Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1445/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Goranboy rayon X1 19.07.2006-cı il tarixli 19 nömrəli qərarına əsasən İddiaçı (bundan sonra mətndə - iddiaçı) bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 3000 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin tarixdə iddiaçının, Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Q.Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin müdiri B.Vəliyev, şöbənin baş məsləhətçisi F.Məmmədov, bələdiyyə sədri M.Əliyev, kənd Ərazi İcra nümayəndəsi S.Əzizov, Goranboy rayon GEM-nin direktoru R.Dadaşov, Goranboy rayon Elektrik Şəbəkəsinin direktoru M.Nəcəfov, Goranboy rayon X2 xidməti rəisi F.Əhmədov, Goranboy rayon Telekommunikasiya Qovşağının rəisi H.Muxtarov, 19 saylı Yol İdarəsinin müdiri M.Əkbərov, Goranboy rayon Qaz İdarəsinin rəisi İ.Məmmədovun iştirakları ilə yerin seçilmə aktı tərtib edilmiş, 25.07.2006-cı il tarixdə isə bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (Goranboy rayon Ərazi İdarəsi) tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0.30 hektar torpaq sahəsi iddiaçıya məxsusdur, iddiaçının mülkiyyət hüquqları **********76 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 10.08.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən **********76 reyestr nömrəsi ilə mülkiyyət hüququ tanınmış 0,30 hektar torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi ilə bağlı 20.04.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etsə də, cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. İmtinada bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində 10.08.2006-cı il tarixdə **********76 reyestr nömrəsilə tək çıxarışla qeydə alınan 0,30 ha sahibkarlıq məqsədli torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün arxiv sənədlərinə baxılmış və ləğv edilmiş DT və XK-nin Goranboy rayon şöbəsi tərəfindən kadastr planının hazırlanmadığı müəyyən edilmişdir. Ərazi İdarəsinin Goranboy rayon şöbəsinin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsi yerləşən əraziyə baxış keçirilən zaman təqdim olunmuş ilkin yerquruluşu sxeminə əsasən koordinatların naturada dəqiq müəyyənləşdirilməməsi səbəbindən 0,30 ha sahibkarlıq məqsədli torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması mümkün olmamışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19.07.2006-cı il tarixdə Goranboy rayonu, Aşağı Ağcakənd bələdiyyəsindən 0,30 ha torpaq sahəsi almışdır. Torpaq sahəsinin alarkən ona 1)torpaqların alqı-satqısına dair 19.07.2006-cı il tarixli akt, 2)bələdiyyənin 19.07.2006-cı il tarixli 19 saylı qərarı, 3)19.07.2006-cı il tarixli yerin seçilmə aktı və 4)yerquruluşu planından çıxarışın surəti verilmişdir. Qeyd olunan sənədləri təqdim edərək 10.08.2006-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən reyestr nömrəsi **********76 olan Çıxarış almışdır. Həmin torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi ilə əlaqədar 20.04.2021-ci il tarixdə cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz hesab edir. Tələbinin hüquqi əsaslığı ondan ibarətdir ki, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,30 ha torpaq sahəsinə tam mülkiyyət hüququ vardır və bu mülkiyyət hüququ ilə bağlı hər hansı mübahisə yoxdur. Torpaq sahəsi hər hansı müdaxilədən kənar uzun illərdir ki, onun mülkiyyətindədir. Cavabdeh orqanın əməkdaşları sadə ölçmə işləri aparmaqla torpaq sahəsinə plan və ölçü sənədi verə bilərlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. 12.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 imtinada qeyd olunanları müdafiə etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini torpaqların alqı-satqısına dair 19.07.2006-cı il tarixli aktın təsdiqlənmiş surəti, Goranboy rayon X1 19.07.2006-cı il tarixli 19 saylı qərarının təsdiqlənmiş surəti, 19.07.2006-cı il tarixli yerin seçilmə aktın təsdiqlənmiş surəti, yerquruluşu planından çıxarışın təsdiqlənmiş surəti, MH seriyalı ******* nömrəli Çıxarışın notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin 07.06.2021-ci il tarixli **********139 nömrəli imtinası, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin 19.08.2021-ci il tarixli **********33 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən 0.30 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir və bu hüququ ilə bağlı qeydiyyat dövlət reyestrində aparılmışdır. Hazırki işdə iddiaçı ona daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədinin verilməsini tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə istinad olunmalıdır. Həmin Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»n 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın və «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi mütləqdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və bu imtinasını faktiki və hüquqi baxımdan əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. 10.08.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli (**********76 reyestr nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 0,30 hektar torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1445/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1445/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver