Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1445/2022 11.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyəti qarşı (üçüncü şəxslər X8 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi) qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X3 adına tərtib edilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair eskiz layihənin təsdiq edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və həmin eskiz-layihənin təsdiq edilməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 vəfat etdikdən sonra anası mərhum X15 ilə birgə nikah dövründə əldə etdikləri mülkiyyət - ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1984-cü il tarixdə vərəsəlik qaydasında anasının, digər 1/2 hissəsi də qanun üzrə vərəsəlik qaydasında vərəsələrin bir hissəsinin X10, İddiaçı, qardaşları X6 və X3 arasında bölünmüşdür. Hər iki -5289 və 5290 saylı, xx.xx.1984-cü il tarixli vərəsəlik şəhadətnamələri əsasında Azərbaycan SSR rayon, şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinin texniki inventarizasiyası bürosonun reyestr kitabında qeydə alınmış qeydəalma vəsiqəsinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının, anası X10, qardaşları X7 və X3 mülkiyyətinə verilmişdir. Həmin evin yerləşdiyi 79803 kv.m torpaq sahəsi isə 08 fevral 1943-cü il tarixli Şəhər Sovetrinin qərarı əsasında verilmiş “Torpaq qeydi” ilə atası X2 mülkiyyətinə verilmişdir. Ancaq, iddiaçıya indi məlum olmuşdur ki, o və digər şəxslərin, eləcə də mərhum anasının mülkiyyətində olan fərdi vaşayış evinə dair saxta layihə - smeta qardaşı Məhəmməd Hüseynovun adına işlənilmiş və Qazax RİHnin baş memarı Mehdi Həsənov tərəfindən 2016-cı ildə imza və möhürlə təsdiq edilmişdir. Yəni, iddiaçının adına olan ev digər adamın adına layihələndirilimiş və təsdiq edilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin saxtakarlığı və nəzarətsizliyi əsasında isə həmin layihə əsasında digər sənədləşmə işləri və digər saxtakarlıqlar edilmişdir. Həmçinin evə bitişik olan ünvan 4 ünvanında yerləşən digər evləri də qanunsuz olaraq, həmin layihəyə əlavə etmişlər. Layihə təsdiq edilərkən heç bir araşdırma aparılmamışdır. Həmçinin cavabdeh orqan həmin eskiz-layihənin təsdiq edilməsi ilə bağlı qərar qəbul edərkən, yaxud təsdiq etməklə ifadə olunan hərəkətlər edərkən haqlı olmamış, qanun pozuntularına yol vermişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi işə nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə hazırki tələblə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində yaşayış evinə dair eskiz layihənin təsdiq edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsini və həmin eskiz-layihənin təsdiq edilməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etsə də, Qazax Rayon Dövlət X1 adına olan fərdi yaşayış evinə dair tərtib edilən eskiz-layihə və Sərəncam aşkar edilməmişdir ("Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən şəhər, rayon hakimiyyət orqanlarının sənədləri 5 il müddətindən sonra Dövlət Arxivinə təhvil verilir). Bundan əlavə, iddiaçı özü də məhkəmə iclasında mübahisələndirilən qərarın rekvizitləri (tarixi, nömrəsi, kim tərəfindən verilməsi və.s) və məzmunu barədə məlumat verə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü rekvzitləri göstərilməlidir. Odur ki, tələbin əsasının, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunmasının iddia ərizənizdə qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyəti qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1445/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1445/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver