Məhkəmə qərarları › İş №2-1(114)-1466/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1466/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1466/2021 28.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 29.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 26.01.2021-ci il tarixli **********885300 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26.01.2021ci il tarixli **********885300 nömrəli qərarla iddiaçıya 2020-ci ilin torpaq vergisi olaraq 5516,80 AZN+5516,80 AZN=11033,60 AZN məbləğində əsassız olaraq anoloji vergi hesablanmışdır. 08.05.2020-ci il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdıran fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) kimi iddiaçının da fəaliyyəti 2020-ci il ərzində dayandırıldığından bu qanunun 224.1.1-ci maddəsinə əsasən əmlak və torpaq vergiləri üzrə tam məbləğdə "xxxx" ASC də azad edilmişdir. Borcun yaranmasının səbəbi vergi orqanı tərəfindən 2020-ci ilin torpaq vergisinin 2019-cu ilə əsasən anoloji hesablanması olmuşdur. İddiaçı tərəfindən 2020-ci il üçün torpaq vergisinin dürüstləşdirilmiş hesabatı verilmiş və vergi borcu şəxsi vərəqədən silinmişdir. Lakin vergi orqanı tərəfindən 2020-ci ilin torpaq vergisi yenidən kameral olaraq hesablanmışdır. Məhkəmənin 03.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cəmiyyətin fəaliyyəti dəzgahların icarəyə verilməsindən və 2 ədəd Zil-131 markalı avtomobillə yüklərin daşınmasından ibarətdir, həmin avtomobillər icarəyə verilir, Cəmiyyət yük daşımır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2020-ci il üzrə tədiyyəçisi olduğu torpaq vergisinə dair vergi öhdəliyini düzgün hesablamadığı üçün mübahisləndirilən qərarla cavabdeh inzibati orqan tərəfindən 2020-ci il üzrə 11033.60 manat məbləğində torpaq vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən 2020-ci il üzrə cari torpaq vergisi bəyannaməsi təqdim edilməmiş, bu baxımdan vergi orqanı tərəfindən həmin dövr üzrə anoloji qaydada kameral vergi yoxlaması aparılmış və mübahisələndirilən qərar qəbul edilmişdir. İddianın əsasını koronavirus pandemiyasına görə vergi qanunverciliyindəki güzəştlərin iddiaçı cəmiyyətə münasibətdə də tətbiq edilməsi qeyd edilir. İddiaçı nəqliyyat fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 221.4.7ci maddəsinə əsasən X1 Xidmətindən nəqliyyat xidməti ilə məşğul olması üçün ümumiyyətlə “Fərqlənmə nişanları” almamışdır. Məhkəməyə təqdim edilən “Sərnişin və yükdaşımalara görə “Fərqlənmə nişanı” almış vergi ödəyiciləri barədə” hesabatda da iddiaçının sərnişin və yükdaşımalar görə “Fərqlənmə nişanı” almadığı görsənir. Həmçinin sərnişin və ya yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisidir. Vergi orqanında mövcud olan "xxxx" ASC-yə məxsus şəxsi hesab vərəqəsindən də göründüyü kimi Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəməmişdir. Yəni həmin verginin tədiyəçisi olmadığı üçün cəmiyyətə aid şəxsi hesab vərəqəsinin “Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə vərəqə” hissəsi boşdur. Cəmiyyət ümumiyyətlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmamışdır. "xxxx" ASC-yə aid olan uçot reyestr məlumatlarına görə cəmiyyətin iki fəaliyyət növü olmuşdur. Bu fəaliyyət növlərindən biri “yük avtomobil nəqliyyat vasitələrinin fəaliyyəti”, digəri isə “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”dir. Göründüyü kimi cəmiyyətə məxsus uçot məlumatlarında onun fəaliyyət növü yük daşıma fəaliyyəti ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 222.5.1-ci maddəsinə əsasən isə ancaq sərnişindaşıma fəaliyyəti ilə məğul olan subyektlərə koronavirus pandemiyasına görə müvəqqəti vergi rejimi tətbiq edilmişdir. Həmçinin Nazirlər Kabinetinin xüsusi karantin rejiminin tətbiqi ilə bağlı 30.03.2020-ci il tarixli 120 nömrəli, 01,05.2020-ci il tarixli 163 nömrəli, 16.05.2020-ci il tarixli 178 nömrəli qərarlarında yük daşıma fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyətlərin tətbiq edilməsi əks olunmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vaxtında təqdim edilməmiş bəyənnamənin təqdim edilməsi barədə” 20.11.2020-ci il tarixli, **********720700 nömrəli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC-dən 2020-ci il üçün torpaq vergisi üzrə cari bəyənnamənin təqdim edilməsi tövsiyə edilmiş, əks təqdirdə Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumatlara əsasən vergi və sığorta haqlarının hesablana biləcəyi bildirilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 30.11.2020-ci il tarixli, **********108600 nömrəli məktubundan görünür ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının başa çatdırılması üçün "xxxx" ASC-dən cari vergi bəyənnaməsinin, torpaq sahəsinin olubolmaması barədə izahat məktubunun və məktuba əlavə edilmiş təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin 13.07.2021-ci il tarixli, **********788100 nömrəli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən 2020-ci il üzrə torpaq vergisi bəyənnaməsi təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən əvvəlki ilin məlumatları əsasında analoji qaydada vergilər hesablanmışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.01.2021-ci il tarixli, **********6885300 nömrəli qərarının surətindən görünür ki, iddiaçı müəssisəyə 11.033,60 manat vergi hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26.01.2021-ci il tarixli **********885300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 2020-ci il üzrə 11033,60 manat məbləğində torpaq vergisi hesablanmışdır. İddiaçı isə ona hesablanmış vergi borcunun əsassız olduğunu iddia edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. -203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Qeyd edilən hüquq normalarının məzmunundan və işin faktiki hallarından göründüyü kimi iddiaçı torpaq vergisinin ödəyicisi olmuşdur. İddiaçı cəmiyyət tərəfindən 2020-ci il üzrə cari torpaq vergisi bəyannaməsi təqdim edilməmiş, bu baxımdan vergi orqanı tərəfindən həmin dövr üzrə anoloji qaydada kameral vergi yoxlaması aparılmış və mübahisələndirilən qərar qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddianın əsasını koronavirus pandemiyasına görə vergi qanunverciliyində nəzərdə tutulmuş güzəştlərin iddiaçı cəmiyyətə münasibətdə də tətbiq edilməli olduğu qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -220.5-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün yük daşınması ilə bağlı yükgötürmə qabiliyyəti üçün (hər tona) 1,0 manat, sərnişin daşınması ilə bağlı isə 1 oturacaq yeri üçün 1.8 manat sadələşdirilmiş vergi müəyyən edilir. -221.4.7-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir. -222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. -222.5-ci maddəsinə əsasən bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: -222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; -222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). İddiaçı nəqliyyat (sərnişin daşıma) fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən X1 Xidmətindən nəqliyyat xidməti ilə məşğul olması üçün ümumiyyətlə “Fərqlənmə nişanları” almamışdır. Məhkəməyə təqdim edilən “Sərnişin və yükdaşımalara görə “Fərqlənmə nişanı” almış vergi ödəyiciləri barədə” hesabatda da iddiaçının sərnişin və yükdaşımalar görə “Fərqlənmə nişanı” almadığı görsənir. Həmçinin sərnişin və ya yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisidir. Vergi orqanında mövcud olan "xxxx" ASC-yə məxsus şəxsi hesab vərəqəsindən də göründüyü kimi Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəməmişdir. Yəni həmin verginin tədiyəçisi olmadığı üçün cəmiyyətə aid şəxsi hesab vərəqəsinin “Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə vərəqə” hissəsi boşdur, deməli cəmiyyət ümumiyyətlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmamışdır. Bundan başqa iddiaçının hüquqi şəxsin adında nəqliyyat sözünün, fəaliyyət növlərindən birinin “Yük avtomobil nəqliyyat vasitələrinin fəaliyyəti” olmasına istinad edərək koronavirus pandemiyasından zərər çəkmiş sahə kimi göstərilməsi ilə bağlı dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, sözügedən hüquqi şəxsə aid uçot məlumatlarında bu kimi ifadələrin olması belə Vergi Məcəlləsinin koronavirus pandemiyasına görə tətbiq edilən müvəqqəti vergi rejiminin iddiaçıya da aid olmasına dəlalət etmir. Həmçinin qeyd edilməlidir ki, "xxxx" ASC-yə aid olan uçot reyestr məlumatlarına görə cəmiyyətin iki fəaliyyət növü olmuşdur. Bu fəaliyyət növlərindən biri “yük avtomobil nəqliyyat vasitələrinin fəaliyyəti”, digəri isə “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”dir. Göründüyü kimi cəmiyyətə məxsus uçot məlumatlarında onun fəaliyyət növü yük daşıma fəaliyyəti ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 222.5.1-ci maddəsinə əsasən isə ancaq sərnişindaşıma fəaliyyəti ilə məğul olan subyektlərə koronavirus pandemiyasına görə müvəqqəti vergi rejimi tətbiq edilmişdir. Bundan əlavə Nazirlər Kabinetinin xüsusi karantin rejiminin tətbiqi ilə bağlı 30.03.2020-ci il tarixli 120 nömrəli, 01,05.2020-ci il tarixli 163 nömrəli, 16.05.2020-ci il tarixli 178 nömrəli qərarlarında yük daşıma fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyətlərin tətbiq edilməsi əks olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş 26.01.2021-ci il tarixli **********885300 nömrəli qərar qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar