Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-147/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1957-ci il tarixdə Ağdam rayonun Keştazlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyadadır. İddiaçıya xx.xx.2006-cı il tarixdə Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən AA seriyalı 141634 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. xx.xx.1973-xx.xx.1974, xx.xx.1974-xx.xx.1975-ci və xx.xx.1977-xx.xx.1993-cü illərdə iddiaçı əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1977-xx.xx.1977-ci illərdə təhsil almışdır. İşdəki sosial arayışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixədək "xxxx" kiçik müəssisəsində 5 günlük iş həftəsi norması ilə işləmiş və 136 manat əmək haqqı almışdır. 4 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ilkin olaraq xx.xx.2015-ci il tarixdə, daha sonra xx.xx.2016-cı il tarixdə iddiaçıya xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 448 nömrəli qərarı ilə iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilən zaman iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı 19 il 01 ay 27 gün hesablanmışdır. "xxxx" kiçik müəssisəsi tərəfindən 2012-ci il üzrə 60 işçiyə 22.915 manat əmək haqqı hesablanmış, 750,84 manat işçilərin əmək haqqından tutulan gəlir vergisi olmuş, 2013-cü il üzrə 60 işçiyə 12.770 manat əmək haqqı hesablanmış, 560,94 manat işçilərin əmək haqqından tutulan gəlir vergisi olmuş, 2014-cü il üzrə 60 işçiyə 4.276 manat əmək haqqı hesablanmış, 191,56 manat işçilərin əmək haqqından tutulan gəlir vergisi olmuş, 2015-ci il üzrə 60 işçiyə 1.240 manat əmək haqqı hesablanmış, 2,80 manat işçilərin əmək haqqından tutulan gəlir vergisi olmuşdur. “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində əks olunan sığortaedən "xxxx" Kiçik Müəssisəsinin “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında Məlumat”ından (Forma B3) görünür ki, müəssisəsi tərəfindən 2012-ci il üzrə 10 işçiyə (həmin siyahıda iddiaçının adı yoxdur), 2014-cü il üzrə 4 işçiyə (həmin siyahıda iddiaçının adı yoxdur), 2015-ci il üzrə 10 işçiyə (həmin siyahıda yenə iddiaçının adı yoxdur) əmək haqqı ödənilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının sənədləri aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarla iddiaçıya pensiya təyin olunmasından imtina etmiş və iddiaçıya “yaşa görə əmək pensiyasının təyin olunmasından imtina barədə” xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktub göndərmişdir. Məktubda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən sizə xx.xx.2015-ci il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021- ci il tarixində əlillik müddətin bitməsi ilə əlaqədar əmək pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçaların və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil dövr nəzərə alınmaqla) 18 il 11 ay 14 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajını qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Xətai rayon filialına müraciət etməyi tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Ağdam rayonu, Keştazlı kəndində anadan olmuş, məcburi köçkündür. Sovet dövründən başlayaraq, yəni 1973-cü ildən müxtəlif fəaliyyət sahələrində uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş, son olaraq da xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində fəhlə vəzifəsində işləmişdir. Hüququnun yarandığı, yəni pensiya yaşına çatdığı üçün bununla bağlı DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Yaşa görə pensiya təyin olunması ilə bağlı müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixli imtina məktubu gəldi. Həmin imtina məktubunda iddiaçıya pensiya təyinatı ilə bağlı şərtlərə uyğun gəlmədiyi üçün pensiya təyin olunmasından imtina edildiyi bildirilmişdir. Belə ki, təqdim etdiyi əmək kitabçası və hərbi biletə əsasən sosial sığorta stajı müddətinin cəmi - 18 il 11 ay 14 gün təşkil etdiyi göstərilmişdir. xx.xx.2006-cı il tarixdən isə fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması qeyd edilmişdir. Halbuki, iddiaçı son olaraq xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində əmək müqaviləsi əsasında fəhlə vəzifəsində işləmişdir. Lakin həmin dövrdə işlədiyi müddət qanunsuz olaraq nəzərə alınmamış və ona pensiya təyin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunu tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində işlədiyi müddətdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmiş olmasa belə, bu, onun əmək fəaliyyəti ilə məşğul olmaması və sığorta stajının olmaması mənasına gəlmir. Həmin məsələyə nəzarət müvafiq dövlət orqanlarının səlahiyyətindədir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində sığortaolunanların hüquq və vəzifələri təsbit olunmuşdur. Həmin qanunda məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə sığortaolunanlar tərəfindən nəzarət edilməsi öhdəliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının "Sosial təminat hüququ" adlanan 38-ci maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin 3-cü hissəsində təsbit olunmuşdur ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı tərəfin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********1 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə baxılmış və Filialın müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun normalarına əsasən, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq: 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmis şərti ödəmir. İddiaçının xx.xx.2006-cı il tarixinədək 18 il 11 ay 14 gün sığorta stajına uyğun olaraq 15.381,70 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-ci il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 18 il 11 ay 14 gün təşkil edir. Həmin dövrə 1) Hərbi biletə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət keçdiyi 01 il 11 ay 14 gün; 2) Əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 17 il əmək fəaliyyəti dövrü. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 02 il 07 ay 04 gün təşkil edir: iddia ərizəsinə əsasən iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində işlədiyini iddia etdiyi 02 il 07 ay 04 gün. İddiaçının mübahisələndirilən sığorta stajı onun ümumi sığorta stajına daxil edildiyi halda belə yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş minimum sığorta stajı 25 il tamamlanmır. Belə ki, sözügedən dövrlər nəzərə alınsa belə iddiaçının sığorta stajı ümumilikdə 21 il 06 ay 18 gün təşkil edir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində işlədiyini iddia etsə də, Elektron "Sığorta Alt Sistemi"ndə onun məcburi dövlət sığorta haqlarını ödəməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra -"Qaydalar") 3-cü hissəsində Sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajına daxil edilir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. "xxxx" kiçik müəssisəsinin rəhbəri X3 məhkəməyə ərizə ilə müraciət edərək rəhbəri olduğu "xxxx" kiçik müəssisəsində İddiaçı adlı işçisi olmadığını və müqavilə bağlanmadığını bildirmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 22.1.1-ci maddəsinin tətbiqi ilə bağlıdır. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsi Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 14 mart 2022-ci il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İddiaçı iddia edir ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işləmişdir, həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmiş olmasa belə, bu iddiaçının əmək fəaliyyəti ilə məşğul olmaması və sığorta stajının olmaması mənasına gəlmir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaların 3.3-cü bəndinə əsasən hər bir sığortaolunan sığortaedəninin uçotda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu orqanında məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota alınmalıdır. 7.2-ci bəndinə əsasən Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” Qaydaların 2.4-cü bəndinə əsasən Тəsərrüfat subyekti olmayan sığortaedənlər olduqları (hüquqi ünvan) ərazi üzrə DSMF orqanlarında uçota durmalıdırlar. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Bu hal iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmamasına dəlalət edir. Digər tərəfdən cavabdehin elektron bazasında iddiaçının adına heç bir sosial sığorta ödənişləri müəyyən edilməmiş, sığortaedən "xxxx" kiçik müəssisəsi tərəfindən 2012, 2014 və 2015-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) isə iddiaçının adı olmadığı üçün həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqı sığortaolunan iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. Habelə, "xxxx" kiçik müəssisəsinin rəhbəri X3 da məhkəməyə təqdim etdiyi ərizəsində "xxxx" kiçik müəssisəsində İddiaçı adlı işçinin olmadığını və onunla əmək müqaviləsi bağlanılmadığını bildirmişdir Göründüyü kimi, iddia olunan dövr üzrə iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməsi faktı müəyyən edilmədiyindən, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan şərtləri ödəmədiyindən qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-147/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-147/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver