Məhkəmə qərarları › İş №2-1(114)-1443/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1443/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1443/2020 31.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bərdə rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bərdə rayon şöbəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə 1990, 1997 və 1998-ci il tarixə kimi Bərdə rayon Azərbaycan və Qazaxlar kolxozlarında (AİM)-də işləməsinə dair 139 saylı xx.xx.2019-cu il tarixli Bərdə rayon Dövlət Arxivinin arayışında qeyd edilən iş stajının tam il kimi nəzərə alınmasını və ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə pensiyaya çıxması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət edərək, pensiyasının hesablanması zamanı Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 139 saylı arayışında qeyd edilən 1973-1974, 1977-1998-ci il tarixə kimi nəzərə alınmasını xahiş etmiş, lakin cavabdeh sənədlərini özünə qaytararaq ona pensiya təyin etməmişdir. Belə ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 139 saylı arayışında qeyd edilən 1973-1974, 1977-1998-ci il tarixə kimi Bərdə rayon Azərbaycan və Qazaxlar kolxozlarında (AİM)-də işləməsi öz təsdiqini tapsada cavabdeh ******* saylı əmək kitabçasında 1997-1998-ci illərin qeyd edilmədiyi və eyni zamanda xx.xx.2019-cu il tarixli 139 saylı Arxiv arayışında 1990-cı ilin adam günü və əmək günü yazılmadığı üçün həmin illəri nəzərə almayaraq xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubla bundan imtina etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək 1973, 1997 və 1998-ci illərin sosial sığorta stajına daxil edilməsini və ona pensiya təyin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Nazirlik tabeliyində Dövlət X6 X7 Bərdə rayon filialına ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi sənədlərə (şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, 1973-1998-ci illərdə kolxoza aid arxiv arayışı, 1974, 1977-1996-cı illərdə işlədiyi barədə əmək kitabçası və 1974-1976-cı illərdə hərbi xidmətdə olması barədə arayış, fiziki şəxs kimi vergi ödəyicisi olmağı barədə 01.01 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödəniş qəbzləri) şöbənin pensiya təyin edən komissiyasında baxılmış və kolxoza aid iş stajı əmək kitabçasında olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Əmək kitabçası, hərbi xidmət dövrü və vergi ödəyicisi kimi fəaliyyət dövrü də nəzərə alınmaqla qəbul edilən 22 il 21 gün sosial sığorta stajı var. Kolxozda işlədiyi 1973, 1997-1998-ci illərə aid əmək kitabçası olmadığından “Əmək pensiyaları haqqında“ qanunun 3-cü Fəsil 3.1.1-ci bəndinə əsasən sosial sığorta stajına daxil edilmir. İddiaçı kolxoza aid 3 il sosial sığorta stajı məhkəmə qaydasında təsdiq olunduğu halda cəmi 25 il 21 gün sığorta stajı olacaqdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğu üçün pensiya hüququ xx.xx.2020-ci il tarixdən etibarən yaranmışdır. Nəzərə alnan staj vergi ödəyicisi kimi fəaliyyət dövrü, əmək kitabçasında və hərbi biletdə qeyd edilən dövr 22 il 21 gün təşkil edir. Nəzərə alınmayan staj Arxiv arayışı 3 il təşkil edir. (Hərbi) 1 İİ 11 ay 21 gün 1974-1976-cı illər, (kolxoz əmək kitabçasında ) 19 il 7 ay 1974, 1977-1996-cı illər, (kolxoz arxiv arayışında) 3 il 1973, 1997- 1998-ci illər, Hesablanma qaydası: 1 il 11 ay 21 gün + 19 il 7 ay + 3 iİ + 6 ay = 25 il 21 gün. (25x(306)=7650+8.3%+16.7%+20.8%+1.5%+5.7%+7.9%+1.1%+2.4%+1,4%+4%+12.4%+ 5.7%=21061.52:144=146.26, 21061.52-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, 144-gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, 146.26 manat cəmi pensiya, 200 manat ödəniləcək pensiya) təşkil edir. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 134 nömrəli məktubuna əsasən AİM-lər 1995-1999-cu illərdə əmək haqqı cədvəllərində əməkgünü sözü yerinə əməkhaqqı sözü qeyd olunmuşdur. İllik pullar ayrı göstərilmişdir. Odur ki, İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli 139 nömrəli Arxiv arayışında qeyd edilən 1995-1998-ci illərin tam il olaraq sosial sığorta stajına daxil edilir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli bildirişi, xx.xx.2019-cu il tarixli 139 nömrəli arxiv arayışı, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 134 nömrəli arxiv məktubu, iddiaçının ******* nömrəli əmək kitabçası və iddiaçıya aid **********2 nömrəli pensiya işi təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasında iddiaçının 1974-1996-cı illərdə işləməsi göstərilmişdir. Bərdə rayon Dövlət Arxivinin Bərdə «ASAN XİDMƏT» Mərkəzinə verdiyi xx.xx.2019-cu il tarixli 139 nömrəli arayışında iddiaçının 1973,1998-ci illərdə Azərbaycan-Qazaxlar kolxozlarında işləyərək qazandığı əmək haqqı qeyd olunmuşdur. Bundan başqa Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 134 nömrəli məktubda (AİM) 1995-1999-cu illərdə əmək haqqı cədvəllərində əməkgünü sözü yerinə əmək haqqı sözü qeyd olunmuş və illik pul ayrı göstərilmişdir. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında sözügedən əmək kitabçasında, arxiv arayışında və məktubda qeyd olunan illərə dair iş stajının tam il olaraq soaial sığorta stajına daxil edildiyini bildirmişdir. Məhkəmə gəldiyi nəticənin daha aydın olması üçün göstərir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, arxiv arayışında göstərilən illərin İddiaçı sosial sığorta Stajına daxil edilməsi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələbinə görə tələb olunan staj 25 il olmalıdır ki, hazırki işdə iddiaçının stajı 25 il 21 gün təşkil edir. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 X5 Bərdə rayon filialının üzərinə İddiaçı 1973, 1997 və 1998-ci illər ərzində Bərdə rayon Azərbaycan və Qazaxlar kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar