Məhkəmə qərarları › İş №2-1(114)-1455/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1455/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1455/2021 23.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 24.06.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.15 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 1764,70 kv.m olan qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Naftalan şəhəri, Ş.Qurbanov küçəsində xüsusi mülkiyyətində olan 0.15 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 1764,70 kv.metr olan qeyri-yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikilmiş yaşayış sahəsi sonradan Naftalan şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirilmişdir. Tikinti işlərini yekunlaşdırdıqdan sonra binanın istismara qəbul edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən sənəd tərtib edilmişdir. İddiaçı inşa edilmiş bina üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi məqsədilə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 28.07.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili X2 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin ekspertizası zamanı tikinti obyektinin istismara icazə sənədinin forma və məzmunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş forma və məzmuna uyğun olmadığı məlum olmuşdur. Bundan əlavə həmin sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd olunmamış, həmçinin obyektin tikintisinə icazə sənədi də ərizəyə əlavə olunmamışdır. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxsin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, araşdırma zamanı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə ciddi hüquq pozuntularının mövcud olması müəyyən edilmişdir. Belə ki, Naftalan Şəhər İcra Hakimiyyəti yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair tələb olunan sənədlərin əvəzinə tikinti obyektinin istismarına icazə sənədi vermiş, bununla da Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq tikintisinə icazə tələb olunan tikinti obyektinə tikintiyə icazə sənədi vermədən istismara icazə sənədi vermişdir. Bu səbəbdən istismara icazə sənədində tikinti obyektinin kodu qeyd edilməmişdir. Həmçinin sözügedən tikinti obyektinin tikintisi məlumatlandırma icraatı qaydasında həyata keçirilmiş, müvafiq məlumatlar Tikintilərin dövlət reyestrinə daxil edilməsi üçün yerli icra hakimiyyəti orqanına təqdim edilmiş, lakin fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra yenidən məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilməsi üçün müraciət edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, 26.05.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli, 23 nömrəli sərəncamından görünür ki, ünvan 1 ünvanında İddiaçı xüsusi mülkiyyətindəki 0.15 ha torpaq sahəsində ümumi sahəsi 1764.70 kv.m olan yaşayış sahəsinin yenidənqurma və ya yenidən planlaşdırma, eləcə də digər işlərin aparılması nəzərə alınaraq qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş 16.03.2021-ci il tarixli 04 nömrəli Tikinti obyektinin istismarına icazədən görünür ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində İddiaçı tərəfindən inşa edilmiş tikinti obyektinin (“Nur-Naftalan-1” hotel və sağlamlıq mərkəzi) istismarına icazə verilmişdir. -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 14.06.2021-ci il tarixli, **********82 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikinti obyekti Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli, 23 nömrəli sərəncamına əsasən yenidənqurma və ya yenidən planlaşdırma, eləcə də digər işlərin aparılması nəzərə alınaraq qeyri-yaşayış sahəsinə keçirilmişdir. İddiaçı həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərdə tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının təqdim edilməməsi, eyni zamanda tikinti obyektinin istismarına icazə sənədində dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilmiş sübutlardan görünür ki, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 16.03.2021-ci il tarixli 04 nömrəli sərəncamı ilə Tikinti obyektinin istismarına icazə sənədi əsasında həmin obyektin istismarına icazə verilmişdir. Həmçinin tikinti obyektinin istismarına icazə sənədində dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Belə ki, sözügedən sənəd müvafiq orqan (Naftalan Şəhər İcra Hakimiyyəti) tərəfindən tərtib edilmişdir və həmin sənədin vahid formasına aidiyyəti orqan tərəfindən əməl edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə müvafiq kodun alınmaması iddianın əsassız olmasına dəlalət etmir, çünki qanunvericilik həmin prosedurun həyata keçirilməsi vəzifəsini istismara icazə verən qurumun üzərinə qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: -103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; -103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; -103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; -103.1.4. tikinti obyektinin istismar təyinatı; -103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; -103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 0.15 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 1764,70 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar