Məhkəmə qərarları › İş №2-1(114)-1468/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1468/2020

21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1468/2020 21.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin olunması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İddiaçı xx.xx.1986-xx.xx.1988, xx.xx.1988-xx.xx.1993, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994xx.xx.2002, xx.xx.2012-xx.xx.2013-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya xx xxxx 2017-ci il tarixdə növbəti müayinə tarixi xx xxxx 2022-ci il müəyyən edilməklə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Gəncə şəhər Nizami rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdehin 206316H231 nömrəli xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı 2017-ci ilin iyul ayının 1-dək əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etməmişdir. İddiaçının müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə sosial müavinət təyin edilmişdir. Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən iddiaçıya əmək pensiyasının təyin olunması üçün 11 il 08 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qazanılmış 21.000 manat sığorta kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlərdən xx.xx.2006-cı ilədək 10 il 10 ay 22 gün sığorta stajı (8.075,48 manat sığorta kapitalı) və 04 il 10 ay 16 gün əyani təhsil aldığı müddət (3.516,46 manat sığorta kapitalı) – ümumilikdə 15 il 09 ay 07 gün sığorta stajı (11.591,94 manat sığorta kapitalı) olması məlum olur. Fərdi hesabın sığorta hissəsində qazanılmış sığorta kapitalı yetərli olmadığı üçün ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması imkan xaricindədir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı daha sonra dəqiqləşdirilmiş ərizə təqdim edərək hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Dövlət X5 publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən həmin ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddiasını müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək imtina məktubunda qeyd olunanlara uyğun izahat vermiş və bildirmişdir ki, iddiaçı hazırda sosial müavinət aldığı üçün ona əmək pensiyasının təyin olunması hazırda qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilməlidir. İddiaçı 2017-ci ildə əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmədiyi üçün ona pensiya deyil, sosial müavinət təyin olunmuşdur. Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət X4 əsasında Dövlət X5 publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət X4 nizamnaməsi təsdiq edilmişdir. İş materiallarında olan: - İT-İ0857262 nömrəli xx.xx.1986-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək 10 il 10 ay 22 gün sığorta stajı və 04 il 10 ay 16 gün əyani təhsil aldığı müddət olmaqla ümumilikdə 15 il 09 ay 07 gün sığorta stajı vardır. - Əmək və X3 Nazirliyi X1 müayinəyə dair məlumatından görünür ki, iddiaçıya xx xxxx 2017-ci il tarixdə növbəti müayinə tarixi xx xxxx 2022-ci il müəyyən edilməklə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iddiaçıya ikinci qrup əlillik xx xxxx 2017-ci il tarixdə təyin edildiyi üçün onun əlil kimi əmək pensiyası hüququ əldə edib-etməməsi məsələsinə də həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən qiymət verilməlidir. xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin redaksiyasına görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya əlilliyə görə pensiya təyin edə bilmək üçün onun 11 il 08 ay stajının mövcudluğu tələb olunur. Məhkəmə iddiaçının təhsil aldığı müddəti və əmək kitabçasında göstərilən məlumatları nəzərə almaqla onun 15 il 09 ay 7 gün sosial sığorta stajını topladığını müəyyən etmişdir. Belə ki, həmin nəticə mötəbərliyi mübahisələndirilməyən işdəki hüquq müəyyənedici sənədlərə əsaslanır və yuxarıda sadalanmış müddəaların tələblərində irəli gəlir. Nəzərə almaq lazımdır ki, cavabdeh əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini mübahisələndirməmiş, imtina məktubunda isə yalnız “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə istinadla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini bildirməklə iddiaçıya əmək pensiyasının təyin olunmasının mümkün olmadığını göstərmişdir. Məhkəmə həmin dəlili əsassız hesab edir. Çünki, iddiaçıya əlillik xx xxxx 2017-ci il tarixdə təyin olunmuşdur. Bu isə o mənaya gəlir ki, onun əlil kimi pensiya hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. Həmin vaxt qüvvədə olan qanunvericilik (“Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdək qüvvədə olan 12.1-ci maddəsinin redaksiyası) isə İİ qrup əlillərə pensiya təyin edilə bilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb etmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq həmin tələb xx xxxx 2017-ci ildən sonra yaranmış münasibətlərə, yəni həmin tarixdən sonra İİ və İİİ qrup əlillik almış şəxslərə münasibətdə tətbiq edilə bilər. İddiaçı isə əlilliyi xx xxxx 2017-ci il tarixdə almış və həmin tarixdə də tələb olunan sosial sığorta stajına malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı əlil kimi əmək pensiyası hüququ əldə etmişdir. Məhkəmə onu da qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.3-cü maddəsinə 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Ona görə də əlil kimi əmək pensiyası hüququ əldə etmiş iddiaçıya cavabdeh tərəfindən sosial müavinətin təyin olunması doğru deyildir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə iddiaçıya hüququnun yarandığı xx xxxx 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx xxxx 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar