Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-146/2022 16.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 05.10.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Nizami Bələdiyyəsinin 04.09.2021-ci il tarixli 15/53 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.10.2021-ci il tarixli 2-1(114)-2116/2021-ci il tarixli sərəncamı ilə iddiaçıya oun tərəfindən mübahisələndirilən Gəncə şəhər Nizami Bələdiyyəsinin 13/21 nömrəli, 06.07.2021-ci il tarixli qərarı olsa da hazırki tələblə məhkəməyə 29 sentyabr 2021-ci il tarixdə müraciət etdiyi, belə olan halda, iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən buraxıldığı, məhkəməyə təqdim etdiyi iddia ərizəsinin “iddia növü” hissəsində və “xahiş edirəm” hissəsində Gəncə şəhəri Nizami rayon Bələdiyyəsi tərəfindən qəbul edilmiş 15/33 nömrəli, 04 avqust 2021-ci il tarixli qərarın ləğv edilməsinin səhv qeyd edildiyi, lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinin 13/21 nömrəli, 06 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi qeyd edilməsinin müəyyən olunduğu, xahişi dəqiq qeyd etməklə, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah olunmuşdur. İddiaçı 03.11.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Gəncə şəhər Nizami Bələdiyyəsinin 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 04.11.2021-ci il tarixli 2-1(114)-2116/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı 09.12.2021-ci il tarixdə ərizə verərək mübahisələndirilən qərar ona gec təqdim olunduğundan müddətin bərpa olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 09.12.2021-ci il tarixli 2-1(114)-2116/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı 13/21 nömrəli, 06 iyul tarixli qərarın ləğv edilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2012-ci il tarixli 535 nömrəli sərəncamına əsasən Gəncə şəhər Yeni Gəncə yaşayış massivi Ə.Mehmandarov küçəsində yerləşən 2 nömrəli Notariat konturunun arxa tərəfindəki 250.0 kv.m torpaq sahəsində birinci mərtəbəsi avtomobillərin təmir emalatxanasındakı və ikinci mərtəbəsi iaşə obyektindən ibarət olmaqla qeyri-yaşayış binasının yerləşdirilməsinə icazə almışdır. Tikinti-quraşdırma işlərinə başlamış, 2015-ci ildə avtomobillərə təmir emalatxanasının işlərini tamamalayaraq işə başlamış və 2015-ci ildən başlayaraq, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin tədiyyə bildirişlərinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək tədiyyə bildirişində qeyd edilən 80 (səksən) manat məbləğində torpaq vergisini müvafiq poçt vasitəsilə ödəmişdir. Beləliklə, 2015-ci ildə 100 manat, 2016-cı ildə 100 manat 2017-ci ildə 70 manat 2018-ci ildə 80 manat, 2019-cu ildə 80 manat və 2021-ci ilin birinci yarısında 50 manat ümumilikdə 480 manat torpaq vergisini ödəmişdir. Fəaliyyətdə olduğu 7 (yeddi) il ərzində onun Nizami rayon Bələdiyyəsinə torpaq vergisi 560 (beş yüz altmış) manat təşkil edir ki, bunun da artıq 480 manatını vaxtında gecikdirmədən ödəmişdir. Lakin Nizami rayon bələdiyyəsi tərəfindən məlum olmayan səbəbdən 6 iyul 2021-ci il tarixində iclas keçirilərək, onun 477 manat 09 qəpik borcu olması barədə qərar qəbul edilmiş və həmin qərar ona təqdim edilmədən məcburi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İddiaçı bu barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən məktub aldıqdan sonra məlumatlanmış və dərhal Nizami rayon Bələdiyyəsinə gedərək, bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. İddiaçıya Nizami rayon Bələdiyyəsində artıq bu məlumatın kompüterə düşdüyü və həmin məbləği cəriməsi ilə birlikdə 477 mant 09 qəpik məbləğində ödəməli olduğu bildirilmişdir. Orada 2015-ci ildən bu günə kimi saxladığı qəbzləri göstərərək borcunun bu illər üzrə olmadığını desə də, Nizami rayon Bələdiyyəsində təqdim etdiyi qəbzlər araşdırıldıqdan sonra yaşadığı Gəncə şəhəri N.Məmmədova 7 ünvanında torpaq vergisini də onun üzərinə qeyd edildiyini və ona görə də həmin məbləği ödəməli olduğu bildirilmişdir. Qeyd edilən ev iddiaçının mülkiyyəti deyildir, həmin ünvan nənəsi X1 adınadır, yəni mülk sahibi nənəsidir. Nizami rayon Bələdiyyəsində təqdim etdiyi sənədlərə məhəl qoymayaraq, qeyd edilən məbləğin ödənilməsini tələb etmişlər. İddiaçı Gəncə şəhər Nizami Bələdiyyəsinin 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 16 fevral 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surət; - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 14.11.2012-ci il tarixli 535 nömrəli sərəncamının surəti; - Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin icraya yönəldilməyə dair 04.08.2021-ci il tarixli 15/33 nömrəli qərarının surəti; - Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin borcun tutulmasına dair 06.07.2021-ci il tarixli 13/21 nömrəli qərarının surəti; - Gəncə şəhər Nizami rayon Bələdiyyəsi tərəfindən verilmiş (3 ədəd) tədiyyə bildirişlərinin surətləri; - Cavabdehin iddiaçıya ünvanladığı 04.03.2021-ci il tarixli 209 nörəli xəbərdarlıq məktubun surəti; - Gəncə şəhər Nizami rayon Bələdiyyəsi tərəfindən verilmiş yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Şəhadətnamənin surəti; - Gəncə şəhər Nizami rayon Bələdiyyəsi tərəfindən verilmiş yerli vergilər üzrə fiziki şəxsin X5 surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Gəncə şəhər Nizami rayon Bələdiyyəsi tərəfindən İddiaçı 477,09 manat ( 250,56 manat əsas borc və 113,53 manat faiz və maliyyə sanksiyası üzrə) əmlak və torpaq vergisinin bələdiyyənin hesabına ödənilməsi və ödənilməyəcəyi təqdirdə hər bir ötmüş gün üçün vergi məbləğinin 0,1 % həcmində faiz hesablanacağı barədə 26.05.2021-ci il tarixli, 64 nömrəli xəbərdarlıq bildirişi göndərilmişdir. Həmin vergi borcu iddiaçı tərəfindən ödənilmədiyi üçün Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin 06.07.2021-ci il tarixli iclasında qəbul olunmuş 13/21 nömrəli qərarla ünvan 3 ünvanında və Ə.Mehmandarov küçəsində yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 477,09 manat vergi borcunun iddiaçıdan tutularaq Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin büdcəsinə ödənilməsi, ödənilmədiyi halda məcburi icraya yönəldiləcəyi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: - 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. - 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. - 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. - 208.6cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunda qeyd olunmuşdur ki, yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəəyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi orqanları tərəfindən həyata keçirilir. Məhkəmə araşdrıması nəticəsində məlum olmuşdur ki, cavabdeh Gəncə şəhər Nizami rayon Bələdiyyəsi 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarı işin faktiki halları və qanunvericiliyin tələblərinə riayiət edilməklə qəbul edilmişdir və qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarın ləğv tələbinə dair iddiası təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Bələdiyyəsinə qarşı 13/21 nömrəli 06.07.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-146/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-146/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver