Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1449/2022 20.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı 18.04.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 19.11.2021-ci il tarixli, **********7 nömrəli Qərarı əsassız olduğundan ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 20.02.2018-ci il tarixli Tibbi-Sosial Ekspertiza Müayinəsinin 0328b683-0949- 4a6c-9364-dbeeb2a7303e nömrəli çıxarışına əsasən OU- Görmə sinirinin hissəvi atrofiyası, hər iki gözün zəifləməsi VOD=0,05 k/etmir. VOS=0,07 k/etmir. Mürəkkəb hipermetropik astiqmotizm TSEK-in diaqnozu ilə 2-ci qrup əlil hesab edilmiş, lazımi sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X3 hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının Gəncə şəhər Nizami rayon şöbəsinə təqdim etmiş və ona sosial müavinət təyin edilmişdir. Heç bir problem olmadan 01.10.2019-cu il tarixinədək müavinət almışdır. Həmin ilin oktyabr ayının müavinətini alarkən Ödəniş olunmadığını bilmiş, DSMF-in Nizami rayon şöbəsi ilə əlaqə saxladığında öyrənmişdir ki, vaxtından əvvəl təkrar müayinə üçün Dövlət Tibbi-Sosial Ekspertizasına Bakı şəhərinə getmək lazımdır. Lakin həmin vaxt Respublika ərazisində korona virusla bağlı olan məhdudiyyətlə əlaqədar bu işi yekunlaşdıra bilməmişdir. 09.04.2022-ci il tarixdə Gəncə şəhəri üzrə icra idarəsindən ünvanına tələbin könüllü icrası haqqında bildiriş gəldikdən sonra o, cavabdehdən barəsində qəbul edilən qərarın ona verilməsini tələb etmişdir. Həmin Qərarda cavabdehin “Tələbin icraya yönəldilməsi" haqqında 19.11.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə 20.02.2018-ci il tarixdən 01.10.2019-cu il tarixədək 2-ci dərəcə əliliyə görə ona ödənilmiş 25090 manat 30 qəpik məbləğin geri qaytarılması müəyyən edilmişdir. 2-ci dərəcəli əlil olduğu üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada 25090 manat 30 qəpik məbləğ müavinət kimi ödənilmişdir. Bu məbləğ qanunvericiliyə uyğun olaraq ƏƏSMN-in tabeliyində olan Tibbi- Sosial Ekspertiza Müayinəsinin Rəyi əsasında Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində olan DSMF tərəfindən ödənilmişdir. Bu məbləğin ona ödənilməsində heç bir qanunsuz hərəkət etməmişdir. Cavabdehin 19.11.2019-cu il tarixli **********7 nömrəli qərarı əsassız hesab edir və bu səbəbdən ləğv edilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına Tibbi-Sosial Eksperiza müayinəsindən çıxarış, tələbin icraya yönəldilməsi haqqında **********7 nömrəli, 19.11.2021-ci il tarixli Qərar, Gəncə şəhəri üzrə İcra İdarəsinin 15.03.2022-ci il tarixli, 59574/2022-21-39-004 nömrəli bildirişi, mübahisələndirilən qərarın iddiaçıya göndərilməsi barədə 11.04.2022-ci il tarixli, **********9 nömrəli məktub və zərf əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə tərəfindən iddiaçıya 20.04.2022-ci il tarixli məktubla lazımi hüquqi yardım göstərildikdən sonra iddiaçı 28.04.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, lakin 20.05.2022-ci il tarixli məhkəmə iclasında işə baxılarkən prosessual müddətin buraxılmadığı müəyyən olunmuşdur. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. İşdə olan materiallar arasında yer alan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının **********7 nömrəli, 19.11.2021-ci il tarixli, “Tələbin icraya yönəldilməsi haqqında” Qərarından görünür ki, İddiaçı 20.02.2018-ci il tarixdən 01.10.2019-cu il tarixədək İİ dərəcə əlilliyə görə Əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı əlilliyi 20.02.2018-ci il tarixdən 01.10.2019-cu il tarixədək İİ dərəcəli əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən ehtibarsiz edildiyi üçün nəticədə 25090 manat 30 qəpik məbləğində artıq alınmış vəsait yaranmışdır. Yaranmış 25090 manat 30 qəpik vəsaitin Dövlət Sosial X3 Hüquqi Şəxsin 18 saylı Regional ərazi filialının hesabına qaytarılması haqda İddiaçı bildiriş göndərilmiş, lakin artıq ödənilmiş 25090 manat 30 qəpik məbləğin bərpası təmin edilməmişdir. Buna görə də qərara alınmışdır ki, İddiaçı tərəfindən 25090, 30 manat vəsaitin bərpası icraya yönəldilsin. Gəncə şəhəri üzrə İcra İdarəsinin iddiaçıya ünvanladığı 15.03.2022-ci il tarixli, 59574/2022-21-39-004 nömrəli bildirişdə qeyd olunmuşdur ki, 15.03.2022-ci il tarixli qərarla icraata başlanılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının **********7 nömrəli, 19.11.2021 -ci il tarixli icra sənədində göstərilən tələbin 5 gün müddətində könüllü icra etməyi xahiş olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlər toplusundan müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış, hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması barədə onun yaşadığı ünvanına İcra İdarəsi tərəfindən bildiriş göndərilməsi nəticəsində iddiaçı sözügedən qərardan xəbərdar olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə iddiaçının razılığı olmadığından, habelə həmin məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq **********7 nömrəli, 19.11.2021-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X3 Hüquqi Şəxsinin 18 saylı Reginal Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” **********7 nömrəli, 19.11.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” **********7 nömrəli, 19.11.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1449/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1449/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver