Məhkəmə qərarları › İş №2-1(114)-1455/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1455/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1455/2023 08.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 201 nömrəli arxiv arayışına əsasən Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolu ilə X6 Bərdə rayonu, Lək kəndində 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. 20.04.1998-ci il tarixli təhkim aktına əsasən Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolu ilə X4 ayrılmış Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsi X6 təhkim edilmişdir.

3. Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən X8 xx.xx.2010-cu il tarixdə ölmüşdür.

4. Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 2054/2022 nömrəli məktubuna əsasən İddiaçı mərhum X5 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir.

5. Bərdə RİHB Birinci Qaradəmirçi kənd İƏD nümayəndəsi C.Əliyev, Bərdə rayonu Lək bələdiyyəsinin sədri V.Piriyeva, 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı V.Sultanov və İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 201 saylı arayışına və Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat Müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokoluna əsasən Bərdə rayonu, Lək kəndində X5 adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Müəyyən olunmuşdur ki, aqrar islahat zamanı Lək kəndində sözügedən ərazi torpaqların elektron kadastr məlumat bazasında X6 məxsus 0,08 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilmiş və həmin torpaq sahəsinə şəhadətnamə hazırlanmamışdır. Həmin torpaq sahəsinin sərhədləri akt tərtib edən yoldaşlar tərəfindən müəyyən edilmiş və torpaq sahəsinin koordinatlarını göstərən yerquruluşu planı tərtib olunmuşdur.

6. Bərdə rayonu Lək bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 31 nömrəli arayışına əsasən İddiaçı mərhum anası X6 R.Səfərəliyev adına kolxozun 3 nömrəli iclasının qərarı əsasında xx.xx.1998-ci il tarixdə 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin xx.xx.2009-cu il tarixdə Bərdə rayonu Lək bələdiyyəsinə verilmiş xəritədə 336-cı sırada həmin torpaq sahəsi texniki səhv olaraq bələdiyyə fondu kimi göstərilmişdir. Ona görə də həmin həyətyanı torpaq sahəsinin qanuni sənədləşməsinə Bərdə rayonu Lək bələdiyyəsi etiraz etmir.

7. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, fərdi yaşayış evinin və onun üzərində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlərə baxılarkən müəyyən edilmişdir ki, Bərdə rayon R.Səfərəliyev adına Aqroistehsalat Müəssisəsinin 25 mart 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinə dair təqdim olunmuş Bərdə rayon Dövlət Arxivinin 201 nömrəli 29 avqust 2022-ci il tarixli arxiv arayışı hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. Belə ki, torpaq sahəsinin ayrılması barədə qeyd olunan qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısında öz əksini tapmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 373/2023 nömrəli məktubuna əsasən 02 noyabr 2010-cu il tarixdə vəfat etmiş X5 barəsində Bərdə rayon 1 saylı notariat ofisində vərəsələrin təqdim etdiyi sənədlərə əsasən 08 iyul 2014-cü il tarixdə vərəsəlik işi açılmışdır. Lakin vərəsələri tərəfindən X6 məxsus olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən onun barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

9. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-838/2023 nömrəli məktubunda göstərilmişdir ki, Mərkəzin arxivində saxlanılan Bərdə rayonu keçmiş "xxxx" təsərrüfatı üzrə islahat qovluğunda R.Səfərəliyev adına Aqroislahat Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərarı, eyni zamanda pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. İslahat qovluğunda mövcud olan Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsal müəssisəsinin xx.xx.1998-ci il tarixli 5 nömrəli iclas protokolu və Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı məhkəməyə göndərilmişdir.

10. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 121 nömrəli məktubuna əlavə edilmiş Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsal müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolunda göstərilir ki, 13. Müəssisə üzvlərinin təklifləri nəzərə alınsın. Ailə vəziyyəti ilə əlaqədar Qarabağ əlillərinə, veteranlarına və digər vətəndaşlara həyətyanı torpaq sahəsi verilsin və müəssisənin qaytanlanmış kitabına daxil edilsin:

1. Ağayeva Samirə N.

2. Babayev Bəhruz N.

3. Cavadov Faiq M.

4. Məhərrəmova Təranə S.

5. Quliyev Azər A.

6. Teymurov Ramin M.

7. Əliyev Elşən E.

8. Hacıyev Namiq T.

9. Məmmədov Faiq N.

10. Həsənova Səyyarə A.

11. Əliyeva Gülxanım S.

12. Həsənova Şərqiyyə

13. Məhərrəmova Səbirə M.

14. Qasmova Xuraman U.

15. Məhərrəmov Hüseyn E.

16. Quliyev Şahlar Q.

17. Priyev Mahir M.

18. Sultanov Eyvaz H.

19. Aslanov Ədalət A.

20. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1360/2023 nömrəli məktubunda göstərilmişdir ki, Mərkəzin arxivində saxlanılan Bərdə rayonu keçmiş "xxxx" təsərrüfatı üzrə islahat qovluğunda pay torpaq sahəsinə dair subyektlərin siyahısında X5 adı aşkar edilməmişdir.

21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-3376/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bərdə rayonu R.Səfərəliyev adına AİM tərəfindən xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolu əsasında adları qeyd edilmiş şəxslərin adına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

22. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1947/2023 nömrəli məktubunda göstərilmişdir ki, Bərdə rayonu keçmiş "xxxx" adına X3 hər hansı sovxozun ləğvi ilə əlaqədar və ya onun bazasında yaradılıbyaradılmamasına dair sənədlər, həmin müəssisənin qaytanlanmış kitabı, eləcə də pay torpaq sahəsinə dair subyektlərin siyahısında X5 adı aşkar edilməmişdir. Bərdə rayonu, Lək kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaşın adı qeyd olunsa da, torpaq sahəsi göstərilməmişdir.

23. Həmin məktuba əlavə edilmiş Bərdə rayonunun Lək kəndində xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahələrinə dair cədvəldə (əlyazma subyekt siyahısında) 336-cı sırada X5 adı qeyd edilmiş, torpaq sahəsinin ölçüsü isə qeyd edilməmişdir. Elektron subyekt siyahısında da 336-cı sırada X5 adı qeyd edilmiş, faktiki torpaq sahəsinin ölçüsü 0.0958 ha göstərilmişdir. II. Məhkəmədə icraat

24. İddiaçı cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat müəssisəsinin 25 mart 1998-ci il tarixli 3 nömrəli iclas protokoluna əsasən Bərdə rayonu, Lək kəndində mərhum anası X5 adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Tələb onunla əsaslandırılmışdır ki, mərhum anası X6 işlədiyi Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat müəssisəsinin 25 mart 1998-ci il tarixli 3 nömrəli iclas protokoluna əsasən Bərdə rayonu, Lək kəndində 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. O, torpağın anasına verilməsi ilə bağlı bütün sənədləri toplayıb müvafiq olaraq 7 saylı Ərazi idarəsinə müraciət edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 7 saylı Ərazi İdarəsində onun ərizəsindən imtina etmişlər və bildirmişlər ki, guya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın" dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yanmış daşınmaz əmlak obyektləri üzərində hüquqlarının əldə edilməsini təsdiq edən sənədlərin siyahısında öz əksini tapmamışdır. Bu torpaq sahəsi anasına 1998-ci ildə verilmişdir. İmtina edilmiş məktubda isə 2015-ci ildə qanuni qüvvəyə minmiş qanuna istinad edilir. Bu bir daha onu sübut edir ki, onun ərizəsindən imtina edilməsinin hüquqi əsası yoxdur. Vətəndaşlıq vəzifəsini pisləşdirən qanuna isə istinad etməyin özü yolverilməzdir. Ona görə də cavabdehin üzərinə mərhum anası X6 məxsus işlədiyi Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat müəssisəsinin 25 mart 1998-ci il tarixli 3 saylı protokoluna əsasən Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

27. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

28. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

29. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

30. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

31. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

32. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

33. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

34. İddiaçının vəkil olan nümayəndəsi X2 xx.xx.2023-cümil tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, torpaq sahəsinə dair çıxarışın mərhum X5 adına verilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

35. 20.07.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə R.Səfərəliyev adına aqroistehsal müəssisəsinin 25 mart 1998-ci il 03 nömrəli iclas protokolu əsasında X5 adına Bərdə rayonun Lək kəndində ayrılmış 0,8 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

36. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

37. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

38. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

39. İddiaçı və onun vəkil olan nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

40. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 201 nömrəli arxiv arayışı; - 20.04.1998-ci il tarixli təhkim aktı; - xx.xx.2022-ci il tarixli akt; - Yerquruluşu planı; - Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışı; - Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 2054/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 373/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3- 21-3-46/2-3376/2023 nömrəli məktubları; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli **********29 nömrəli bildirişi; - Bərdə rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-40/2-187/2023 nömrəli məktubu; - Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarından çıxarış; - Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsal müəssisəsinin xx.xx.1998-ci il tarixli 5 nömrəli və xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokollarından çıxarışlar; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri punlik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1742/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1360/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-1947/2023 nömrəli məktubları; - Bərdə rayonu Lək kəndində vətəndaşların xüsusi mülkiyyətlərinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarış; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 22/2-1847/2023 nömrəli məktubu; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-3376/2023 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

41. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

42. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 201 nömrəli arxiv arayışına əsasən Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolu ilə X6 Bərdə rayonu, Lək kəndində 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,08 ha torpaq sahəsinin mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə arayışın verilməsini xahiş etmiş və cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla Bərdə rayon R.Səfərəliyev adına Aqroistehsalat Müəssisəsinin 25 mart 1998-ci il tarixli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsinə dair təqdim olunmuş Bərdə rayon Dövlət Arxivinin 201 nömrəli 29 avqust 2022-ci il tarixli arxiv arayışının hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

43. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

44. Belə ki, məhkəmə tərəfindən Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsalat müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolunun əldə edilməsi məqsədilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə sorğular verilmiş və alınmış cavab məktublarında göstərilmişdir ki, Mərkəzin arxivində saxlanılan Bərdə rayonu keçmiş "xxxx" təsərrüfatı üzrə islahat qovluğunda R.Səfərəliyev adına Aqroislahat Müəssisəsinin xx.xx.1998-ci il tarixli qərarı aşkar edilməmiş, islahat qovluğunda mövcud olan Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsal müəssisəsinin xx.xx.1998-ci il tarixli 5 nömrəli iclas protokolu və Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı məhkəməyə göndərilmişdir (xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-838/2023 nömrəli məktub). Mərkəzin arxivində saxlanılan Bərdə rayonu keçmiş "xxxx" təsərrüfatı üzrə islahat qovluğunda pay torpaq sahəsinə dair subyektlərin siyahısında X5 adı aşkar edilməmişdir (xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1360/2023 nömrəli məktub). Bərdə rayonu keçmiş "xxxx" adına X3 hər hansı sovxozun ləğvi ilə əlaqədar və ya onun bazasında yaradılıb-yaradılmamasına dair sənədlər, həmin müəssisənin qaytanlanmış kitabı, eləcə də pay torpaq sahəsinə dair subyektlərin siyahısında X5 adı aşkar edilməmişdir. Bərdə rayonu, Lək kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaşın adı qeyd olunsa da, torpaq sahəsi göstərilməmişdir (xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1947/2023 nömrəli məktub). Həmin məktuba əlavə edilmiş Bərdə rayonunun Lək kəndində xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahələrinə dair cədvəldə (əlyazma subyekt siyahısında) 336-cı sırada X5 adı qeyd edilmiş, torpaq sahəsinin ölçüsü isə qeyd edilməmişdir. Elektron subyekt siyahısında da 336-cı sırada X5 adı qeyd edilmiş, faktiki torpaq sahəsinin ölçüsü 0.0958 ha göstərilmişdir.

45. Lakin Bərdə rayon Dövlət Arxivi məhkəmənin sorğusuna cavab olaraq, Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsal müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolunu məhkəməyə göndərmişdir. Həmin protokolun 13-cü bəndində müəssisə üzvlərinin təkliflərinin nəzərə alınması, ailə vəziyyəti ilə əlaqədar Qarabağ əlillərinə, veteranlarına və digər vətəndaşlara (19 nəfər vətəndaşa) həyətyanı torpaq sahəsinin verilməsi və müəssisənin qaytanlanmış kitabına daxil edilməsi qərara alınmış və 12-ci sırada Həsənova Şərqiyyənin adı qeyd olunmuşdur.

46. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə Bərdə rayonu R.Səfərəliyev adına AİM tərəfindən xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolu əsasında 0,08 ha həyətyanı torpaq sahələri ayrılmış protokolda adları sadalanan şəxslərdən hər hansısa birinin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması barədə sorğu verilmiş, xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 3376/2023 nömrəli cavab məktubunda Bərdə rayonu R.Səfərəliyev adına AİM tərəfindən xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolu əsasında adları qeyd edilmiş şəxslərin adına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı bildirilmişdir.

47. Eyni zamanda, həm Bərdə rayonu Lək bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 31 nömrəli arayışında, həm də tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda torpaqların elektron kadastr məlumat bazasında mübahisəli 0.08 ha həyətyanı torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərildiyi qeyd edilmişdir.

48. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

49. Göründüyü kimi, cavabdeh orqanın hüquqların dövlət qeydiyyatını həyata keçirməsi üçün ərizəçi tərəfindən ona “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci mddəsində göstərilən əsaslardan biri təqdim edilməlidir.

50. Hazırkı işdə isə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Belə ki, Bərdə rayonu R.Səfərəliyev adına Aqroistehsal müəssisəsinin xx.xx.1998-ci il tarixli 3 nömrəli iclas protokolununun 13-cü bəndində müəssisə üzvlərinin təkliflərinin nəzərə alınması, ailə vəziyyəti ilə əlaqədar Qarabağ əlillərinə, veteranlarına və digər vətəndaşlara (19 nəfər vətəndaşın arasında 12-ci sırada Həsənova Şərqiyyənin adı qeyd olunmuşdur) həyətyanı torpaq sahəsinin verilməsi və müəssisənin qaytanlanmış kitabına daxil edilməsi qərara alınsa da, həmin torpaq sahəsinə X5 adına şəhadətnamə hazırlanmamışdır. Bu səbəbdən də, həmin torpaq sahəsi hazırda elektron kadastr xəritəsində bələdiyyənin ehtiyat fond torpağı kimi qeyd edilmişdir və hazırda Lək bələdiyyəsinin mülkiyyətindədir.

51. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.

52. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir.

53. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

54. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan istisna kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il müddətinə özgəninkiləşdirmək qadağan edilməklə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi qeyd olunmuşdur.

55. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı).

56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

57. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

58. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

59. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

60. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar