Məhkəmə qərarları › İş №2-1(114)-1468/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1468/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1468/2023 26.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (arvadı) X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I.İşin halları

1. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin göndərişinə əsasən İddiaçı əlilliyi xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ona “Xronik tubulointerstisial nefrit, Hər iki böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmələrlə. Renal anemiya. XBÇ, terminal mərhələ. Proqramlı hemodializ (həftədə 3 dəfə). Ağırlaşma: N18.5 Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ, terminal mərhələ. Ağırlaşma: Y84.1 Böyrək dializi, Proqramlı hemodializ (həftədə 3 dəfə). Ağırlaşma: D64 Yanaşı xəstəliklər: Digər anemiyalar, Renal anemiya. M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin deformasiyaedici osteoxondrozu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda iddiaçı da daxil olmaqla siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aiddiyətinin olmadığı və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi bildirilmiş və bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir.

3. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək birinci qrup əlilliyə görə sosial müavinət və təqaüd ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən vətəndaşın əlilliyi etibarsız hesab edilmiş və nəticədə 4102 manat məbləğində artıq alınmış vəsait yaranmışdır.

4. İddiaçı tərəfindən 4102 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarın qanunsuz hesab edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, mübahisələndirmiş olduğu qərarda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən-xx.xx.2019cu il tarixədək İ dərəcə əlilliyə görə təqaüd ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Eksperiza və Reabiltasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatlarına əsasən İ dərəcə əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız hesab edildiyi üçün nəticədə 4102 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yuxarda qeyd olunan qərarı, yəni inzibati aktı, qeyri obyektiv və qanunsuz hesab edir. Belə ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yoxlanışından keçərək müvafiq olaraq xx.xx.2018-ci il tarixdən əlillik dərəcəsi almışdır. Həmin dərəcə əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən ona müvafiq olaraq əlillik üzrə təqaüd təyin edilmişdir. Lakin bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona heç bir rəsmi qərar göndərilmədən təyin olunmuş pensiya dayandırılmışdır. Əlilliyə görə edilmiş təqaüd müvafiq komissiyanın qərarı ilə onun müraciəti əsasında rəsmi sənədlərin yoxlanılmasına əsasən araşdırılaraq təyin edilmiş, sonradan isə heç bir əsas gətirilmədən təqaüd dayandırılmış və əlillik dərəcəsinin ləğv edildiyi bildirilmişdir. Ləğv edilməyə dair heç bir əsaslı qərar indiyədək onun ünvanına göndərilməmişdir. Halbuki, qərarda ünvana göndərildiyi qeyd olunur. Gəncə şəhər Kəpəz rayon filialının Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarından icra idarəsinə aparıldıqdan sonra xəbər tutmuş və DSMF Gəncə-Daşkəsən Regional filialına ərizə ilə müraciət edərək xx.xx.2022-ci ildə qərarı rəsmi surətdə almışdır. Ona təyin olmuş əlillik qanunverciliyə uyğun olmuş, heç bir qanunsuz hərəkəti olmamışdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

10. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

11. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarın cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada təqdim edilməsi müəyyən edilmir.

12. İş materiallarında olan ərizədən, o cümlədən iddia ərizəsində qeyd olunanlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən filialına ərizə ilə müraciət edərək, yaşadığı ünvana xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının qapıya gələrək onu Gəncə şəhəri üzrə icra idarəsinə apardıqlarını, orada olarkən barəsində əlillik qrupunun ləğvi ilə bağlı pul tələbinin olması barədə məlumat aldığını bildirmiş və həmin qərarın surətinin ona rəsmi qaydada təqdim olunmasını xahiş etmişdir.

13. İddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə sözügedən qərarın surətinin ona xx.xx.2022-ci il tarixli ərizəsindən sonra rəsmi qaydada təqdim edilməsini nəzərə almaqla, qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Gəncə şəhəri, İsax Cəfərov küçəsi, ev 1, mənzil 6) verilmişdir və Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər

17. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli sərəncam ilə iddiaçıya hüquqi yardım göstərildikdən sonra iddiaçı idda tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialının Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

19. İddiaçı şifahi məhkəmə baxışı iclasnda nümayəndəsi (arvadı) X3 ilə təmsil edilmiş və sonuncu iddiaçının xəstəliyi səbəbindən məhkəməyə gələ bilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçının nümayəndəsi (arvadı) X3 şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

23. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız edildiyi üçün nəticədə 4102 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sosial müavinət üzrə 2312.0 manat, Prezident təqaüdü üzrə 1790.0 manat olmaqla, ümumilikdə 4102.0 manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir. Bundan sonra həmin vəsaitin DSMF 18 saylı regional ərazi filialının hesabına qaytarılması haqqında iddiaçıya bildiriş göndərilmiş, lakin iddiaçı tərəfindən həmin məbləğin bərpası təmin edilməmişdir. Belə olduqda Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir. Fondun Gəncə şəhər Kəpəz rayon filialı həmin qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktub; - Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarının təsdiqli surəti.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə proses iştirakçılarılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı əlilliyi xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək birinci qrup əlilliyə görə ona cəmi 4102 manat məbləğində sosial müavinət və təqaüd ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərar qəbul olunmuşdur.

27. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək, göstərmişdir ki, əlillik təyinatı və təqaüd üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanunamüvafiq surətdə verilmişdir və onun hər hansı qüsurlu hərəkəti olmamışdır.

28. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

29. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

30. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

31. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

32. Hazırkı iş üzrə də mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının razılığının alınması halı müəyyən edilmir.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

34. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

35. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

36. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2020-ci il tarixli **********6 qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialının Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar