Məhkəmə qərarları › İş №2-1(114)-1460/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1460/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1460/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum akt qeydində düzəliş edilməsi, ad qrafasında “Yeganə” qeydinin “Kifayət” kimi, doğum tarixinin “xx.xx.1980-ci il” qeydinin “xx.xx.1980-ci il” kimi düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş, atası X4, anası isə X1r. O, anadan olduğu zaman valideynləri ona 20 iyun 1980-ci il tarixdə Vİİ-ЖГ № 287195 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmiş, attestat almış, şəxsiyyət vəsiqəsi almış, iki dəfə ali təhsil alaraq diplom almış, ailə həyatı qurmuşdur. Qardaşı hal-hazırda evi onun adına sənədləşdirmək istəyir. Bu səbəbdən Asan Xidmətə gedib sənədləşdirmə işlərini aparmaq istəyəndə məlum olmuşdur ki, onun doğum Akt qeydində adı “Kifayət” deyil “Yeganə” kimi, doğum tarixi isə “xx.xx.1980” deyil, “xx.xx.1980” kimi qeyd edilmişdir. Əslində onun adı "Kifayət"-dir, doğum tarixi isə "xx.xx.1980-ci il" tarixdir. Onun bütün sənədlərində, doğum haqqında şəhadətnamədə, attestatda, şəxsiyyət vəsiqəsində, diplomlarında, nikah haqqında şəhadətnamədə adı "Kifayət", doğum tarixi isə "xx.xx.1980-ci il" olaraq qeyd edilibdir. İndi isə doğum akt qeydində adının "Yeganə", doğum tarixinin "xx.xx.1980-ci il" olaraq qeyd edilməsi ona bir sıra problemlər yaradır. Sənədləşmə işləri ilə bağlı dövlət orqanına müraciət etdikdə məlumatı olmuşdur ki, doğum akt qeydində soyadında uyğunsuzluq olduğunu bildirərək Qeydiyyat şöbəsinə müraciət etməyi izah olunmuşdur. O, ona məxsus doğum akt qeydində düzəliş edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan qeyd olunan düzəlişin edilməsindən imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 21 may 2025-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, doğum haqqında akt qeydində adı “Yeganə”-dən “Kifayət”-ə və doğum tarixini “xx.xx.1980”-dan “xx.xx.1980”-a dəyişdirilməsi ilə əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına müraciətin icra edilməsindən imtina edilmişdir. -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı “Kifayət”, təvəllüdü isə “xx.xx.1980-ci il” kimi qeyd edilmişdir. -iş materiallarına əlavə edilmiş Vİİ ЖГ 287195 seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.1980-ci il tarixdə Bərdə rayonunun Güloğlular kəndində anadan olmuş, atası kimi X4, anası kimi X3 qeyd edilmişdir. -iş materiallarına əlavə edilmiş AZ-İ 301650 seriyalı “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X8 ilə X2 arasında Cavabdehndə xx.xx.2007-ci il tarixli 55 nömrəli qeyd ilə nikah bağlanmış, ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. - iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş 61 saylı xx.xx.1980-ci il tarixli doğum haqqında akt qeydində uşağın adı "Yeganə", doğum tarixi isə “xx.xx.1980-ci il” kimi qeyd edilmişdir. - iş materiallarına əlavə edilmiş X9 tərəfindən verilmiş BB-İİ 018021 seriyalı diplomdan müəyyən olunur ki, X2 həmin kollecə 2002-ci ildə daxil olmuş və xx.xx.2005-ci il tarixdə ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmiş və ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. - iş materiallarına əlavə edilmiş Yenidənhazırlanma haqqında YB 014703 seriyalı diplomdan müəyyən olunur ki, X2 01 fevral 2011-ci ildə Respublika X10 Rəhbərləri məktəbinə daxil olmuş və xx.xx.2011-ci il tarixdə X10 Rəhbəri ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmiş və ona X10 Rəhbəri ixtisası verilmişdir. -iş materiallarına əlavə edilmiş Bərdə rayon Güloğlular kınd səkkizillik məktəbi üzrə xx.xx.1987-ci il 26 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, xx.xx.1987-ci il tarixdə 7 yaşı tamam olan Güloğlular kəndində yaşayan xx.xx.1980-ci il təvəllüdlü X2 1-ci sinfə qəbul edilmişdir. Həmin məktəbi 1995-ci ildə həmin məktəbi bitirmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Sadıqova(Mustafayeva) Kifayət Bakir qızına məxsus 61 saylı xx.xx.1980-ci il tarixli “Doğum haqqında” akt qeydində sonuncunun adı “Kifayət” kimi qeyd edilməli olduğu halda, səhvən “Yeganə” kimi, doğum tarixi “xx.xx.1980-ci il” kimi qeyd edilməli olduğu halda, səhvən “xx.xx.1980-ci il” kimi qeyd edilmişdir. İş materiallarında olan digər hüquqmüəyyənedici sənədlərdən də görünür ki, iddiaçının adı “Kifayət” olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, iddiaçının adı, soyadı və ata adı İddiaçı kimi, doğum tarixi isə xx.xx.1980-ci il kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı istər adının “Yeganə”dən “Kifayətə”ə, doğum tarixinin “xx.xx.1980-ci il” tarixdən “xx.xx.1980-ci il” tarixə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Sadıqova(Mustafayeva) Kifayət Bakir qızına məxsus 61 saylı xx.xx.1980-ci il tarixli “Doğum haqqında” akt qeydinə düzəliş edilməklə həmin qeyddə adının “Yeganə”dən “Kifayətə”ə, doğum tarixini “xx.xx.1980-ci il”-dən “xx.xx.1980-ci il”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Sadıqova(Mustafayeva) Kifayət Bakir qızına məxsus 61 saylı xx.xx.1980-ci il tarixli “Doğum haqqında” akt qeydinə düzəliş edilməklə həmin qeyddə adının “Yeganə”dən “Kifayətə”ə, doğum tarixini “xx.xx.1980-ci il”-dən “xx.xx.1980-ci il”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar