Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1451/2023 24.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Tələbkar İddiaçı borclu X3 qarşı qərarın ləğvi və aliment borcunun müəyyən edilməsi tələblərinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı Tələbkar İddiaçı borclu X3 qarşı qərarın ləğvi və aliment borcunun müəyyən edilməsi barədə tələblərinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(62)-851/2014 nömrəli qətnaməsi ilə X5 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli 13 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2009-cu il ildə anadan olmuş Nurayın İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş Nurayın İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir.
2. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə aliment borcunun hesablanması haqqında qərar qəbul edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(62)-851/2014 nömrəli icra sənədi üzrə borclu X2 aliment üzrə borcunun xx.xx.2022-ci il tarixə 6923 (altı min doqquz yüz iyirmi üç) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır.
3. Tələbkar İddiaçı borclu X3 qarşı iddia (şikayət) ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarının qismən ləğv edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən aliment borcunun xx.xx.2022-ci il tarixə 10400 (on min dörd yüz) manat məbləğində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsi ilə tələbkar İddiaçı ilə borclu X5 arasında 03 avqust 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il tarixli X7 adlı uşağın tələbkarın yanında qalması və uşağın saxlanılması üçün hər ay sabit pul mabləği şəklində 100 manat alimentin ödənilməsi qət edilmişdir. Qətnamə alimentin alınması hissəsində icra edilməsi üçün Tovuz rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu Ramil Allahverdiyev bu günə kimi tələbkar İddiaçı heç bir aliment ödəməmiş, öz qızı ilə maraqlanmamış, onun xərclərində iştirak etməmişdir. 30 may 2014-cü il tarixdən bu günə kimi yığılmış 10400 (on min dörd yüz) manat aliment məbləği Ramil Allahverdiyevdən alınaraq Aytakin Zeynalovaya verilməlidir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov onun "xxxx" ASC-yə ödədiyi kredit ödənişlərinin çeklərini aliment ödənişini təqsdiq edən sənəd kimi qəbul edərək, həmin məbləği ümumi alimet məbləğindən çıxmış və xx.xx.2022-ci il tarixli qərarla aliment borcunu 6923 (altı min doqquz yüz iyirmi üç) manat hesablamışdır. Halbuki, Ramil Allahverdiyevin ona aliment borcu 10400 (on min dörd yüz) manat təşkil edir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsinə əsasən aliment həmin vaxtdan hesablanır və bu günə kimi 104 (yüz dörd) ay keçmişdir. Buna görə də 30 dekabr 2022-ci il tarixə aliment borcu 10400 (on min dörd yüz) (104 ay x 100 m=10.400) manat təşkil edir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır.
7. Belə ki, İddiaçı Tovuz rayon icra və probasiya şöbəsinin aliment borcunun hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarını inzibati məhkəmə icraatında iddia qaydasında mübahisələndirir.
8. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.
11. Həmin Qərarın yekununda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair bir çox qərarlarında ifadə etdiyi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.
13. Həm icra haqqında qanunvericilikdən, həm Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
14. Qanunvericilikdə icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edilsə də, burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur və pozulması ehtimal olunan hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılması istisna edilir. Belə ki, icra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2-1(102)- 2242/2019) nömrəli qərarlarında da qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.
16. Hazırkı iş üzrə İddiaçı tələbi də bilavasitə Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(62)-851/2014 nömrəli icra sənədinin həmin icra qurumu tərəfindən icra icraatı ilə bağlıdır. Belə ki, o, həmin icra sənədi üzrə aliment borcunun hesablanmasına dair icra məmurunun qərarını mübahisələndirərək, aliment borcunun düzgün müəyyən edilməsini xahiş etməklə, bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır.
17. Göründüyü kimi, iddiaçının mübahisəsi Tovuz rayon icra və probasiya şöbəsinin icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyəti ilə bağlıdır ki, bu halda İddiaçı aliment borcunun hesablanmasına dair icra məmurunun qərarının ləğv edilməsi ilə bağlı tələbi tərəfindən müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verilməklə mübahisələndirilə bilər. Çünki, yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 26-cı maddəsində göstərilən şikayətə baxan məhkəmənin elə icra sənədini verən (eyni zamanda icraya nəzarət etməli olan) məhkəmədir.
18. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
19. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.
20. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.
21. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.
23. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
24. Beləliklə, məhkəmə belə qərara gəlir ki, İddiaçı müvafiq əsasların mövcudluğu halında icra məmurunun qərarını mübahisələndirmək üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir.
25. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciətində ərizəsini şikayət ərizəsi adlandırmış, özünü tələbkar, X4 isə borclu qismində göstərmişdir ki, belə forma və məzmunda iddia ilə inzibati məhkəmədə iddia qaldırılması yolverilməzdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
29. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
30. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəsi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva