Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1451/2025 07.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı zərərin naturada ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X4 və X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Naftalan şəhər D.T.İ.M.H.Q və Ş.K.İ tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 47a nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış və texniki pasport tərtib edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 3/71 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 1ndə yerləşən qeyri-yaşayış obyekti 47A qeydiyyat nömrəsi ilə xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
3. Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçıya məxsus Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən mağazanın şəhərin memarlıq üslubuna xələl gətirdiyinə görə sökülüb götürülməsi məqsədəmüvafiq hesab edilmiş və gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsi verilən zaman o da torpaq sahəsi ilə təmin ediləcəkdir.
4. Cavabdeh Ş-5-149/18 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən iddiaçıya məxsus mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürülmüşdür. Gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulur.
5. Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus yararsız tikilinin sökülüb götürülməsi üçün tərəflərindən rəsmi məktub göndərilmişdir. Eyni zamanda vətəndaşla telefon əlaqəsi yaradılmış və tikilisinin sökülüb götürülməsi xahiş edilmişdir, cavab olaraq İddiaçı özünün ərazidə olmadığı üçün nümayəndəsini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri, bacısı oğlu X2, həyat yoldaşının yaxını X5 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmişlər və tikiliyə aid yararlı tikinti materiallarını sökərək götürüb aparmışlar.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********40 nömrəli məktubundan görünür ki, İddiaçı adına olan xx.xx.2005-ci il tarixli, 47A saylı qeydiyyat vəsiqəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə məlumat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin arxiv məlumatlarında aşkar edilməmişdir.
7. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-4/2-137/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Naftalan şəhər ərazisində Elektron uçot xəritələri işlənilən zaman bəzi çatışmazlıqlar müəyyən olunmuşdur. Odur ki, elektron uçot xətirələrində çatışmazlıqlar aradan qaldırıldıqdan və düzəlişlər olunduqdan sonra müvafiq ərazidən sahibkarlıq məqsədilə şəhər sakinlərinə torpaq sahəsi ayrılan zaman vətəndaş İddiaçı müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır.
8. Məhkəmənin sorğusuna Tərtər rayon Xüsusi Notariusunun xx.xx.2024-cü il tarixli 415 nöömrəli cavab məktubunda bildirilmişdir ki, 2022-ci il ərzində Naftalan şəhər dövlət notariat ofisində qeyri-yaşayış binalarının alqı-satqısı ilə bağlı hər hansı bir alqı-satqı müqaviləsi təsdiq edilməmişdir. Ona görə də, yuxarıda qeyd edilən sorğunun onlar tərəfindən cavablandırılması qeyri-mümkündür.
9. Mübahisə predmetinə xx.xx.2025-ci il tarixdə keçirilmiş yerində müayinə baxışı zamanı müəyyən edilmişdir ki, Nizami küçəsinin sağ və sol tərəfində yaşıllaşdırılmış və ağaclar əkilmiş sahələr var. Cavabdeh İcra Hakimiyyətinin nümayəndələri həmin ərazilərin Heydər Əliyev parkının ərazisi olduğunu bildirdilər. İddiaçı isə həmin ərazinin park ərazisinə heç bir aidiyyətinin olmadığını bildirdi (şəkil 1, 2,3). Nizami küçəsindən üzüaşağı H.Əliyev prospektinə düşən zaman cavabdehin nümayəndələri tərəfindən parkın ərazisi kimi təqdim edilən sahənin daxilində gümbəz formalı qeyri-yaşayış binasının mövcud olduğu və çayxana kimi istifadə edildiyi müəyyən edildi. Cavabdehin nümayəndələri həmin qeyri-yaşayış binası görünüşcə parkın gözəlliyinə xələl gətirmədiyi üçün sökülmədiyini bildirdilər (şəkil 2, 3). Habelə həmin mağazanın arxa tərəfində təmirsiz, istifadəsiz qalmış üçmərtəbəli qeyri-yaşayış sahəsinin olduğu müəyyən edilir. Cavabdehin nümayəndələri həmin qeyri-yaşayış binasının sanatoriya binası olduğunu və sökülməsinin qeyri-mümkün olduğunu bildirdilər (şəkil 2, 3). Nizami küçəsindən üzüaşağı H.Əliyev prospektinə düşən zaman istifadəsiz qalmış üç mərtəbəli qeyri-yaşayış sahəsindən yuxarı tərəfdə köhnə tikilişli mağaza binalarının (iddiaçıya məxsus sökülmüş mağaza binasından təxminən 100 metr yuxarı hissədə yerləşən) sökülmədiyi müşahidə olundu. Cavabdehin nümayəndələri həmin mağaza binalarının yerləşdiyi ərazinin H.Əliyev parkının ərazisinə aidiyyəti olmadığı, park ərazisinə düşmədiyi üçün sökülmədiyini, park ərazisinin başlanğıc ərazisi kimi məhz üçmərtəbəli qeyri-yaşayış sahəsindən başlandığını bildirdilər (şəkil 4, 5, 6). Nizami küçəsindən üzüaşağı düşən zaman H.Əliyev prospekti ilə perpendikulyar kəsişmə yaranır ki, həmin kəsişmə sahəsinin solunda əsasən geyim və xırdavat məhsulları satılan və mişar daşı ilə inşa edilmiş iki ədəd mağaza binalarının yerləşdiyi, onların arasında isə bir ədəd üz tərəfi taxta ilə örtülmüş, yan tərəfdən isə qırmızı kərpiclə hörülmüş bir ədəd istifadəsiz qeyri-yaşayış sahəsinin olduğu müəyyən edildi. Cavabdehin nümayəndələri həmin mağaza binalarının da təmir-bərpa işləri apardığından və şəhərin baş planına uyğun olduğundan, görünüşcə parkın gözəlliyinə xələl gətirmədiyindən sökülmədiyini və onların yerləşdiyi ərazinin də park ərazisi olduğunu bildirdilər (şəkil 7, 8, 9, 10). Nizami küçəsindən üzüaşağı düşən zaman H.Əliyev prospekti ilə perpendikulyar kəsişmənin sağından yolu keçən tərəfdə iki ədəd inşa edilməkdə olan qeyri-yaşayış binaları müşahidə edildi. Cavabdehin nümayəndələri həmin qeyri-yaşayış sahələrinin şəhərin baş planına uyğun inşa ediləcəyini və onların yerləşdiyi ərazinin də park ərazisi olduğunu bildirdilər (şəkil 11).
10. Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 155/Mİ/25 nömrəli qiymətləndirmə rəyi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 13.3 kv.m olan sökülmüş “A”mağaza adlı qeyri-yaşayış binasının 2022-ci ilin mart-aprel ayına olan bazar dəyəri 24500 (iyirmi dörd min beş yüz) manat, hazzırki dövrə bərpa (inşa) dəyəri 9510 (doqquz min beş yüz on) manat təşkil edir. II. Məhkəmədə icraat
11. İddiaçı Cavabdehnə qarşı ünvan 1ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti onun mülkiyyətində olmaqla hüquqların 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyriyaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmışdır. Naftalan şəhərindən kənarda olarkən Cavabdeh nümayəndələri həmin ünvana gəlmiş və mülkiyyətində olan həmin qeyriyaşayış obyektini qanunsuz şəkildə sökmüşlər. O ünvana getdiyində qeyri-yaşayış obyektinin iradəsindən kənar şəkildə söküldüyünün şahidi olmuşdur. Bu vaxta qədər bir neçə dəfə şifahi olaraq icra hakimiyyətinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, qeyri-yaşayış obyektinin tikilərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş və tələb etsə də, heç bir faydası olmamışdır. Buradan belə bir fikir yaranır ki, Cavabdeh işçiləri qanunlara hörmət etmir, məhəl qoymur və vəzifə səlahiyyətlərini aşmağı, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi özlərinə borc bilirlər. Ümumiyyətlə, heç bir şəxsin və orqanın hər hansı bir tikilini özbaşına olsa da belə gəlib sökməyə səlahiyyəti və ixtiyarı yoxdur. Bu hərəkətin edilməsi qanuna ziddir və özbaşınalıqdır. Azərbaycan Respublikasının qanunverciliyi mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində və yalnız məhkəmə yolu ilə tikilinin sökülməsi qaydasını müəyyən etmiş, bu sahədə səlahiyyətləri isə ayrı-ayrı qurumlara həvalə etmişdir ki, şəhər (rayon) icra hakimiyyətlərinin birbaşa tikinitini sökmək və ya bu barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Tikilinin yenidən bərpa edilərək ona təhvil verilməsi barədə cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, sökülmüş obyektin əvəzinə torpaq sahəsi ayrılacağı qeyd edilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-244/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-349/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-244/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1887/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-349/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-239/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-244/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 244/2023 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2101/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-614/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2101/2024 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi” tələbinə dair inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
21. Hazırkı iddia İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş kompensasiya haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. Kompensasiya haqqında iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.
23. Hazırkı işdə kompensasiya haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinə qanunla nəzərdə tutulmuş müddətdə rəsmi qaydada cavab verilməmişdir.
24. Cavabdeh orqanın yerləşdiyi Naftalan şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
25. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
28. İddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
29. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində ünvan 1ndə yerləşən sahəsi 13.3 kv.m olan "A" mağaza adlı qeyri yaşayış obyektinin onun mülkiyyətində olmasını və hüquqlarının 2005-ci il tarixindən qeydiyyata alındığını, həmin obyektdən istifadə etdiyini və sonralar müəyyən səbəblərdən istifadəni dayandırdığını bildirmişdir. Həmçinin o, obyektinin Cavabdeh nümayəndələri tərəfindən sökülüb götürüldüyünü qeyd etmişdir. Bildirilir ki, Naftalan şəhərinin əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir. Möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhər beynəlxalq turizm mərkəzinə çevrilmişdir. Şəhərə müalicə və istirahət məqsədilə hər il minlərlə yerli və xarici turist səfər edir. Bununla əlaqədar şəhərdə geniş quruculuq və abadlıq işlərinin aparıldığını nəzərə alaraq, şəhərin ərazisində istismar müddəti başa çatmış, hazırki görkəmi ilə şəhərin memarlıq üslubuna xələl gətirən obyektlərin və qeyri-qanuni tikililərin müəyyənləşdirilməsi və bu obyektlər barədə qanunauyğun tədbirlər görülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli 355 nömrəli Qərarı ilə "Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair" Naftalan şəhərinin Baş planı" təsdiq edilmişdir. Baş Plana uyğun olaraq şəhər ərazisindəki bütün mövcud çoxmərtəbəli yaşayış binalarının ətrafı abadlaşdırılır, əhalinin və şəhərə gələn qonaqların istirahəti üçün yeni istirahət zonaları yaradılır, park və səkilər, yollar təmir olunur, yaşıllıqlar salınır. İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd olunan ünvandakı obyektin şəhərin memarlıq üslubuna xələl gətirdiyinə, müasir standartlara cavab vermədiyinə görə sökülüb götürülməsi üçün Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 mart 2022-ci il tarixli 21 nömrəli məktubla vətəndaşa müraciət edilmişdir. Eyni zamanda qeyd olunan məktubda və Cavabdeh 09 avqust 2022-ci il tarixli Ş-5-149/18 nömrəli məktubunda ilə ona bildirilmişdir ki, gələcəkdə şəhərin Baş Planına uyğun olaraq müvafiq ərazidən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman ona da həmin ərazidən torpaq sahəsi veriləcəkdir. Həmçinin Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin şəhər İcra Hakimiyyətinə ünvanladığı 01 noyabr 2022-ci il tarixli 92 nömrəli məktubda bildirilir ki, vətəndaş İddiaçı ilə telefon əlaqəsi yaradılmış o özünün Naftalan şəhərində olmadığı üçün nümayəndələrini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri bacısı oğlu X2, həyat yoldaşının yaxını X5 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmiş və obyektə aid tikinti materiallarını (hətta köhnə və yararsız kərpicləri belə) sökərək götürüb aparmışlar. Cavabdeh tərəfindən şəhər sakinləri və turistlərin məmnunluğu üçün atılan addım olaraq ərazi abadlaşdırılmış, müxtəlif çoxillik ağac növləri əkilmişdir. İddiaçı məxsus obyekt uzun müddətdir ki, isifadə edilməyərək baxımsız, yararsız vəziyyətdə olmuş və müasir standartlara cavab verməyərək şəhərin memarlıq üslubuna xələl gətirməklə yanaşı antisanitariya məkanına çevrilmişdir. Vətəndaşa dəfələrlə obyektini təmir etdirməsi bildirilsə də o bundan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. O, əlavə olaraq bildirmişdir ki, cavabdeh orqanın onun yaxın qohumlarının söküntü materiallarını apardığını iddia etsə də, o, Bakı şəhərində yaşadığından söküntüdən xəbəri olmamış və söküntü materiallarını götürməsi üçün heç kəsi əraziyə göndərməmişdir. Bacısı əri yaxud oğlu həmin ərazidə ola özlərinə məxsus mağaza binası söküldüyü üçün olmuş və özlərinə aid mağazanın söküntü materiallarını götürmüşlər. Ona heç kəs söküntü materialı verməmişdir. O, söküntü baş tutduqdan sonra bu barədə məlumatlı olmuş və müvafiq hərəkətlər etmişdir. Əgər, cavabdeh orqan ona mağazanın yeni üslubda təmir etdirməyini bildirsə idi, o, istisnasız bunu edərdi. Lakin ona heç bir məlumat verilmədən, mağazanın dəyəri ödənilmədən özbaşına mülkiyyəti sökülmüşdür.
32. Cavabdehin nümayəndələri X4 və X8 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Naftalan şəhər D.T.İ.M.H.Q və Ş.K.İ tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 47a nömrəli qeydiyyat vəsiqəsi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 3/71 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı; - Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubu; - Cavabdeh Ş-5-149/18 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu; - Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubu; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********40 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-4/2-137/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər rayon Xüsusi Notariusunun xx.xx.2024-cü il tarixli 415 nöömrəli cavab məktubu; - Mübahisə predmetinə xx.xx.2025-ci il tarixdə keçirilmiş yerində müayinə baxışı protokolu; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 155/Mİ/25 nömrəli qiymətləndirmə rəyi.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
34. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır, ona görə də təmin edilməlidir.
35. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 1ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti xx.xx.2005-ci il tarixli, 47a nömrəli qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına qeydə alınmışdır. Bundan sonra həmin qeyriyaşayış obyekti 2022-ci ilin yaz aylarında cavabdeh tərəfindən sökülmüşdür. İddiaçı sözügedən qarşı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürüldüyü, həmçinin gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu və torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulduğu bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir.
36. İddiaçı hazırkı tələbində 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
37. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı 13.3 kv.m olan “A” mağaza adlı qeyriyaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılmasını və ona təhvil verilməsini tələb etməkdə haqlıdır və iddiaçıya məxsus qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülməsi mübahisəsiz haldır.
38. Belə ki, Cavabdeh də xx.xx.2022-ci il tarixli Ş-5-149/18 nömrəli məktubunda qeyd edilmişdir ki, Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən iddiaçıya məxsus mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürülmüşdür. Gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulur.
39. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır.
40. Həmin müddəaların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyəti başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.
41. Cavabdeh orqan mağazanın sökülməsinə dair hərəkətlərini o halla əsaslandırır ki, iddiaçıya məxsus mağaza yararsız vəziyyətdə olmaqla, şəhərin memarlıq üslubuna xələl gətirir və standartlara cavab vermirdi.
42. Lakin cavabdeh orqanın həmin istinadı həqiqətən mövcud olmuş olsa belə, iddiaçının mülkiyyətində olan mağazanın söküntüsü mülkiyyətə qəsd şəklində deyil, yalnız onun ədalətli dəyərinin əvvəlcədən ödənilməklə (istər iddiaçının razılığını almaqla, istərsə də əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edilməklə) həyata keçirilməli idi.
43. Lakin iş materialları ilə müəyyən edilir ki, söküntüdən əvvəl iddiaçıya mağaza binasını şəhərin memarlıq üslubuna uyğunlaşdırılması barədə heç bir xəbəredici məlumat verilməmiş, eyni zamanda iddiaçının iştirakı və razılığı olmadan mağazanın söküntüsü həyata keçirilmişdir.
44. Məhkəmə cavabdeh orqanın dəlillərini həm də ona görə əsassız hesab edir ki, sözügedən əraziyə baxış zamanı cavabdeh orqanın park ərazisi adlandırdığı sahədə digər obyektlər sökülməmişdir, hansı ki, həmin qeyri-yaşayış sahələrinin heç də iddia olunduğu kimi şəhərin memarlıq üslubuna uyğun şəkildə təmirli olması müəyyən edilməmişdir (bu qərarın 9-cu bəndi).
45. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinə göə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
47. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması); 3) təqsir (qəsd və ya ehtiyatsızlıq).
48. Hazırkı iddia tələbi də deliktə əsaslanan zərərin əvəzinin naturada ödənilməsi ilə bağlı olduğundan məhkəmə tələbin əsaslılığını qeyd edilən dispozisiya şərtləri baxımından yoxlayaraq, qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının sökülməsi ilə onun öz mülkiyyətindən məhrum edilməsinə yönəlmiş əməl (hərəkət) mövcuddur, həmin qeyriyaşayış binasının sökülməsinə görə iddiaçıya hər hansı kompensasiya məbləği ödənilmədiyinə görə cavabdehin bu barədə əməli (hərəkəti) hüquqazidd davranış olmuşdur və əməldə cavabdeh orqanın təqsiri aşkar və birmənalıdır.
49. Məhkəmə onu da qeyd edir ki, subyektin əmələ görə məsuliyyət daşıması üçün zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.
50. Hazırkı işdə də iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərərlə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.
51. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
52. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
53. Qeyd edilməlidir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
54. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: - inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); - həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; - inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
55. Hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan şərtlərin mövcudluğu, yəni iddiaçıya məxsus qeyri-yaşayış binasından (mülkiyyətindən) məhrum edilməsi ilə bağlı cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində iddiaçıya maddi ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.
56. Yəni, yekunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyətindən məhrum edilmiş və bunun nətiəsində ona maddi ziyan dəymişdir.
57. Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 155/Mİ/25 nömrəli qiymətləndirmə rəyi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 13.3 kv.m olan sökülmüş “A”mağaza adlı qeyri-yaşayış binasının 2022-ci ilin mart-aprel ayına olan bazar dəyərinin 24500 (iyirmi dörd min beş yüz) manat, hazırki dövrə bərpa (inşa) dəyərinin 9510 (doqquz min beş yüz on) manat təşkil etdiyi müəyyən edilsə də, iddiaçı zərərin əvəzinin pul şəklində deyil, naturada ödənilməsini, yəni mağazasının tikilərək naturada təhvil verilməsini tələb edir.
58. İddiaçı hazırkı tələbində İddiaçı Cavabdehnə qarşı 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçıya vurulmuş ziyanın naturada ödənilməsini tələb etmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) onun hüququdur.
59. Beləliklə, göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
60. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 1ndə X1 məxsus olmuş və cavabdeh tərəfindən sökülmüş 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 500 (beş yüz) manat qiymətləndirmə haqqı tutularaq VÖEN **********, “Azərbaycan Beynəlxalq Bankı” AS Abşeron filialı (VÖEN: **********), M/h AZ03NABZ********************, KOD 805539, S.W.İ.F.T.BİC: İBAZAZ2X, H/h AZ52İBAZ******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva