Məhkəmə qərarları › İş №2-1(114)-146/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-146/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-146/2024 10.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müəyyən qrup əlil olma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6744/2023 nömrəli qərardadı ilə işə baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı avtoqəza nəticəsində əməliyyat olunmaq məcburiyyətində qalmış, əməliyyat uğursuz keçdiyinə görə yenidən əməliyyat zamanı ayağına mil qoyulmuşdur. Belə ki, iddiaçı müalicə, müayinələr alır və dərman preparatlarını vaxtında içmədiyi zaman hərəkəti məhdudlaşır və özündə olmur. Artıq uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar artıq 2 ildir ki, yeriyə bilmir. Son zamanlar isə xəstəliyi daha da şiddətlənmiş və hazırda pik həddə çatmışdır. Lakin əlillik və sağlamlığın müəyyən edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə getdiyi zaman, ona 2-ci qrup əlillik verilməsindən imtina edilmişdir. Səbəb kimi isə əlavə müalicəyə ehtiyacının olması bildirilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sağlamlıq durumu əlillik təyinatına əsas vermədiyinə görə təyinatdan imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilən etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Qazax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və, "X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Müştərək travma. QKBT, baş-beyin silkələnməsindən s/vəziyyət. postravmatik ensefalopatiya. Sağ və sol əlin arxa səthinin çapılmış sıyrılmış yaraları. Sağ bud sümüyü boynunun qapalı yerdəyişməli sınığı. Sağ bud sümüyünün orta 1/3-nin qəlpəli yerdəyişmiş qapalı sınığı. Sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişməli qəlpəli sınığı, sol bud sümüyünün qapalı yerdəyişməli sınığı, sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişməli qəlpəli sınığı, Sol diz qapağının qapalı yerdəyişməli sınığı..; Meyar: İmtina edilir", İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil səbəbi ilə imtina edilmişdir. Qazax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və, "X1 XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 – T00- T07...; Diaqnozun mətni: T06.8 Bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə digər dəqiqləşdirilmiş travmalar, Müştərək travma.QKBT,baş-beyin silkələnməsindən s/vəziyyət. Hər iki bud sümüyünün, sağ baldır və sağ diz qapağının bitişmiş sınığı. Sağ bud sümüyünün boynunun və orta 1/3-nin qapalı repozisiyası yiv mil aparatı ilə osteosintezi, sağ baldır sümüklərinin qapalı repozisiyası, İlizarov aparati ilə osteosintezi, sol bud sümüyünün boynunun və orta 1/3-nin qapalı yiv mil aparatı ilə osteosintezi, sol diz qapağının açıq repozisiyası, Şults üsulu ilə osteosintezi. Hər iki diz oynağının acıcı kontrakturası. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Hər iki diz oynağının acıcı kontrakturası, hər iki bud çanaq oynağının kontrakturası. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Ətraf əzələlərinin atrofiyası R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Postravmatik ağrı sindromu T02.5 Hər iki aşağı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar, Hər iki bud sümüyünün, sağ baldır və sağ diz qapağının bitişmiş sınığı. Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağ bud sümüyünün boynunun və orta 1/3-nin qapalı repozisiyası,yiv mil aparatı ilə osteosintezi, sağ baldır sümüklərinin qapalı repozisiyası, ilizarov aparatı ilə osteosintezi, sol bud sümüyünün boynunun və orta 1/3- nin qapalı yiv mil aparatı ilə osteosintezi, sol diz qapağının açıq repozisiyası, Şults üsulu ilə osteosintezi.; Meyar: İmtina edilir", İmtinanın əsas səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Doğru qərar verilməsi üçün, əsas diaqnozun ağırlaşmaları dəqiqləşdirilib, düzgün qeyd edilməli və köməkçi diaqnostik müayinələrlə əsaslandırılmalıdır. Xəstənin hazırkı vəziyyəti, mütəxəssislərin rəyləri dəqiqləşdirilib, ətraflı qeyd edilməlidir. Xəstəyə əlavə müayinə və müalicə tövsiyə edilir səbəbi ilə imtina edilmişdir. Qazax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və, "X1 XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00 - T07...; Diaqnozun mətni: M84.0 Sümük sınığının pis bitişməsi, Sağ bud sümüyünün orta 1/3-nin çoxqəlpəli, yerdəyişməli sınığına görə edilmiş kilidli osteosintez əməliyyatından sonrakı vəziyyət. M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 7,0 sm qısalığı; Meyar: İmtina edilir", İmtinanın əsas səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Göndəriş səthi tərtib edilmişdir. Xəstəliyin eksperitiza üçün əhəmiyyətli olan patofunksional dəyişiklikəri, həkim rəyləri və müayinələrin nəticəsi ətraflı qeyd edilsin səbəbi ilə imtina edilmişdir. Qazax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və, "X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - 100- T07...; Diaqnozun mətni : Sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı Postravmatik ağrı sindromu, dayaq hərəkət və yeriş funksiyasının kəskin pozulması, Yerişin qol altı agac köməkliyi ilə idarə edilməsi Sağ bud sümüyünün boynunun və orta 1/3-nin qapalı repozisiyası,yiv mil aparatı ilə osteosintezi, sağ baldır sümüklərinin qapalı repozisiyası, ilizarov aparatı ilə osteosintezi, sol bud sümüyünün boynunun və orta 1/3-nin qapalı yiv mil aparatı ilə osteosintezi, sol diz qapağının açıq repozisiyası, Şults üsulu ilə osteosintezi.; Meyar: İmtina edilir", İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb :Əsas diaqnoz və ağırlıq dərəcəsini dəqiqləşdirmək üçün ixtisaslaşmış xəstəxanada müayinə və müalicə olunması məsləhətdir edilsin səbəbi ilə imtina edilmişdir. Qazax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və, "X1 Oynaqların kontrakturası, Hər iki bud-çanaq oynagının yaxınlaşdırıcı kontrakturası (Solda 23 dərəcə sağda 30 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 140 dərəcə), Sag diz oynağının açıcı kontrakturası (bükmə 125 dərəcə), sağ aşıq baldır oynağının açıcı bükücü kontrakturası (açma 105 bükmə 95 dərəcə) T00-T07-T00-T07..., Diaqnozun mətni: Sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, Postravmatik ağrı sindromu, dayaq hərəkət və yeriş fünksiyasının kəskin pozulması, Yerişin qol altı agac köməkliyi ilə idarə edilməsi Sağ bud sümüyünün boynunun və orta 1/3-nin qapalı repozisiyası yiv mil aparatı ilə osteosintezi, sağ baldır sümüklərinin qapalı repozisiyası, ilizarov aparatı ilə osteosintezi, sol bud sümüyünün boynunun və orta 1/3-nin qapalı yiv mil aparatı ilə osteosintezi, sol diz qapağının açıq repozisiyası, Şults üsulu ilə osteosintezi.; Meyar: İmtina edilir", İmtinanın əsas səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və, "X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ qamış sümüyünün aşağı 1\3nin odlu silah yaralanması nəticəsində qəlpəli sınığı....; Meyar : İmtina edilir",İmtinanın əsas səbəbi : Əlavə müalicəyə ehtiyacın olması – Səbəb : xəstənin əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı var səbəbi ilə imtina edilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və, "X1: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..... Diaqnozun mətni: Sağ qamış sümüyünün aşağı 1\3-cü odlu silah yaralanması nəticəsində qəlpəli sınığı. Sağ qamış sümüyünün xroniki osteomieliti remisiya mərhələsi. Qanış sümüyünün distal metofirinin subxondral diffuz perifonalosteosklerozu. Sümük defekti ağrı sindromu. Sağ aşağı baldır oynağının kantrakturası. Sağ aşağı ətrafın əzələ atrofiyası funksiyasının Xroniki qastroduenit.....; Meyar: İmtina edilir", İmtinanın Əlavə müalicəyə ehtiyacın olması – Səbəb : Son 1 ildə müaıicə kursunun və rentgenoqrafiya müayinəsinin olmamasını nəzərə alaraq müalicəni davam etdirməsi qərarı verilir. Səbəbi ilə imtina edilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və, "X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu.....: Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Qamış sümüyünün xroniki osteomieliti, remissiya mərhələsində. Xroniki qastroduenit..Meyar: İmtina edilir”, İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Son 1 ildə müalicə kursunun və rentgenografiya müayinəsinin olmamasını nəzərə alaraq müalicəni davam etdirməsi qərarı verilir. Səbəbi ilə imtina edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “Oynaqların kontrakturası, Hər iki bud-çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (Solda 23 dərəcə, sağda 30 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 140 dərəcə), Sag diz oynağının açıcı kontrakturası (bükmə 125 dərəcə), sag aşıq baldır oynağının açıcı bükücü kontrakturası (açma 105 ,bükmə 95 dərəcə)” diaqnozu qoyulmuş, həmin göndərişdən “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -işə əlavə edilmiş T 632/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı tibbi sənədlərinə əsasən xx.xx.2023-cü il tarixdə X2 və Ortopediya İnstitutunda müayinəsi zamanı komissiya tərəfindən ona “Hər iki bud-çanaq oynağının İİ (ikinci) dərəcəli koksartozu, yaxınlaşdırıcı kontrakturası. (Solda 25 dər., sağda 30 dər.), hər iki bud sümüyünün orta-aşağı 1\3-nin qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sol diz qapağının qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının açıcı kontrakturası (bükmə 140 dər.), sağ diz qapağının osteofitik dəyişiklikləri İİ (ikinci) dərəcə qonartrozu, açıcı kontrakturası (bükmə 125 dər.), sağ baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sağ aşıq-baldır oyanğının açıcı-bükücü kontrakturası (açılma 105, bükmə 95 dərəcə), daimi ağrı sindromu dayaq-hərəkət funksiyasının pozulması, sol aşağı ətrafın 5 (beş) sm qısalığı” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz xx.xx.2022-ci il tarixli qərardakı diaqnozla uyğunluq təşkil edir və onun orqanizmində baş verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İddiaçının hazırda əlavə müalicəyə ehtiyacı yoxdur və kəskinləşərkən müalicəyə cəlb oluna bilər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən bir neçə dəfə göndəriş rəsmiləşdirilmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixli müayinə nəticəsində tibb müəssisəsi tərəfindən ona “Oynaqların kontrakturası, Hər iki bud-çanaq oynağının yaxınlaşdırıcı kontrakturası (Solda 23 dərəcə, sağda 30 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 140 dərəcə), Sağ diz oynağının açıcı kontrakturası (bükmə 125 dərəcə), sağ aşıq baldır oynağının açıcı bükücü kontrakturası (açma 105 ,bükmə 95 dərəcə)” diaqnozu qoyulmuş, lakin cavabdeh orqan “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, ona qoyulmuş müvafiq diaqnoza uyğun əlillik təyin edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iddiaçıda olan xəstəliklərin Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya qoyulmuş diaqnoz onun orqanizmində baş verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İddiaçının hazırda əlavə müalicəyə ehtiyacı yoxdur və kəskinləşərkən müalicəyə cəlb oluna bilər. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçıya əliliyin təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar