Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1463/2023 10.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994-xx.xx.1998-ci illərdə işlədiyi əmək kitabçasında qeydiyyatı aparılmış dövrün ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 3.04.1964-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmiş, 01 07.2011-ci il tarixdən hal -hazıradək isə Gəncə Yoluxucu xəstəliklər xəstəxanasında kiçik tibb bacısı vəzifəsində işləyir. Axırıncı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 19.-cu -Tibb və sosial təminat müəssisələri başlığının,a) yarım bəndində göstərilən vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində: orta tibb heyəti, kiçik tibb heyəti vəzifələrinə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Əmək kitabçasına əsasən onun xx.xx.1998-ci il tarixədək cəmi 17il 07ay 01 gün, xx.xx.2011- il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək fərdi hesabında aparılan qeydiyyatlara əsasən 10 il və cəmi stajı 27 il 07 ay 01 gün təşkil edir. Bundan isə ümumi iş stajı 27 il 07 ay 01 gün, xüsusi iş stajı isə 10 ildir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı və onun vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisələndirilən sığorta stajı “Mebel” Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında xadimə vəzifəsində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdür. İddiaçının mübahisələndirilməyən sığorta stajı isə 22 il 9 ay 22 gün təşkil edir. İş üzrə icraat materiallarına əlavə edimiş xx.xx.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və X2 və X5 hüquqi şəxsinin iddiaçıya dair xx.xx.2022-ci il tarixli **********61 nömrəli arayışında xx.xx.1991-xx.xx.1998-ci il tarixlər arasındakı dövr ərzində "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında xadimə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisənin xx.xx.2022-ci il tarixli **********62 nömrəli arayışında isə 1994-1998-ci il tarixlər arasındakı dövr ərzində əmək haqqı cədvəllərinin arxivdə olmadığı qeyd edilmişdir. İddiaçının 1994- 1998-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə uyğun deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ИТ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. -X2 və X5 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan SSR Tcarət Nazirliyinin (TN) "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin (RTPSB) 96 №-li əmri ilə xx.xx.1991-ci il tarixdən 29 №li mağazaya xadimə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli 195k №-li əmri ilə həmin tarixdən öz xahişi ilə işdən azad edilmişdir. -X2 və X5 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan SSR Tcarət Nazirliyinin "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında dekabr 1991-1993-cü illər əmək haqqı almışdır, onun 1994-1998-ci illər üzrə isə əmək haqqı cədvəlləri arxivdə yoxdur. -Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən hal-hazıradək Gəncə şəhər Yoluxucu Xəstəliklər xəstəxanasında kiçik tibb bacısı vəsifəsində işləyir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına uyğundur. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 25 ildən az (22 il 9 ay 22 gün) olduğuna və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablanığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 21777,07 manat təşkil etdiyinə görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Yuxarıda göstərilən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Belə ki, 1 iyul 2021 – 30 iyun 2022 dövrləri arasında qadınlar üzrə pensiya yaşı 62 il 6 ay nəzərdə tutulduğundan və güzəştli şərtlərlə pensiya yaşı nəzərdə tutulmuş pensiya yaş həddinin 5 il azaldılması ilə hesablandığından, iddiaçı artıq xx.xx.2021-ci il tarixdə güzəştli pensiya yaş həddində olmuşdur. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1981-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 25 ildən az (22 il 9 ay 22 gün) olması göstərilmişdir. Bundan əlavə, iddiaçının 1994-1998-ci illər üzrə "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi illərlə bağlı müəssisənin əmək haqqı cədvəlləri arxivdə saxlanılmadığından həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasının mümkün olmadığını qeyd etmişdir. İş materillarına əlavə edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, müəssisənin əmək haqqı cədvəllərinin aşkar edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin mühafizəsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlardan da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Beləliklə, iddiaçının xx.xx.1994-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi 4 il 4 ay 10 gün müddət sosial sığorta stajında daxil edildikdə onun sosial sığorta stajının ümumilikdə 25 ildən çox olması təsdiq olunur. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan 2011-2022-ci illər üzrə iddiaçının 10 il 7 ay güzəştli stajının olmasını qəbul etmişdir. Belə ki, iş materiallarında olan müvafiq arayışla müəyyən olunur ki, iddiaçının Gəncə şəhər Yoluxucu Xəstəliklər xəstəxanasında işlədiyi kiçik tibb bacısı vəsifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahıda nəzərdə tutulmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçının iş stajı ümumilkdə 25 ildən, tələb olunan güzəştli sığorta stajı isə 10 ildən çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçının xx.xx.1994-ci il tarixdən xx.xx.1998ci il tarixədək "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1994-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "Mebel" Respublika Topdan Pərakəndə Satış Birliyinin 29 saylı mağazasında işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1463/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1463/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver