Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1465/2020 18.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlillik altsistemində əlilliyinin etibarsız hesab edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF-nin Şəmkir Rayon şöbəsi ona qarşı Şəmkir Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış və qeyd etmişdir ki, onun “Əlillik altsistemi”ndə əlilliyi ləğv edilmiş, bu səbəbdən də xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək ona ödənilmiş 6984 manat məbləğində pulun ondan alınıb DSMF-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun “Əlillik altsistemi”ndə əlilliyinin ləğv edilməsi barədə qərar tamamilə əsassız və qanunsuz olmuşdur və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, xx xxxxx 1993-cü ildə Bakı şəhərinin Nasosnu qəsəbəsində yerləşən hərbi hissəyə, xx xxx 1993-cü ildə Qusar rayonu ərazisində yerləşən hərbi hissəyə getmiş və N ay orada qaldıqdan sonra N saylı hərbi hissəyə aparılmışdır. xx xxxx 1993-cü il tarixdə Ağdam rayonunun Əhmədabad kəndində almalıq sahəsinin yanında, kəndin baş tərəfində yerləşən bölüyə gəlmiş, xx xxxx 1993-cü ildə saat 11:00 radələrində minamyot snaryadının yanına düşməsi nəticəsində sağ dizindən qəlpə yarası almışdır. 2 saata yaxın kəndin almalıq deyilən yerində qaldıqdan sonra onu və digər yaralıları əvvəl sançasta, sonra isə Ağdam şəhərində yerləşən hospitala, daha sonra Bakı şəhərinə aparıblar. 3 gün burada müalicə olunduqdan sonra yer çatışmazlığı ilə əlaqədar onları yaşayış yeri üzrə xəstəxanaya göndərmişlər. Şəmkir rayon xəstəxanasında təxminən N aya yaxın müalicə olunduqdan sonra yerişində çətinlik olmasına baxmayaraq, onu evə buraxmamışlar. xx xxxxxx 1994-cü il tarixdə tam olaraq sağalmasa da, hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, 2018-ci ilin aprel ayından İİ qrup əlil kimi ona pensiya təyin edilmiş, 2020-ci ilin fevral ayından isə həmin pensiyanın ödənilməsi dayandırılmışdır. Hazırda onun “Əlillik altsistemi”ndə əlilliyinin ləğv edilməsi barədə qərar tamamilə əsassız və qanunsuz olmuşdur və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, onun əlil olmağına səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmalar olmuşdur və bu barədə Mərkəzi Hərbi Həki Komissiyasının qərarı vardır. Həmin qərar əsasında isə ona İİ qrup əlillik təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi iddia tələbində əlilliyin etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsini xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş sənədlərdən məlum olur ki, xx xxxxxx 2020-ci il tarixli **********1 nömrəli məktubu ilə təqdim edilmiş siyahıda adları qeyd olunan şəxslərin Azərbaycan Respublikasının Daxili İşlər ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticələrinə əsasən 840 nəfərin əlillik müayinəsi «Əlillik» altsistemində etibarsız edilmişdir. Bununla əlaqədar olaraq həmin şəxslərin pensiya, müavinət və ya təqaüd ödənişlərinin dayandırılması və artıq ödənilmiş vəsaitin bərpası rayon şöbələrinin rəhbərlərinə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACNE saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AACNE saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu əsasında etibarsız edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarında qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X1 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) yalnız DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi üçün Forma 88 Tibb İdarəsinə bilavasitə tabe olan X2 tibbi şəhadətləndirilməsi əsasında tərtib olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında da əlillik təyinatları aparmış və buna görə də daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Bu səbəbdən həmin vətəndaşlar barələrində tərtib edilmiş göndərişlər (Forma 88) ləğv edilmişdir. Göründüyü kimi, hazırkı cavabdeh inzibati orqan (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialı) tərəfindən əlliyinin etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmiş, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən tərtib olunmuş göndərişlər (Forma 88) ləğv edildiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən «Əlillik altsistemi»ndə İddiaçı aid qiymətləndirilmə etibarsız edilmiş, inzibati orqan tərəfindən hər hansı inzibati akt qəbul olunmamışdır. «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır. 2.1.2. maddəsinə əsasən tibbi-sosial ekspert komissiyaları vasitəsilə tibbi-sosial ekspertiza keçirərək, əlilliyinin qiymətləndirilməsi əsasında şəxsin sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edilməsi Xidmətin fəaliyyət istiqamətlərindədir. 3.1.2. maddəsinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Xidmətin vəzifəsidir. 4.1.2. maddəsinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarından narazı olan vətəndaşların müraciəti əsasında onları təkrar müayinə etmək, müayinənin nəticəsindən asılı olaraq qərar qəbul etmək, yaxud tibbi-sosial ekspert komissiyasının qərarını təsdiq və ya ləğv etmək Xidmətin hüququdur. Qeyd olunan normalardan məlum olur ki, əlliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarının müəyyən edilməsi, onların reabilitasiyasını həyata keçirən icra və bununla bağlı bütün səlahiyyətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələblərinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Məhkəmə qeyd edir ki, iddiaçı əlliyin bərpası və ya «Əlillik» altsistemində etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanın faktiki xarakterli hərəkətlərindən ilk öncə inzibati orqana müraciət etməli, daha sonra həmin tələblə aidiyyəti üzrə inzibati məhkəmədə iddia qaldırmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cavabdeh inzibati orqan tərəfindən inzibati akt-qərar qəbul edilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1465/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1465/2020
18.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver