Məhkəmə qərarları › İş №2-1(114)-1479/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1479/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1479/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 (üçüncü şəxs Şəmkir rayon İcra Hakimiyyətinə) qarşı 0.20 ha torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan 0.20 ha kənd təsərrüfatı məhsullarının becərilməsi üçün pay torpaq sahəsinə dair çıxarış verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şəmkir rayon X1 qərarı ilə onunla birlikdə 6 nəfər ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə 1.92 ha torpaq sahəsi verilməli olduğu halda 1.69 ha torpaq sahəsi verilmişdir. Hazırda 1.92 ha torpaq sahəsi onun istifadəsindədir və torpaq sahəsinin 1.69 ha hissəsinə dair çıxarış almışdır. Lakin torpaq sahəsinin 0.20 ha hissəsinə dair ilkin hüquqi müəyyənedici sənəd olmadığı üçün cavabdeh tərəfindən imtina verilmişdir. 0.20 ha torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir, həmin torpaq sahəsində ağaclar əkmişdir və torpağa dair mübahisə yoxdur. Dəfələrlə cavabdehə və üçüncü şəxsə müraciət etsə də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1998-ci il tarixli, JN 1342 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktı, RX seriyalı 1502183, RX seriyalı ******* və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışlar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X3 xx.xx.2020-ci il tarixli **********190 nömrəli məktubu təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə əsas tələb Şəmkir rayon X1 xx.xx.1998-ci il tarixli 51 nömrəli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-1342 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsindən əlavə 0.20 ha kənd təsərrüfatı məhsullarının becərilməsi üçün pay torpaq sahəsinə dair çıxarış verilməsinin cavabdehə həvalə edilməsi tələbidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair qanunvericilikdə tələb edilən sənədlər, yəni torpaq sahəsinin naturada ayrılıb təhkim edilməsi barədə aidiyyəti sənədlər mövcud olmadığından tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 68, 69, 75, 78, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 (üçüncü şəxs Şəmkir rayon İcra Hakimiyyətinə) qarşı 0.20 ha torpaq sahəsinə dair çıxarışın verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar