Məhkəmə qərarları › İş №2-1(114)-1467/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1467/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1467/2020 26.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialına qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 176 nömrəli peşə məktəbində baş mühasib, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-ci il tarixədək çörək kombinatında satıcı, 1984-cü ildə “Qələbə” üzümçülük sovxozunda iqtisadçı, 1997-ci ilin oktyabr ayından 1998-ci ilin may ayınadək keçmiş “Qələbə” üzümçülük sovxozunda qaraj müdiri vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 176 nömrəli peşə məktəbində baş mühasib, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-ci il tarixədək çörək kombinatında satıcı, 1984-cü ildə “Qələbə” üzümçülük sovxozunda iqtisadçı, 1997-ci ilin oktyabr ayından 1998-ci ilin may ayınadək keçmiş “Qələbə” üzümçülük sovxozunda qaraj müdiri vəzifəsində işləmişdir. Həmin illərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialına müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək xx.xx.1998-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 176 nömrəli peşə məktəbində baş mühasib, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-ci il tarixədək çörək kombinatında satıcı, 1984-cü ildə “Qələbə” üzümçülük sovxozunda iqtisadçı, 1997ci ilin oktyabr ayından 1998-ci ilin may ayınadək keçmiş “Qələbə” üzümçülük sovxozunda qaraj müdiri vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialı nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: Azərbaycan Respublikası Təhsil Nazirliyi X1 X7 xx.xx.2020-ci tarixli, 616 nömrəli arayışı; iddiaçıya məxsus AZE seriyalı, 13207635 nömrəli şəxsiyyət vəsiqəsinin surəti ; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 633 nömrəli arayışı; Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Tovuz rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2020ci il tarixli **********7 nömrəli “əmək pensiyasının təyin edilməməsi barədə” bildirişlərin surəti; Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 81 nömrəli arxiv arayışı; xx.xx.1974-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 176 nömrəli peşə məktəbində baş mühasib, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-ci il tarixədək çörək kombinatında satıcı, 1984-cü ildə “Qələbə” üzümçülük sovxozunda iqtisadçı, 1997-ci ilin oktyabr ayından 1998-ci ilin may ayınadək keçmiş “Qələbə” üzümçülük sovxozunda qaraj müdiri vəzifəsində işləmişdir. Həmin illərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 Tovuz rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 176 nömrəli peşə məktəbində baş mühasib, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-ci il tarixədək çörək kombinatında satıcı, 1984-cü ildə “Qələbə” üzümçülük sovxozunda iqtisadçı, 1997-ci ilin oktyabr ayından 1998-ci ilin may ayınadək keçmiş “Qələbə” üzümçülük sovxozunda qaraj müdiri vəzifəsində işləməsi Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 81 nömrəli arxiv arayışı və xx.xx.1974-cü il tarixli, ******* nömrəli əmək kitabçası ilə tam təsdiqi tapır. Məhkəmə qeyd olunan sənədləri iddiaçının sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi, İddiaçı ümumi 25 il 6 ay sosial sığorta stajı vardır və həmin staj müddəti ona pensiya təyin edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialı iddiaçının işlədiyi müddətin ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 176 nömrəli peşə məktəbində baş mühasib, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək çörək kombinatında satıcı, 1984-cü ildə “Qələbə” üzümçülük sovxozunda iqtisadçı, 1997ci ilin oktyabr ayından 1998-ci ilin may ayınadək keçmiş “Qələbə” üzümçülük sovxozunda qaraj müdiri işlədiyi müddətin (ümumi 25 il 6 ay müddətin) sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 176 nömrəli peşə məktəbində baş mühasib, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək çörək kombinatında satıcı, 1984-cü ildə “Qələbə” üzümçülük sovxozunda iqtisadçı, 1997-ci ilin oktyabr ayından 1998ci ilin may ayınadək keçmiş “Qələbə” üzümçülük sovxozunda qaraj müdiri işlədiyi müddətin (ümumi 25 il 6 ay müddətin) sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar