Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1470/2023 26.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) X3 iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 nömrəli qərarının subyekt siyahısında üçüncü şəxslərə münasibətdə qismən etibasız hesab edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarına əsasən (X2) İddiaçı 999.24 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə AN 087923 saylı Torpaq sahəsinin plan və ölçü sənədi tərtib olunmuşdur.
2. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-753/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli 20 saylı qərarı ilə verilmiş AN-087923 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinin X4 məxsus olması faktı müəyyən edilmişdir.
3. İddiaçı Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 0.099924 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi xx.xx.2022-ci il tarixli müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün subyekt siyahısında adları qeyd olunan ailə üzvlərinin (payçıların) da şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etdiyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxlacaqdır.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının üçüncü şəxslərə münasibətdə qismən etibarsız hesab edilməsi və yeni torpaq sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, yerlərdə kolxoz və sovxozların ləğv olunması ərəfəsində yəni Gədəbəy rayon XDSİK-nin xx.xx.1995-ci il tarixli 65 nömrəli və Gədəbəy rayon Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli 02 saylı protokolunun qərarını ilə ona "Milisə yeri" adlanan ərazidən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsini indiyədək istifadə edir. Gədəbəy rayon AİK-nın xx.xx.2002-ci il tarixli 20 nömrəli qərarı əsasında onun adına torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Həmin plan ölçü sənədində onun soyadı və ata adı texniki olaraq səhv qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istədikdə sözügedən sənəddə olan yanlışlıqdan xəbərdar olmuşdur. Hüquqmüəyyənedici sənədin ona məxsus olması barədə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin olunmuşdur. Onun təkrar müraciətinə İdarə tərəfindən bildirlmişdir ki, vətəndaşların subyekt siyahısında ondan əlavə başqa adlarını qeyd edilən şəxslər subyekt siyahısında səhvən onun ailə üzvüləri kimi qeyd edilmişdir. Ona görə də DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən ona çıxarışın verilməsindən imtina edilmişdir. Hal-hazırda həmin şəxslər onunla eyni kənddə yaşamaqla onun həyat yoldaşının əmisi oğlunun ailə üzvləridirlər. Həmin şəxslərlə onların şəxsi münasibətləri qeyri-normal olduğundan həmin şəxslər könüllü olaraq DƏDRX-nin 11 saylı ərazi idarəsinə imtina ərizəsi verməkdən imtina edirlər. Bu səbəbdən o, adıma olan 0.10 ha torpaq sahəsinə dair çıxarış ala bilmir. Hazırda nə yerli, nə də ki rayon AİK mövcud deyil, ona görə də bu işlərin həll edilməsi DƏDRX-nin 11 saylı ərazi idarəsinin səlahiyyətləri çərçivəsində həll edilməlidir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
7. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, Gədəbəy rayon AİK-in xx.xx.2002-ci il tarixli 20 nömrəli qərarının qismən etibarsız hesab edilməsi tələbinin yönəldiyi cavabdeh orqanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsi deyil, ləğv edilmiş aqrar islahat komissiyalarının hüquqi varisi kimi Gədəbəy Rayon İcra Hakimiyyəti olduğu, ona görə də cavabdeh qismində onu göstərməli olduğu, həmçinin yeni torpaq sənədinin verilməsi tələbinin qeyri-müəyyən olduğu bildirilmiş və qeyd edilən xətaların aradan qaldırılması üçün vaxt təyin edilmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh - Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 nömrəli qərarı əsasında ona 0.10 ha həyətyanı torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin (subyekt siyahısında üçüncü şəxslərə münasibətdə) qismən etibarsız hesab edilməklə həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində iddiada yol verdiyi xətaların aradan qaldırılması əvəzinə, əsl cavabdeh qismində cəlb edilməsini xahiş etdiyi orqana qarşı yönəlməyən və münasib olmayan tələb irəli sürdüyündən, məhkəmə iddiaçının dinlənilmək hüququ təmin edilməklə ona iclasda hüquqi yardım göstərilməsini məqsədəuyğun hesab etmiş və bu səbəbdən iddia ərizəsi üzrə mümkünlük iclası əvvəlcə xx.xx.2023-cü il tarixə təyin edilmiş və həmin iclasda tərəflər, xüsusən də iddiaçı iştirak etmədiyinə görə mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir.
10. İddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehin əsl cavabdeh - Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 nömrəli qərarının (subyekt siyahısında üçüncü şəxslərə münasibətdə) qismən etibarsız hesab edilməsinə dair qərar çıxarılması xahiş edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icaatına qəbul edilmişdir.
11. İddiaçı məhkəmə iclasında nümayəndəsi olan əri ilə təmsil olunmuş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
12. İddiaçı nümayəndəsi (əri) X6 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, göstərmişdir ki, 999.24 kv.m torpaq sahəsi yalnız arvadı İddiaçı mülkiyyətinə verilsə də, Aqrar İslahat Komissiyasının qərarında onun uzaq qohumlarının da adı payçı kimi qeyd edildiyindən həmin torpaq sahəsini adlarına qeydə aldıra bilmirlər. Ona görə də, AİK-in sözügedən qərarını məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsini istəyirlər.
13. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, AİK-in qərarı 2002-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, onların bundan 2022-ci ildə məlumatları olmuşdur. Məlumatları olsaydı, ötən 21 ildə qərarı mübahisələndirərdilər.
14. X1 yazılı vəsatət təqdim edərək, iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpası olunmasını xahiş etmişdir.
15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
16. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
18. İddia ərizəsinin məzmunu, iddiaçının nümayəndəsinin izahatı və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ona 999.24 kv.m torpaq sahəsinin ayrılması barədə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 nömrəli qərarının etibarsız sayılmasını tələb edir. Həmin tələbi inzibati aktın etibarsızlığının tanınması ilə bağlıdır və müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olubolmamasının aydınlaşdırılmasından ibarətdir.
19. Azərbaycan Respublikası İPM-ə görə: Maddə 2.22. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
20. İnzibati-Prosessual Məcəlləsində müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir.
21. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır.
22. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir.
23. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.
24. Göründüyü kimi qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük – 1) iddiaçının kifayət qədər marağının olması; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması şərtini müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər.
25. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır.
26. Məhkəmə qeyd edir ki, hazırkı iddia, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur.
27. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl xx.xx.2002-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir.
28. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
29. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.
30. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
31. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
32. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış və mübahisələndirilən qərarın qəbulundan 21 ildən çox müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia qaldırmaqla, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.
33. İddiaçı tərəf müddətin buraxılmasının üzrlü səbəbləri barədə sübut növləri təqdim etmədiyi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin müddətin bərpası barədə vəsatəti rədd edilmişdir.
34. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
36. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
37. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən gəldiyi qənaətə görə, iddiaçının 21 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, onun bu marağının artıq itdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir.
38. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi mümkün sayılmamalıdır.
39. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva