Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1446/2022 13.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə rayonu Həsənqaya bələdiyyəsi) qarşı “hüquqların dövlət reyestrində qeydiyyata alınması, plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bərdə rayonu Həsənqaya bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0,20 ha torpaq sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “İddia ərizəsində buraxılan texniki qüsurların aradan qaldırılması barədə” vəsatət təqdim edərək iddia ərizəsində cavabdeh qismində göstərilmiş Bərdə rayonu Həsənqaya Bələdiyyəsini cavabdeh deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuş, Bərdə rayonu Həsənqaya Bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasları xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş, bu barədə iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçılar məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən
1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə rayonu Həsənqaya bələdiyyəsi) qarşı “hüquqların dövlət reyestrində qeydiyyata alınması, plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zəfər Quliyev