Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1456/2021 23.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 və üçüncü şəxs Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X3 iştirakları ilə, “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı (bundan sonra mətndə iddiaçı) xüsusi mülkiyyətindədir. 04.02.2021-ci il tarixli, Ö/004352 nömrəli “İstismara hazırlıq aktı”na əsasən tikintisi 16.03.2019-cu il tarixdə başlamış, 06.11.2020-ci ildə qurtarmış Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən zirzəmili, 3 mərtəbəli binanın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli, 22 nömrəli sərəncamından görünür ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində İddiaçı xüsusi mülkiyyətindəki 0.07 ha torpaq sahəsində (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14.09.2017-ci ildə qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan çıxarış) inşa edilən ümumi sahəsi 1237.35 kv.m olan yaşayış sahəsi yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması nəzərə alınaraq qeyri-yaşayış sahəsinə keçirilmişdir. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 16.03.2021-ci il tarixli, 03 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, tikintisi başa çatdırılmış Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən “Nur Naftalan-2 sağlamlıq və istirahət mərkəzi”nin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 16 mart 2021-ci il tarixindən fiziki şəxs İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) 14.06.2021-ci il tarixli **********81 nömrəli məktubundan görünür ki, Naftalan şəhəri Ş.Qurbanov küçəsində yerləşən “Nur Naftalan-2 sağlamlıq və istirahət mərkəzi” üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsi ilə əlaqədar təqdim edilən 10.06.2021-ci il tarixli ərizə və ərizəyə əlavə edilən sənədlərdə çatışmamazlıqlar vardır. Belə ki, sənədlər ekspertiza olunarkən məlum olmuşdur ki, daşınmaz əmlaka dair təqdim edilən tikinti obyektinin istismara icazə sənədinin forma və məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş forma və məzmuna uyğun deyildir. Bundan əlavə həmin sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd olunmamış, obyektin tikintisinə icazə sənədi də ərizəyə əlavə edilməmişdir. İmtinanı əsassız hesab edən iddiaçı 16.06.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 1237,35 kv.m olan qeyri-yaşayış binasının (Nur Naftalan-2) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 1237,35 kv.m olan qeyri-yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikilmiş yaşayış sahəsi sonradan Naftalan şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirilmişdir. Tikinti işlərini yekunlaşdırdıqdan sonra binanın istismara qəbul edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən sənəd tərtib edilmişdir. İnşa edilmiş bina üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınması və çıxarışın verilməsi məqsədilə cavabdehə etdiyi müraciətinə İdarənin 14 iyun 2021-ci il tarixli məktub ilə mənfi cavab verilmişdir. Hesab edir ki, cavabdehin bina üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməsi tamamilə qeyriqanunidir, heç bir məntiqə sığmır və bu konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Gəncə İnzibati Məhkəməsinin 25.06.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməmişdir. İddiaçı sözügedən fərdi yaşayış evinin Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən, həmin daşınmaz əmlak üzərində hər hansı sərəncam vermək hüququ yaranmamışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi sənədlərində ciddi hüquq pozuntuları mövcuddur. Fərdi yaşayış evlərinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı “istismarına icazə sənədi” əvəzinə qəbul komissiyasının aktı tələb olunur ki, bu akt keçirilməni həyata keçirən orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrini aparan orqana təqdim edilməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Naftalan Şəhər İcra Hakimiyyəti yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair tələb olunan sənədlərin əvəzinə tikinti obyektinin istismarına icazə sənədi vermişdir. Bununla da, Naftalan Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq tikintisinə icazə tələb olunan tikinti obyektinə tikintiyə icazə sənədi vermədən istismara icazə sənədi vermişdir. Bu səbəbdən İstismara icazə sənədində tikinti obyektinin kodu qeyd edilməmişdir. Bundan başqa, sözügedən tikinti obyektinin tikintisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında həyata keçirilməsinə baxmayaraq, müvafiq məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün yerli icra hakimiyyəti orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin ekspertizası zamanı tikinti obyektinin istismara icazə sənədinin forma və məzmunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş forma və məzmuna uyğun olmadığı məlum olmuşdur. Bundan əlavə həmin sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd olunmamış, obyektin tikintisinə icazə sənədi də ərizəyə əlavə edilməmişdir. Bununla yanaşı hüquqların qeydə alınması ilə bağlı ərizəyə dair tərəflərindən heç bir inzibati icraat aparılmamışdır. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə dair təqdim etdikləri etiraz qeydləri ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi iddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.09.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.07 ha torpaq sahəsində inşa edilən, ümumi sahəsi 1237.35 kv.m olan və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli 22 nömrəli sərəncamı ilə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması nəzərə alınaraq qeyri-yaşayış sahəsinə keçirilən daşınmaz əmlak üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin inzibati orqan daşınmaz əmlaka dair təqdim edilən tikinti obyektinin istismara icazə sənədinin forma və məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş forma və məzmuna uyğun olmaması, eləcə də, həmin sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd olunmaması və ərizəyə icazə sənədinin əlavə edilməməsi əsasları ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinasını qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (01.01.2013-cü il tarixdən sonra) mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir ki, bu zaman tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə 27.04.2018-ci il tarixdə razılaşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hazırlanan və icra olunan Naftalan şəhəri, Ş.Qurbanov küçəsində fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, tikintisi nəzərdə tutulan fərdi yaşayış evi zirzəmidən və üç mərtəbədən ibarət olmaqla hündürlüyü 12 metrdir. İş materiallarında olan 04.02.2021-ci il tarixli Ö/004352 nömrəli “İstismara hazırlıq aktı”na əsasən tikintisi 16.03.2019-cu il tarixdə başlamış, 06.11.2020-ci ildə qurtarmış Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən zirzəmili, 3 mərtəbəli binanın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir. Bundan sonra, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli 22 nömrəli sərəncamı ilə mübahisələndirilən yaşayış sahəsi yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması nəzərə alınaraq qeyri-yaşayış sahəsinə keçirilmiş və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 16.03.2021-ci il tarixli 03 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinə əsasən fiziki şəxs İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. Qeyd edilən nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədində mübahisələndirilən tikinti obyektinin layihə üzrə və faktiki ölçüləri eyni olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, məlumatlandırma icraatı qaydasında həyata keçirilən fərdi yaşayış evinin tikintisinə icazənin alınması tələb olunmadığından hazırkı iş üzrə mübahisələndirilən və məlumatlandırma icraatı qaydasında aparılan tikinti obyektinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1.6-ci maddəsində nəzərdə tutulan kodun verilməsi və tikintiyə icazə sənədinin alınması qanunvericilikdə müəyyən edilməmişdir. Ona görə də, tikinti obyektinin istismarına icazə sənədində dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi və tikintiyə icazə sənədinin alınmaması iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Bundan başqa, üçüncü şəxs məhkəməyə ünvanlandığı etirazda iddiaçının sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən, həmin daşınmaz əmlak üzərində hər hansı sərəncam vermək hüququnun yaranmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı yaşayış evini məlumatlandırma icraatı qaydasında inşa etmiş, bununla bağlı qanunvericiliyin tələblərini pozmamışdır. Yaşayış evinin tikintisi başa çatdıqdan sonra Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli 22 nömrəli sərəncamı ilə həmin obyekt yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilmiş, iddiaçı bundan sonra hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İşdə olan sübutlardan məlum olduğu kimi mübahisələndirilən tikintinin aparıldığı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğundan, habelə həmin tikintinin saxlanılmasının digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratması müəyyən edilmədiyindən iddiaçının həmin tikintiyə dair mülkiyyət hüququnun tanınması qanunvericiliklə qadağan edilməmişdir. Bundan başqa, hazırkı iş üzrə mübahisələndirilən tikintinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə əsas olmuş Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 10.02.2020-ci il tarixli 22 nömrəli sərəncamı da qanuni qüvvədə olmaqla həmin inzibati akt mübahisələndirilməmiş, məhkəmə araşdırması zamanı da buna əsas ola biləcək hallar müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə iş üzrə əldə edilmiş mötəbər sübutları bir-biriləri ilə əlaqəli şəkildə təhlil edərək, qanunvericiliyin tələblərini nəzərə almaqla bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81. maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 0.07 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 1237,35 kv.m olan qeyriyaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1456/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1456/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver