Məhkəmə qərarları › İş №2-1(114)-1471/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1471/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1471/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin müddətsiz təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli qərarında əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək xidməti vəzifələrini həyata keçirilməsi ilə əlaqədar ikinci qrup müddətsiz əlilliyin 2016-cı ildən dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13942/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı AR Silahlı qüvvəlarində 1998-ci ildən 2000-ci ilədək hərbi xidmətdə olmuşdur, 2000-ci ildan 2006-cı ilədək Azarbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X4 polis nəfəri kimi xidmət etmişdir. xx.xx.2006-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarasinin X4 göndərişinə əsasən, Daxili İşlər Nazirliyinin Xüsusi həkim Komissiyasından keçmiş, həmin komissiyanın qərarına əsasən, keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı kiçik qalıqlar formasında xəstəlik müşahidə edilmiş və xəstəliyin xidmət dövründə alması göstərilmiş va DİO-da xidməta yararsız olması qərara alınmışdır. İddiaçıya 2006-ci il tarixdə ilkin müayinə zamanı ikinci dərəcəli 1 il müddətinə əlillik təyin edilmişdir, əlillik səbəbi kimi xəstəliyin DİO-da xidmətkeçmə dövründə alınması ilə əlaqədar əlillik qeyd edilmişdir. 2016-ci il tarixdə təkrar müayina zamanı ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik səbəbi kimi xəstəliyin DİO-da xidmətkeçmə dövründə alınması ilə əlaqədar əlillik qeyd edilmişdir. xx.xx.2021-cu il tarixdə təkrar müayinə zamanı ikinci dərəcəli əlillik təyin edilmişdir. səbəbi; ümumi xəstəlik, Diaqnoz; insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet tip İl tələbli mərhələ qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın ona əvvəllər müəyyən etdiyi əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı hərəkəti qanunsuz olmuşdur. Cavabdeh 2006 il tarixindən, yəni ona hərbi əlil kimi 2021-ci ilin avqust ayının 23-nə kimi vaxtlı vaxtında 10 (on) il müddətində hərbiçi əlilin əmək pensiyasını və bütün müavinətlərini ona odəyib. Bu səbəbdən də iddiaçı əlillik dərəcəsinin müddətsiz yox, 5 illik uzadılmasından xəbərsiz olmuşdur. İddiaçıya 2016-cı ildən müddətsiz əlillik təyin olunmalı olduğu halda, inzibati orqan qanusuzluq edərək, 5 illik təyin etmiş və təkrarən yenidən 5 ildən sonra müayinədən keçirərək, onun əlilliyini ümumi əsaslarla müəyyən etmişdir. Sonuncu dəfə 2016-cı il tarixdə iddiaçıya ikinci dərəcəli, xidmətkeçmə dövründə xəsarət ilə əlaqadar əlillik müəyyən olunduğu və bu inzibati akt qüvvədə olduğu halda, hər hansı inzibati icraat aparılmadan və iddiaçı icraatda iştirak etmədən cavabdeh onun əlilliyinin müddətinin va səbəbinin dəyişdirilməsi nəticəsinə gəlmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının müvafiq ərizəsinə əsasən iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarının qismən ləğv edilməsi və xx.xx.2016-cı il tarxidən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2006-cı ildən davamlı olaraq 2016-cı ilədək əlillik dərəcəsi verilib. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş DİN Xüsusi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli, 90 nömrəli qərarından görünür ki, İddiaçı qoyulmuş diaqnoz: «keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı kiçik qalıq əlamətləri (fibroz və kiçik ocaqlar şəklində)» Xəstəlik DİOda xidmətkeçmə dövründə alınmışdır. -surəti işə əlavə edilmiş alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlardan görünür ki, İddiaçı «keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı kiçik qalıq əlamətləri, fibroz və kiçik ocaqlar şəklində» diaqnozuna əsasən xx.xx.2006-cı il tarixdə 1 il müddətinə 3-cü dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə eyni diaqnoza əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə «Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi, Kecirilmiş sol tərəfli ağ ciyərin vərəmindən sonrakı kicik qalıq əlamətləri. Sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı qalıq əlamətləri. TÇ İl dər» diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik və xx.xx.2021-ci il tarixdə «insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet tip İl tələbli mərhələ» diaqnozuna əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarından görünür ki, İddiaçı təqdim etdiyi 27.07.21-06.08.21, 08.02.22-18.02.22-ci il tarixli epikrizlərdə onun "İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Səkərli diabet tip İl tələbli mərhələ" diaqnozları ilə müalicə alması məlum olmuş, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə (Sol ön qamış arteriyaları tam akulizatsiyaya uğrayıb) əsasən xəstəliyin ağırlaşması ümumi səbəbdən əlillik təyininə əsas verir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən Diaqnoz əlillik əlaməti təyin etmir və 2.2.7 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş « keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı kiçik qalıq əlamətləri, fibroz və kiçik ocaqlar şəklində » diaqnozuna əsasən xx.xx.2006-cı il tarixdə 1 il müddətinə 3-cü dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə eyni diaqnoza əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə «Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi, Kecirilmiş sol tərəfli ağ ciyərin vərəmindən sonrakı kicik qalıq əlamətləri. Sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı qalıq əlamətləri. TÇ İl dər» diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik və xx.xx.2021-ci il tarixdə «insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet tip İl tələbli mərhələ» diaqnozuna əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. -4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaya dair cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya 2006-cı ildən xx.xx.2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynidir. Bu baxımdan da xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək eyni xəstəlikdən əziyyət çəkən şəxsə əvvəlki xəstəliyindən fərqli diaqnoz (insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet tip İl tələbli mərhələ) qoyularaq, eləcə də əlilliyin səbəbli əlaqəsi (hərbi xidmət dövrü ilə əlaqədar) dəyişdirilərək ümumi xəstəlik səbəbindən əlillik təynatı qanunsuz olmuşdur. Həmçinin müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 8 il müddətinə fasiləsiz 3-cü dərəcə əlillik, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək isə eyni diaqnoza əsasən fasiləsiz 2 il müddətinə 2-ci dərəcə dərəcə əlillik təyin edilmişdir. Bu isə onu deməyə əsas verir ki iddiaçı eyni xəstəlikdən fasiləsiz olaraq 10 ildir ki əziyyət çəkir və qeyd olunan müddət ona müddətsiz əlillik təyinatına əsas verir. Başqa sözlə iddiaçı xx.xx.2021-ci il tarixədək artıq 10 il müddətinə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona müddətsiz (ömürlük) 2-ci dərəcə əlillik təyin edilməli idi. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatı zamanı onun əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi, eləcə də əlilliyin 5 il müddətinə təyin edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və ona xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar