Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1467/2023 03.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 54 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2022-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək onun xx.xx.2003-cü ildə anadan olması barədə Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 54 nömrəli akt qeydinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-759/11 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə istinad edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 54 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Ukrayna Respublikası, Nikolayev vilayəti, Nikolayev şəhərində anadan olmuşdur. Bununla əlaqədar xx.xx.2004-cü il tarixdə Ukrayna Respublikası Nikolayev vilayəti ədliyyə idarəsində şəhər vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsi tərəfindən 03 nömrəli doğum akt qeydə alınmışdır. Lakin iddiçının valideynləri tərəfindən doğumun ikinci dəfə Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyində xx.xx.2003-cü il tarixdə 54 nömrəsi ilə qeydə alınmışdır. Doğumu Şəmkir rayon Şiştəpə kənd ərazi nümayəndəliyində qeydə alınarkən soyadı və doğum tarixi düzgün göstərilsə də, doğum yeri səhv göstərilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə, müvafiq sistemdə ona aid iki doğum akt qeydi aşkar olunmuş, bu isə şəxsiyyət vəsiqəsi almasına maneçilik törədir. Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyində xx.xx.2003-cü il tarixdə 54 nömrəsi ilə qeydə alınmış doğum akt qeydinin ləğv edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, imtina olunaraq məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, doğum şəhadətnaməsindən xəbəri olmamış, yalnız Azərbaycan Respublikasının pasportunu almaq üçün ASAN Xidmətə müraciət edən zaman ona belə doğum akt qeydinin mövcud olduğu bildirilmişdir. Belə düşünür ki, anası həmin dövrdə Şəmkir rayonunda rəsmi olaraq işləyirdi və doğuşa görə məzuniyyətdə olarkən Ukrayna Respublikasına getmişdi, iş yerindən məzuniyyətlə bağlı sənəd tələb edilən zaman anası həkim arayışını babasına təqdim etmişdir. Ola bilsin ki, babası anasının iş yerində problem olmasın deyə doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 3-16-518-25 nömrəli məktubla işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İşdəki sənədlərə görə: xx.xx.2003-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı 401924 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2003-cü il tarixdə Şəmkir rayonun Şiştəpə kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 54 nömrə ilə qeyd aparılmış, atası X4, anası X2r. Qeyd edilən yer Şəmkir rayon, Şiştəpə kənd İƏN göstərilmişdir. xx.xx.2004-cü il tarixdə Ukrayna Ədliyyə Nazirliyi Nikolayev vilayəti ədliyyə idarəsi Şəhər vətəndaşlıq vəziyyəti aktları qeydiyyat şöbəsi tərəfindən verilmiş 1-ФП seriyalı 154938 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2003-cü il tarixdə Ukraynanın Nikolayev vilayəti, Nikolayev şəhərində anadan olmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında 2004-cü ilin yanvar ayının 08 günündə 03 nömrə ilə qeyd edilmiş, atası X4 (milliyəti qeyd edilməmiş, Ukrayna vətəndaşı), anası X3r (milliyyəti azərbaycanlı, Azərbaycan vətəndaşı). İddiaçıya məxsus FV201683 nömrəli Ukrayna Respublikasının pasportunda iddiaçının doğum yeri Ukraynanın M.Mikolayev göstərilmişdir. İddiaçı Ukrayna Respublikasının vətəndaşı olmaqla ona ********* nömrəli Ukrayna vətəndaşlarının pasportu verilmişdir. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 09/04 nömrəli məktuba əsasən Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyində xx.xx.2003-cü il təvəllüdlü iddiaçı barəsində xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 54 nömrəli doğum haqqında akt qeydinə dair heç bir məlumat aşkar olunmamışdır. X1 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-955/2023 nömrəli məktubu ilə təqdim edilmiş doğum haqqında akt qeydinə əsasən iddiaçının doğum yeri Azərbaycan, Şəmkir, Şiştəpə kəndi, doğumu təsdiq edən sənəd isə Ukrayna, Doğum haqqında xx.xx.2003-cü il tarixli, 1313 nömrəli həkim arayışıdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X1 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur 166-cı maddənin tələblərinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır (166.1). Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir (166.2). Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür (166.3). “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 dövlət qeydiyyatı Qaydası"nın: 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Beləliklə, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “X1 dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). İddiaçı Ukrayna Respublikasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. İddiaçıya 2003-cü ildə Ukrayna Respublikasının müvafiq VVAQ İdarələrindən doğum haqqında şəhadətnaməsi alına bilməsə də, onun doğum qeydi Ukraynanın Nikolayev vilayəti, Nikolayev şəhərində vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında 2004-cü ilin yanvar ayının 08 günündə 03 nömrə ilə qeyd edilmişdir. Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 54 nömrəli akt qeydində iddiaçının doğum yeri Şəmkir rayonu, Şiştəpə kəndi göstərilsə də, doğum Ukrayna, Doğum haqqında xx.xx.2003-cü il tarixli, 1313 nömrəli həkim arayışı əsasında təsdiq edilmişdir. Digər tərəfdən, işdəki doğum akt qeydində doğum barədə məlumat verənin Alıyev soyadlı şəxs olması əks olunsa da, həmin şəxsin kim olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır. Habelə, cavabdeh qurum tərəfindən doğumun qeydə alınmasına əsas olmuş sənədlər aşkar olunmadığından, onun mövcudluğu müəyyən edilmədiyindən aparılmış doğum qeydin mötəbərliyinə ciddi şübhələr yaranmışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olduğundan həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı barədə Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 54 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1467/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1467/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver