Məhkəmə qərarları › İş №2-1(114)-1472/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1472/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1472/2021 22.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə 01.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 16.08.1984-cü ildən SSRİ Silahlı Qüvvələrində, 13.07.1993-cü ildən isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi həkim kimi fəaliyyət göstərmiş və hazırda da hərbi xidmətimi davam etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Müdafiə Nazirliyində Azərbaycan ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xitmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçının 37 illik hərbi xidməti olmağına və hazırda da xidmətini davam etdirməyinə baxmayaraq hazırki günə kimi mənzillə təmin olunmamışdır. Bununla bağlı Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət etsə də, İdarədən imtina verilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, məhkum edildiyi bildirilmişdir. Barəsində aparılmış cinayət işi onun xəbəri olmadan olmuş və bu cinayətin onun xidməti ilə bağlı hər hansı bir əlaqəsi olmamışdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin 04.08.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddia müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 26.07.2021-ci il tarixli, 11/3550 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunanlar nəzərə alındıqda iddiaçını həmin kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına salmaq Fərmana uyğun deyildir. Belə ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 02.09.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Qeyd edilənlər buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmamışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə Hərbi Məhkəməsinin 02.09.2005-ci il tarixli ***-**** nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 66.2-ci maddəsinə əsasən şərti maliyə vəsaiti məbləğinin 400 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. -surəti işə əlavə edilmiş 24.12.2012-ci il tarixli MN ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. -N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 23.06.2021-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, tibb xidməti polkovnik-leytenantı İddiaçı N nömrəli hərbi hissənin irinli cərrahiyyə bölməsinin rəisi vəzifəsində 27.12.2000-ci il tarixdən halhazıradək xidmət etdiyi müddət ərzində özünü müsbət tərəfdən göstərmiş, vəzifəsinin öhdəsindən məharətlə gəlmiş, qarşısına qoyulan əmr və tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 25.06.2004-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, 26.06.2005-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, 19.07.2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, 25.06.2010-cu il tarixli ilə “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, 24.06.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, 24.06.2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə 1-ci dərəcəli”, 07.05.2014-cü il tarixli əmri ilə “Silahlı Qüvvələr veteranı”, 26.06.2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə, eləcə də Vətən müharibəsi günlərində göstərdiyi fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunması” və “Laçının azad olunması” medalları ilə təltif edilmişdir. -N nömrəli hərbi hissənin 23.06.2021-ci il tarixli 597 nömrəli arayışından görünür ki, tibb xidməti polkovnik-leytenantı İddiaçı həqiqətən 13.07.1993-cü il tarixdən Azərbaycan Ordusunda, 20.08.1997-ci il tarixdən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdədir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 03.06.2021-ci il tarixli 2812 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ümumilikdə 28 il qüsursuz hərbi xidmətdə olduğu nəzərə alınaraq mənzilə ehtiyacı olduğu üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi məqsədilə mənzil növbəsinə alınmasını tələb etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi iddiaçının məhkum edilməsi və bu xidmətinin qüsursuz olmaması göstərilmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 02.09.2005-ci il tarixli ***-**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 66.2ci maddəsinə əsasən şərti maliyə vəsaiti məbləğinin 400 misli miqdarında cərimə cəzasına məhkum edilmiş və ona təyin olunmuş 400 misli miqdarında cərimə 2006-cı ilin sentyabr ayınadək tam ödənilmişdir. Qeyd olunan hökmün məzmunundan görünür ki, iddiaçının törətdiyi cinayət əməlinin onun xidməti fəaliyyəti ilə bağlılığı yoxdur. Bundan əlavə cavabdehin dəlilinin əsassızlığı barədə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndində qeyd olunur ki, “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26.06.2005-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, 25.06.2010-cu il tarixli əmri ilə “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, 24.06.2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə 1-ci dərəcəli” medallarla təltif olunmuşdur Bundan əlavə, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 07.05.2014-cü il tarixli əmri ilə “Silahlı Qüvvələr veteranı” medalı ilə təltif olunmuşdur. Həmçinin iddiaçı Vətən müharibəsi günlərində göstərdiyi fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunması” və “Laçının azad olunması” medalları ilə də təltif edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsində qeyd olunmuşdur ki, Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq tərkibdə Komissiya yaradılsın. Həmin Fərmanın 3-cü hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti Komissiya tərəfindən nəzərə alınsın. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, eyni zamanda onun tərəfindən törədilmiş cinayət əməlinin onun xidməti fəaliyyəti ilə bağlılığı olmadığından həmin Fərman ona da şamil edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısına salınmaqla mənzil növbəsinə götürülməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar