx.xx.2022-ci il tarixli, 11/1785 nömrəli etirazı, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-3079 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Məhkəmə qeyd edir ki, istinad edilən maddi hüquq normalarının təhlilinə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı, iddiaçı barəsində Qarabağ qarnizonu Hərbi Prokurorluğunda cinayət təqibinə başlanması, daha sonra xx.xx.N8-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş həmin qərarın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndində nəzərdə tutulmuş cinayəti etiraf etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etsə də, sonradan hərbi xidmətdən boyun qaçırmaq məqsədilə xidmət yerini özbaşına buraxıb getməsi ilə bağlı cinayət törətmiş, lakin amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edildiyindən, ona münasibətdə «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci hissəsi tətbiq oluna və müharibə veteranı adı verilə bilməz. Beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar