Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1443/2021 13.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli, 329 nömrəli və 26 aprel 2013-cü il tarixli, 676 nömrəli sərəncamlarının ləğv olunması tələbinə dair iş üzrə prosessual müddətin bərpası barədə iddiaçının nümayəndəsinin (vəkili) ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X2) 23.06.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli, 329 nömrəli və 26 aprel 2013-cü il tarixli, 676 nömrəli sərəncamlarının ləğv olunması barədə qərar qəbul ediməsini xahiş etmişdir. İşin hazırlıq icraatı iclası 13.09.2021-ci il tarixə təyin edilmiş, iddiaçı və cavabdehin nümayələri məhkəmə iclasına gəlmişlər. Üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X8 məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin müddətin üzürlü səbəbdən buraxılmasını heç bir əsasla əsaslandıra bilməmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyündən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X8 məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən sərəncamlardan yalnız bu günlərdə xəbər tutmuş və ona görədə prosessual müddət ondan asılı olmayan səbəbdən buraxılmışdır. Belə ki, İddiaçı şikayəti üzrə Gəncə Apelyasiya Məhkəməsində işə baxılan zaman X2 tərəfindən ərizəyə əlavə olunmuş sənədlərin surəti istənilmiş və həmin sənədlər, o cümlədən Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli, 329 nömrəli və 26 aprel 2013-cü il tarixli, 676 nömrəli sərəncamları iddiaçıya 16.06.2021-ci il tarixdə təqdim olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İddiaçının nümayəndəsinin prosessual müddətin bərpa edilməsi barədə ərizəsində göstərilmiş haları araşdırmaq məqsədi ilə məhkəmə sorğu əsasında Gəncə Apelyasiya Məhkəməsindən tələb edilərək araşdırılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2464/2014 saylı mülki işin materiallarından müəyyən olunur ki, ərizəçi X2 məhkəməyə müraciət etmiş və müraciəti nəticəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.08.2014-cü il tarixli, 2(044)-2464/2014 saylı qətnaməsi qəbul edilmiş, həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(104)-2483/2021 saylı qərardadı ilə məhkəmənin qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Mülki işin materiallarından müəyyən olunur ki, iş Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan zaman İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək sözügedən mülki işdə ərizəçi X2 tərəfindən ərizəyə əlavə edilmiş sənədlərin surətinin ona verilməsini xahiş etmiş və məhkəmə ərizəyə əlavə edilmiş sənədlərin surətini onun nümayəndəsi Camal Əliyevə 16.06.2021-ci il tarixdə təqdim etmişdir. Mülki işin materiallarına əlavə edilmiş ərizənin qoşma hissəsindən və iş materiallarından müəyyən olunur ki, ərizəyə Cavabdeh başçısının yalnız 26.04.2013-cü il tarixli, 676 saylı sərəncamı əlavə edilmiş, lakin hazırda mübahisələndirilən 25.02.2013-cü il tarixli, 329 saylı sərəncamı əlavə edilməmişdir. Halbuki iddiaçının nümayəndəsi C.Əliyev məhkəməyə təqdim etdiyi prosessual müddətin bərpa olunmasına dair ərizəsində hər-iki sərəncamın ona Gəncə Apelyasiya Məhkəməsində təqdim olunduğundan və yalnız həmin sərəncamların ona orada təqdim olunduğu vaxtdan mövcudluğu barədə məlumat almasını qeyd etmişdir. Bundan əlavə məhkəmə araşdırması nəticəsində məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına sorğu edilmiş və Arxivin 13.08.2021-ci il tarixli, 860(245)/3 saylı məktub ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25.02.2013-cü il tarixli, 329 nömrəli və 26.04.2013-cü il tarixli, 676 nömrəli sərəncamlarının və sərəncamların verilməsinə əsas olmuş sənədlərin araşdıran zaman müəyyən edilmişdir ki, X3 ilə İddiaçı birgə ərizə ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısı E.Vəliyevə ərizə ilə müraciət etmişlər və Gəncə şəhəri, V.Xuluflu küçəsindəki “Şah sarayı” şadlıq sarayının qarşısında kafe tikintisi üçün 302.0 kv.m torpaq sahəsi ayrılmasına və ətrafdakı boş sahənin istifadələrinə verilməsinə göstəriş verilməsini xahiş etmişlər. Göründüyü kimi hazırda iddiaçının nümayəndəsi Camal Əliyev iddiaçı tərəfindən mübahisələndirilən sərəncamların mövcudluğu barədə məlumatı Gəncə Apelyasiya Məhkəməsində mülki işə baxılan zaman almasını qeyd etsə də, qeyd edilən halı nə ərizəsində nə də, məhkəmə iclasında sübuta yetirə bilməmiş, sərəncamların ləğvi barədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətin üzürlü səbəblərdən buraxıldığını təsdiq edən hər-hansı sənəd və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmək istəyir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinin tələblərinə əsasən isə, inzibati aktda ona qarşı mümkün hüquqi vasitələri, bu hüquqi müdafiə vasitələrindən istiufadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli, 329 nömrəli və 26 aprel 2013-cü il tarixli, 676 nömrəli sərəncamlarının ləğv olunması tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da, həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Bu isə onun iddiasını qeyri-mümkün edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında iddia müddəti ilə bağlı qeyd etmişdir ki, mülki hüquqda bu institut mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Qanunverici konkret şəxsə məxsus olan mülki hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddətini şamil edir. (X.Xəlilovun şikayəti üzrə 16.01.2009-cu il tarixli qərarı). İddia müddətinin tətbiqinə beynəlxalq qanunvericilikdə də xüsusi önəm verilir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı yuxarıda qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatda da, iddiaçının nümayəndəsi prosessual müddətin ötürülməsi ilə bağlı əsaslı səbəb təqdim edə bilməməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi (vəkili) X8 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli, 329 nömrəli və 26 aprel 2013-cü il tarixli, 676 nömrəli sərəncamlarının ləğv olunması tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1443/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1443/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver