Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1474/2025 29.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təqdim olunan sənədlər əsasında DƏDKR-də qeydə alınması və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təqdim olunan sənədlər əsasında DƏDKRdə qeydə alınması və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi Bərdə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 2 ünvanında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təqdim olunan sənədlər əsasında DƏDKRdə qeydə alınması və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 60 kvm yaşayış, 36 kvm köməkçi sahəsi 2 nömrəli yaşayış evi 001134 nömrəli, qeydiyyat nömrəsi 180601261, resytr nömrəsi **********98-10301, qeydiyyat tarixi 14 09 2006-cı il olan çıxarışla ona məxsus xüsusi mülkiyyətdir. Lakin cavabdeh inzibati qurum həmin çıxarışı ona verərkən təəssüf ki fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 12876 invertar nömrəli, 14 avqust 2012-ci il tarixli texniki pasportunda qeyd edilmiş 0.05 torpaq sahəsi üzərində mülkiyyət hüquqnu qeydə almamışdır. Cavabdeh inzibati orqana olan yazılı müraciətindən sonra, cavabdeh inzibati orqandan aldığı xx.xx.2024-cü tarixli 3-21-3-46/2-3652/2024 saylı cavab məktubunda cavabdeh olan inzibati orqan 0.005 ha torpaq üzərində mülkiyyət hüququnun qeydə alınmasında imtina etdiyini bəyan edir. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Torpağının qeydə alınması vacibdir, çünki bu mülkiyyət bölgəsində yerləşir və onun mülkiyyətində olan bir hissəsidir. Torpağın onun adına qeydə alınması, mülkiyyətinin tam bir şəkildə qorunmasını təmin edəcək və hüquqi münasibətlərinin daha da sağlamlaşmasına kömək edəcəkdir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. (AR KM-nin V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli Qərarı). II. Prosessual məsələlər
3. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
4. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək cavabdeh orqandan qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin ünvan və məlumatlarını dəqiqliklə qeyd etdiyi və tələbini aydın, düzgün ifadə etdiyi ərizənin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. İddiaçı tərəfindən tələb dəqiqləşdirilməmişdir.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
8. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, torpaq sahəsi Bərdə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 2 ünvanında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təqdim olunan sənədlər əsasında DƏDKRdə qeydə alınması və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Həmin ddia tələbi qeyri-müəyyəndir, yəni iddiaçının məhkəmədən tələbi iddia ərizəsində aydın ifadə edilməmişdir.
10. Belə ki, iddia ərizəsinin “xahiş etdi” hissəsi belə qeyd edilmişdir: “Evimin mülkiyyətini qeydə alan sənədin torpağımı da əhatə etməsinin təmin edilməsi və torpağımın da mülkiyyətini qeydə alacaq sənədin hazırlanması məqsədilə mənə məxsus xüsusi mülkiyyət olaraq rəsmi şəkildə qeydə alınmış Bərdə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 2 ünvanında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun təqdim olunan sənədlər əsasında DƏDKR-də qeydə alınmasına və bu vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edirəm”.
11. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş sənədlərlə müəyyən edilir ki, MH seriyalı ******* nömrəli çıxarışla Bərdə şəhəri, şah İsmayıl küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60 kv.m yaşayış, 36 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır.
12. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 9-cu bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
13. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva