Məhkəmə qərarları › İş №2-1(114)-147/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-147/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-147/2022 12.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 05.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 20.09.2005-ci il tarixdə anadan olmuş X5 Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 802825 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 Federasiyasının Yaroslavl şəhərindən doğum haqqında şəhadətnamə almış, körpə ikən Gəncəyə gələrkən Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və şöbə tərəfindən uşağın Gəncədə doğulması barədə 2-ci doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, orada yaşayır, yeniyetmə oğlunu öz himayəsində Rusiyada yaşaması üçün ora aparmaq niyyətindədir. İddiaçının övladının həm Rusiya Federasiyası, həm də Azərbaycan Respublikası tərəfindən verilmiş şəhadətnamələri mövcuddur. Bu isə onlar üçün problemlər yaradır. Bu səbəbdən iddiaçı X5 Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 802825 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 07.12.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçının övladına aid doğum akt qeydi tibbi şəhadətnamə əsasında aparılmışdır, ona görə də məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 09.12.2019-cu il tarixli İİ-ГР 571124 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 20.09.2005-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində anadan olmuşdur. -surəti işə əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 31.07.2006-cı il tarixli 1169 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X8 20.09.2005-ci ildə Gəncə şəhərində anadan olmuş, uşağın doğumunu təsdiq edən sənəd qismində 13 saylı qadın məsləhətxanasının 29.07.2006-cı il tarixli 620526 nömrəli sənədi qeyd olunmuşdur. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 21.09.2021-ci il tarixli, 87 nömrəli məktubunun surətindən görünür ki, 20.09.2005-ci il tarixdə anadan olmuş X4 doğum akt qeydinin ləğv edilməsinin şöbənin imkan xaricində olması bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının övladı X8 20.09.2005-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində anadan olmuşdur. Qeyd olunan faktı Rusiya Federasiyasının Yaroslavl şəhər Frunze və Krasnoperekopskiy rayon VVAQ şöbəsi tərəfindən verilmiş 09.12.2019-cu il tarixli İİ-ГР 571124 nömrəli doğum haqqında şəhadətnamə də təsdiq edir. Sonradan iddiaçıya Azərbaycan Respublikasında yeni doğum haqqında şəhadətnamə verilmiş, nəticə etibarı ilə iddiaçının övladının 2 fərqli doğum haqqında akt qeydi olmuşdur. Bu hal isə iddiaçının övladı üçün müəyyən çəinliklərə səbəb olur. Bu səbəbdən iddiaçı Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 31.07.2006-cı il tarixli 1169 nömrəli doğum haqqında akt qeydini mübahisələndirmişdir. Məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydində yaranmış ziddiyətin aradan qaldırıması səbəbilə iddiaçının övladının doğumuna dair sonradan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 31.07.2006-cı il tarixli 1169 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -23-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -26-cı bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. -28-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 31.07.2006-cı il tarixli 1169 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 barəsində Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 31.07.2006-cı il tarixli 1169 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar