Məhkəmə qərarları › İş №2-1(114)-1453/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1453/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1453/2022 09.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı cavabdehin 08 aprel 2022-ci il tarixli, 05/Q-1320 saylı imtina məktubunun qanunsuz hesab edilməsi və doğum haqqında akt qeydində adının Rüfət kimi düzəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədək bütün hüquqi sənədlərdə soyadı, adı və ata adı İddiaçı kimi qeyd olunmuşdur. Lakin onun doğum haqqında akt qeydində adı “Ülfət” kimi qeyd olunmuşdur. O, bu barədə Cavabdehnə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi düzəliş etməkdən imtina etmişdir. Hazırda həmin doğum haqqında akt qeydində yanlışlıq olduğu üçün vərəsəliklə bağlı heçbir hərəkət edə bilmir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız hesab edir. İddiaçı 02 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq iddia tələbinə dair heç bir etirazının olmadığını bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. İş materiallarında olan: - 06 mart 1984-cü il tarixli, 39 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, soyad “Salahov”, ad “Ülfət”, ata adı isə “Rafiq” kimi qeyd edilmişdir. - 06 mart 1984-cü il tarixli, X-JQ 266017 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, soyad “Salahov”, ad “Rüfət”, ata adı isə “Rafiq” kimi qeyd edilmişdir. - 03 iyul 1999-cu il tarixli, B 310649 nömrəli “Əsas təhsil haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı Şəmkir rayonu 1 saylı Orta Məktəbdə oxumuş və 1999-cu ildə əsas təhsilini bitirmişdir. - 17 mart 2022-ci il tarixli, SX ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 126 nömrəli arayışından və iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuşdur və hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. - Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-1300 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsinin imkan xaricində olduğu bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 06 mart 1984cü il tarixli, 39 nömrəli “Doğum haqqında” akt qeydində sonuncunun adı “Rüfət” kimi qeyd edilməli olduğu halda, səhvən “Ülfət” kimi qeyd edilmişdir. İş materiallarında olan digər hüquqmüəyyənedici sənədlərdən də görünür ki, iddiaçının adı “Rüfət” olmuşdur. İddiaçı sözügedən yanlışlığın aradan qaldırılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını pozur. Belə olan halda, iddiaçı sözügedən doğum haqqında akt qeydində düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus 06 mart 1984-cü il tarixli, 39 nömrəli doğum haqqında akt qeydində adının dəyişdirilərək “Rüfət” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus 06 mart 1984-cü il tarixli, 39 nömrəli doğum haqqında akt qeydində ad qrafasında səhvən qeyd edilmiş “Ülfət” adının “Rüfət” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar