Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1460/2022 26.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, xidmətə xx.xx.1993-cü il tarixli 14 nömrəli əmrlə N nömrəli hərbi hissənin tərkibində başlamış, Qazax rayonunun Ermənistanla həmsərhəd kəndləri Kəmərli, Fərəhli uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 0127 saylı əmri ilə xx.xx.1995-ci il tarixdə ordudan tərxis olunmuş, lakin hal-hazıra kimi müharibə veteranı statusu ala bilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/1552 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-1308 nömrəli arayışına əsasən İddiaçı yanvarmay 1994-cü il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Həmçinin xx.xx.20121-ci il tarixli 4/2-2086 nömrəli arxiv arayışına əsasən hərbi hissəni özbaşına tərk etmiş və hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək, şəxsi işini (qeydiyyat sənədlərinin) müvafiq hərbi komissarlığa göndərilmişdir. Beləliklə iddiaçının hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1980-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdə İddiaçı N nömrəli hərbi hissənin tərkibində erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-2086 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin əsgər heyətinə “Pul təminatının ödənilməsi” cədvələrində 1994-cü ilin yanvar, aprel-iyul, sentyabr, noyabr-dekabr aylarında və 1995-ci ilin yanvar ayında İddiaçı əmək haqqı alması barədə məlumat qeyd olunmuş, 1994-cü ilin fevral, mart, avqust, oktyabr aylarında və 1995-ci ilin oktyabr ayında isə onun əmək haqqı alması barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 4/2-2086 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Ağstafa RHK-dan çağırılmış İddiaçı komandirin xx.xx.1993-cü il tarixli 14 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır, əlifba kitabında qeyd edilmiş xx.xx.1993-cü il tarixli 14 nömrəli əmr, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin əmrlərində öz əksini tapmamışdır, İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr 1994-cü il tarixli 282 nömrəli əmrilə İİ bölükdə “sürücü” vəzifəsinə təyin edilmiş, hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin 27 06.1995-ci il tarixli müvafiq Direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 303 nömrəli əmrilə xx.xx.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək, hərbi qeydiyyat sənədləri Rayon Hərbi Komissadığına göndərilmiş, həmçinin N nömrəli hərbi hissə komandirinin mart 1994-cü ii tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022ci il tarixli 4/33/89 nömrəli məktubundan görünür ki, İddiaçı yanvar-may 1994-cü il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidməti barədə məlumat olmadığına, xx.xx.20121ci il tarixli 4/2-2086 nömrəli arxiv arayışına əsasən hərbi hissəni özbaşına tərk etdiyinə və və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, həmçinin müvafiq pul təminatı ilə təmin olunmuşdur. Buna baxmayaraq hərbi hissəni özbaşına tərk etdiyi etdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin 27 06.1995-ci il tarixli müvafiq Direktivinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 303 nömrəli əmrilə xx.xx.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi iddiaçı qanuni əsaslarla deyil, hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1460/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1460/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver