Məhkəmə qərarları › İş №2-1(114)-1476/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1476/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1476/2025 09.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X11 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «məxsus olma barədə arayışın verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «məxsus olma barədə arayışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 1956-cı ildə məhrum atası X4 verilmişdir. 2004-cü ildə mənzil Samux rayon DTİ və MHQİ-nin 26 yanvar 2004-cü il tarixli 01 saylı özəlləşmə qərarına əsasən atası X2 adına özəlləşdirilmişdir. 20 sentyabr 2004-cü il tarixində atası vəfat etmişdir. Onun vəfatıından sonra sözügedən mənzil onun tərəfindən idarə olunmuş, bununla da mirası faktiki olaraq qəbul etmişdir. Mərhuma məxsus olan mənzilə dair vərəsəlik işlərinin rəsmiləşdirilmək qərarına gələrək həmin mənzilin ona məxsus olması haqqında arayış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan məxsus olması haqqında arayış verilməsindən imtina etmişdir. Səbəb kimi isə təqdim edilmiş qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı göstərilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. Çünki, mənzil həmin vaxt özəlləşdirməyə səlahiyyəti çatan dövlət orqanı tərəfindən özəlləşdirilmiş və bu barədə atasının adına həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, X2 vərəsəsi İddiaçı Samux rayonunda ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Bildiririlir ki, ərizəyə əlavə edilmiş 1-08 nömrəli qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, əvvəlki cizgi planı ilə faktiki ölçülər arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. Mübahisəli mənzilə dair arxiv materillarında Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 10 saylı orderi, X5 Nazirliyinin xx.xx.2001-ci il tarixli, 27 saylı arxiv arayışı, Samux rayonu İnstitut Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 59 saylı Forma-2 arayışı və mənzildə qeydiyyata olan şəxslərin Samux rayon İcra Hakimiyyəti Başçısının İnstitut qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli razılıq ərizələri və X3 adına tərtib edilmiş 2004-cil tarixli Texniki Pasport aşkar edilmişdir. Daha sonra etiraz “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ı və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə əsaslandırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tərəflər məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, AZ İ 246609 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, X2 adına olan 1-08 nömrəli Qeydiyyat vəsiqəsi, məhkəmə sorğusu əsasında alınan iddiaçının müraciəti üzrə toplanmış cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin təqdim etdiyi inzibati icraat materialında olan sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları üzrə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının mərhum atası X2 adına 1-08 nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. X7 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı 1 saylı Gəncə Regional «Asan Xidmət» Mərkəzi Notariat Ofisinə müraciət edərək mərhum atasından qalmış miras əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana məktub ünvanlanaraq mərhum X1 qalmış Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və yüklü olub-olmaması barədə reyestrdən arayışın verilməsi xahiş edilmişdir. Həmçinin iddiaçının özü də cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan ərizənin müsbət yöndə icrasından imtina etmişdir. Əsas kimi isə təqdim edilmiş qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksinin tapmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat» (2 nömrəli Əlavə): Bənd 1.2 Bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının mərhum atasının adına ünvan 1 ünvanında yerləşən mənzilə dair 1-08 nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Hansı ki, həmin qeydiyyat vəsiqəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Lakin cavabdeh orqan iddia edir ki, təqdim edilmiş qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksinin tapmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qeydiyyat vəsiqəsinin arxiv məlumatlarında olmaması iddiaçıya təqdim edilmiş qeydiyyat vəsiqəsi əsasında ölmüş şəxsə məxsus mənzilə dair tələb olunan arayışın verilməsindən imtina əsas deyil. Çünki, arxiv məlumatlarına sənədlərin işlənilməsi iddiaçının məsuliyyət sferasına aid deyil. Hazırda iddiaçının mərhum atasına məxsus olan məhkəmə qaydasında ləğv edilməmiş və ya etibarsız sayılmamış qeydiyyat vəsiqəsi vardır. Hansı ki, bu qeydiyyat vəsiqəsi əmlak üzərində mülkiyyət hüquququn əmələ gəlməsi əsasıdır. Bir sözlə qeydiyyat vəsiqəsinin səlahiyyətli orqan tərəfindən arxiv məlumatlarına işlənməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına əsas verə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən cavabdeh orqanın imtinası qanuni əsaslara söykənməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən əmlaka (mənzil) mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar