Məhkəmə qərarları › İş №2-1(114)-1455/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1455/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1455/2025 30.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iiştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanınadək yaşayış sahəsinin kirayəsinin təyin olunmuş kompensasiya ödənişinin xx.xx.2024-cü il tarixindən öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2r. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müddətli, xx.xx.2004-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, baş çavuş rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. İddiaçının təqvim ili üzrə 21 il 09 ay 05 gün, güzəştli 10 il 01 ay 11 gün, ümumi 31 il 10 ay 16 gün xidmət müddəti olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli arayışlarına əsasən iddiaçının və onun həyat yoldaşının adına daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Bayan küçəsi, ev 115A ünvanda qeydiyyatda olsa da, kirayə müqaviləsinə əsasən Gəncə şəhəri, N.Nərimanov küçəsi, 14-cü döngə, ev 8 ünvanında yaşayır. Mənzil məsələləri üzrə İctimai komissiyanın təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 50-ci və 51-ci maddələrini və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsini rəhbər tutaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 242 nömrəli sərəncamı ilə ehtiyata buraxılan hərbi qulluqçu iddiaçı 5 nəfər ailə tərkibi (özü, arvadı - X4, qızı - X3, oğlu - X6, qızı - X5) ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Daha sonra iddiaçı mənzil kirayə haqqının ödənilməsi bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-ci il tarixli, 5-1/2-M-24- 333/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, mənzillə təmin olunanadək ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı ilə tənzimlənir. İddiaçı Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxıldığı üçün ona kirayə pulunun verilməsi mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinin kirayəsi üçün hər ay kirayə haqqı alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanınadək yaşayış sahəsinin kirayəsinin təyin olunmuş kompensasiya ödənişinin xx.xx.2024-cü il tarixindən öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 5-1/3-220/2025 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 242 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Müraciət müəllifi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd etmək istəyirik ki, Gəncə Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının tələblərinə görə hər il aprel ayının 1-nə kimi mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında məlumat həmin qərarın əlavəsinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami və Kəpəz şöbələri ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Məlumat üçün bildiririk ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsinə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının şamil olub- olmaması barədə məlumat verilməsi üçün məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsinənin xx.xx.2025-ci il tarixli 3-43-20 /2- 36/2025 nömrəli məktuna əsasən ehtiyatda olan baş çavuş İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Azərbaycar Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, "Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığı üçün) əsasən ehtiyata buraxıldığı üçün yuxarıda qeyd olunan qanunvericiliyin müddəaları ona şamil olunmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-02/2-14331/2024 nömrəli məktubunda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X2 (arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilməmişdir) Daşkəsən rayonu, Dəstəfur kəndində yerləşən 0,37 ha torpaq sahəsinə aid “Torpağı mülkiyyətə verilməsi”nə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, baş çavuş rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 242 nömrəli sərəncamı ilə iddiaçı 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Hazırda tərəflər arasında yaranmış mübahisə iddiaçıya xidmət müddəti başa çatdığına görə ehtiyatda olan hərbi qulluqçu kimi mənzillə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi barədədir. Cavabdehin imtinasının yeganə əsası ondan ibarətdir ki, iddiaçı xidmət müddəti başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır, lakin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İlk növbədə, qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edildiyi kimi kirayə haqqının alınması hüququ mənzil və ya torpaq sahəsi almaq hüququna malik şəxsə verilir. Yəni, o şəxsə kirayə haqqının ödənilməsi mümkün ola bilər ki, həmin şəxsin ilk öncə mənzil və ya torpaq sahəsi almaq hüququ qanunvericiliyə uyğun olaraq tanınsın. Hazırkı işdən iddiaçının ailə üzvləri ilə birlikdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 242 nömrəli sərəncamı ilə ehtiyata buraxılan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı görünür. Sözü gedən sərəncam (iddiaçının mənzil növbəsinə götürülməsi barədə) ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədən düşməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü, 21-ci, 67-ci maddələrinin tələblərinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4cü bəndində qeyd edilir ki, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Göründüyü kimi qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzürlü səbəblərə görə, məsələn yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara aid olduğunu konkret göstərməmişdir. Həmçinin, qanunverici belə fərqləndirməni zəruri hesab etdiyi hallarda, öz iradəsini konkret ifadə edərək müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, yalnız onların müəyyən kateqoriyasına aid olduğunu xüsusi vurğulamışdır. Buna misal olaraq, qanunverici tərəfindən yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunması hüququnun nəzərdə tutulmasını göstərmək olar. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının birinci bəndinə əsasən yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir: yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara; 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara; habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Sadalananlardan göründüyü kimi Konstitusiya Məhkəməsi xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmanı hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəb kimi qiymətləndirmiş və belə səbəblərdən ehtiyata buraxılmış hərbi qulluqçunun kirayə haqqı ilə təmin edilməsi hüququ olduğunu göstərmişdir. Məhkəmə qərardadda göstərilənlərə istinadla belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı da məhz xidmət müddəti başa çatdığı əsası ilə ehtiyata buraxıldığından, bununla da iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılmış hərbi qulluqçular dairəsinə aid olduğundan o iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malikdir. Bu hüququn həyata keçirilməsi qaydası isə “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarı ilə tənzimlənir. Hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili xidmət etmiş və qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxılmış iddiaçıya mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixindən mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinin müvəqqəti kirayə xərcinin ödənilməsi öhdəliyi Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar