Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1470/2021 02.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09.05.2020-ci il tarixli, 13/i nömrəli əmrinin surətindən görünür ki, davamlı olaraq üzrlü səbəb olmadan xidmətə çıxmamaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 1.4, 2.2, 2.4, 2.5, 4.1 və 5.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə Həbsxananın Rejim-nəzarət şöbəsinin nəzarətçisi, ədliyyə baş çavuşu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14.05.2020-ci il tarixli, 434/K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı 21.06.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsində dövlət qanunlarına layiqincə riayət etməyini, 2015-ci il tarixdən 2021-ci ilin hazırki günlərin davamiyyətinə qədər onun şəxsi işinin, hərbi biletinin Penitensiar Xidmət İdarəsinin Kadr Şöbəsində olmağını və şəxsi iş vəsiqəsinin bu günə qədər özündə olmasını nəzərə almaqla xidmət etdiyi işinə bərpa edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 09.05.2020-ci il tarixli, 13/i nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin 4-cü kalonunda kiçik çavuş rütbəsində üç il altı ay müddətində heç bir qanunsuzluğa yol vermədən, üzərinə düşən vəzifəsini dövlət qanunları əsasında layiqincə yerinə yetirərək xidmət etmişdir. 2019-cu il tarixdə öz arzusu ilə iş yerini dəyişərək Azərbaycan Respublikasının ən ağır həbsxanası olan Qobustan həbsxanasında çavuş rütbəsi əsasında xidmət edirdi. Xidmət edən müddətdə, iş yerində soyuqlama nəticəsində xəstələnmiş, onu Nazirliyin nəzdində olan hospitala apararaq müalicə etmişlər. Müalicə qurtarandan sonra iş yeri olan Qobustan həbsxanasına qayıdaraq xidməti işində işləyərək xidmətini davam etdirmişdir. Həmin müddətdə xəstəliyi ilə əlaqədar həkim tərəfindən idarəyə göndərilən xəstəlik arayışı əsasında idarə tərəfindən ona 1200 manat xəstəlik pulu hesablanmışdır. Bir neçə aydan sonra Qobustan həbsxanasının rəis müavini Cahandar adlı şəxs onu yanına çağıraraq demişdir ki, sənin xəstəliyinə görə 1200 manat pul hesablanıb, həmin pulu kartından çıxardıb gətirib ona versin, həmin pul həbsxananın rəisi Avtandil Ağayevə çatacaq. Həmin vaxt rəis müavini Cahandara demişdir ki, onun “Kapital Bank”a 11800 manat kredit borcu var və həmin pulu kredit borcuna ödəyəcək. Kirayə haqqını, ümumi gündəlik kommunal xərclərini və yemək pulunu aldığı əmək haqqı ayın əvvəlindən axırına qədər ödəmir. Ona görə də həmin xəstəlik pulu olan 1200 manat pulu verə bilməyəcək. Həmin vaxtdan həbsxananın rəis müavini Cahandar və həmin həbsxananın rəisi Aftandil Ağayev onu işlədiyi işində dinc xidmət etməsinə imkan verməmişlər. Bu proses 8 ay davam etmişdir. Xidməti işini qəbul edən vaxtı yersiz olaraq tənqidi-təhqirli sözlərlə onun işləməyinə imkan verməmişlər. Nəticədə 2020-ci ilin may ayının 9-da növbəti işinə gedərək, xidməti işini qəbul etmək istəmiş, həmin vaxtı həbsxananın rəisi Avtandil Ağayev onu iş yerinə buraxmamış və mülayim söz ilə yavaş səs tonu ilə demişdir ki, “Sabiq, sən bu gün işi qəbul etmə, qayıt get evinə, mən çağıranda gələrsən”. Həmin vaxt həbsxananın bir rəisi kimi təklif etdiyi sözünü qəbul etmiş və qayıdıb kirayə yaşadığı evinə getmişdir. İki gün gözləmiş, rəis Avtandil onu işə çağırmamışdır. Üçüncü gün xidməti işinə getmiş, həmin vaxtı onu xidməti işinə buraxmamışlar. Şifahi olaraq demişlər ki, həbsxananın rəisi Avtandil tapşırıq verib ki, Sabiqi işə buraxmayın. Həmin vaxt 10 gün Avtandilin qəbuluna düşmək istəsə də, Avtandil onu qəbul etməmişdir. İşdən çıxmağı barədə əmrini bir il iki ay müddətində tələb etsə də, bu günə qədər əmrin çıxarışını ona verməmişlər. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2020-ci ilin may ayının 19-dan 2021-ci ilin iyun ayının axırına qədər penitensiar xidmət idarəsinin bir qrup vəzifəli şəxsləri tərəfindən kobud surətdə qanun pozuntuları etdiklərinə görə Azərbaycan Respublikasının Prezidentinə, Vitse-prezidentə, Baş prokurora, Baş nazirə, Ədliyyə nazirinə, Dövlət Təhlükəsizlik Komitəsinin sədrinə, Penitensiar İdarəsinin rəisinə bir il iki ay müddətində maddi və mənəvi zərər çəkərək dövlət poçt xərclərini ödəyərək qəbula düşmək üçün teleqramlar vurmuş və şikayət ərizələri yazmışdır. Nazirlər Kabinetinin qərarı əsasında COVİD-19 virus xəstəliyi ilə əlaqədar çəkdiyi xərclər əsasında qəbula düşmələri mümkün olmamışdır. Həmin ərizələr və teleqramlar respublika rəhbərləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinə göndərilmişdir ki, onların iştirakı ilə araşdırılsın, qanun pozan vəzifəli şəxsin haqqında tədbir görülsün. Həmin ərizə və teleqramlardakı tələblər idarəsinin bir qrup vəzifəli şəxsləri tərəfindən heç bir araşdırma aparılmadan Respublika rəhbərlərinə yalan rəsmi məlumat verərək şikayətlərini ört-basdır etmək istəmişlər. Bir il iki ay müddətinə Respublika rəhbərlərinə hüquqi qaydada şikayətləri davam edəndən sonra Baş prokuror tərəfindən şikayət ərizələri Bakı şəhər prokuroruna göndərilmişdir. Bakı şəhər prokuroru rəsmi cavab vermişdir ki, şikayətləri ilə bağlı məhkəməyə iddia ərizəsi verə bilərlər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı qulluq keçməsinə 14.05.2020-ci il tarixli 434/K nömrəli əmrlə 09.05.2020-ci il tarixdən xitam verilmiş, lakin o, iddia ərizəsi ilə 2021-ci ilin iyun ayında məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Odur ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, işdən azad olunması ona məlum olsa da, əmr ona rəsmi qaydada təqdim edilməmişdir. Bir il iki ay müxtəlif instansiyalara etdiyi şikayətlərin nəticəsi olaraq Bakı şəhər prokurorluğunun 16.05.2021-ci il tarixli məktubunda məhkəməyə müraciət etməsi göstərilmişdir. Odur ki, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 26.09.2020-ci il tarixli 17/3-12060 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin 04.08.2020-ci il tarixli 02/S-3042 nömrəli, 25.09.2020-ci il tarixli 02/İ-3042 nömrəli məktublarının surətindən məlum olur ki, iddiaçı işdən azad olunmasından məlumatlı olmuş və bununla bağlı müxtəlif instansiyalara şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan və iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14.09.2020-ci il tarixli 17/9-11263 nömrəli məktubundan görünür ki, İddiaçı xidməti fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə 09.05.2020-ci il tarixdə ədliyyə orqanlarından xaric edildiyindən onun digər cəzaçəkmə müəssisəsinə keçirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən karantin rejimi və Bakı şəhər prokurorunun 16.05.2021-ci il tarixli məktubuna əsasən məhkəməyə müraciət etməli olmasının göstərilməsi ilə əlaqələndirməsi dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, elan olunmuş karantin rejimi vətəndaşların məhkəmələrə müraciət etməsinə, məhkəmə qərarlarını əldə etməsinə, eləcə də iddia ərizələrini təqdim etməsinə maneə olmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiaçının nümayəndəsinə ünvanlanmış 16.03.2021-ci il tarixli 17/3- 460 nömrəli məktubunda qeyd edilmişdir ki, Nümayəndə (iddiaçının atası) Xidmətin Baş idarəsinə dəvət edilməsinə baxmayaraq maddi vəziyyəti ilə əlaqədar hazırda qəbula gələ bilməyəcəyi barədə məlumat vermiş, qəbulda iştirak etməyi mümkün olduğu təqdirdə əvvəlcədən telefon əlaqəsi saxlamaqla xidmətin Baş idarəsinə gələ biləcəyi göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin 04.08.2020-ci il tarixli 02/S-3042 nömrəli və 25.09.2020-ci il tarixli 02/İ-3042 nömrəli məktublarında iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumat qeyd edilmişdir. Məhkəmə iddiaçının prosessual müddətin bərpasına əsas kimi qeyd etdiyi əmrin ona təqdim edilmədiyinə də münasiət bildirərək göstərir ki, iddiaçı həmin əmrdən ən geci ona müvafiq orqanlar tərəfindən yuxarıda qeyd edilən cavab məktublarının göndərildiyi tarixdən məlumatlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü səbəb hesab edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, işə bərpa olunması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1470/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1470/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver