Məhkəmə qərarları › İş №2-1(114)-148/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-148/2020

08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-148/2020 08.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusuna qarşı 3-cü Ordu Korpusu komandirinin xx.xx.2019-cu il tarixli, 080 əç nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və işə bərpa olunduğu günədək ştat cədvəlinə uyğun əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusuna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 3-cü Ordu Korpusu komandirinin xx.xx.2019-cu il tarixli, 080 əç nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və işə bərpa olunduğu günədək ştat cədvəlinə uyğun əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə ərizə təqdim edərək həmin ərizəni onunla əsaslandırmışdır ki, prosessual müddət ondan asılı olmayan səbəbdən buraxılmışdır. Belə ki, xx xxxx 2019-cu il tarixdə işdən uşaqlaşdırılarkən ona bildirilmişdir ki, hazırda işi Təhqiqat bölməsi araşdırır və yalnız müvafiq qərar qəbul edildikdən sonra işdə qalıb-qalmamaq məsələsi həll oluna bilər. Ona görə də, o, təhqiqatın nəticəsini gözləmiş və bu səbəbdən də məhkəməyə müraciət etməmişdir. Daha sonra isə Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, dəfələrlə müraciət etməsinə baxmayaraq ehtiyata buraxılması barədə əmrin surətini də bu günə kimi ala bilməmişdir. Hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün prosessual müddət ondan asılı olmayan səbəbdən buraxılmışdır. Bu səbəbdən də iddia müddətini ötürdüyünü nəzərə alıb buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(114)-148/2020 nömrəli qərardadı ilə iş üzrə iddia müddətinin bərpa edilməsindən imtina olunmuşdur. Sözügedən qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(104)-381/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(114)-148/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 1-ci Ordu Korpusu komandirinin xx.xx.2017-ci il tarixli, 0105 nömrəli əmri ilə iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması mübahisəli olmaqla, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 148-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusuna qarşı 3-cü Ordu Korpusu komandirinin xx.xx.2019-cu il tarixli, 080 əç nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və işə bərpa olunduğu günədək ştat cədvəlinə uyğun əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinin tələblərinə əsasən isə, inzibati aktda ona qarşı mümkün hüquqi vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, ötürülmüş müddət o halda bərpa edilir ki, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan, onun iradəsindən asılı olmayan üzrlü səbəblərdən baş vermiş olsun. Müddətin buraxılmasına səbəb olmuş halları ərizədə və ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırmaq vəsatət verənin vəzifəsi olaraq qanunvericilikdə müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusuna qarşı 3-cü Ordu Korpusu komandirinin xx.xx.2019-cu il tarixli, 080 əç nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və işə bərpa olunduğu günədək ştat cədvəlinə uyğun əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da, həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Hazırki iddia tələbi üzrə müddətin ötürülməsinə münasibətdə onun üzrlü səbəblərdən baş verməsi halı aşkar olunmamışdır. Bu isə iddiaçının iddiasını qeyri-mümkün edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında iddia müddəti ilə bağlı qeyd etmişdir ki, mülki hüquqda bu institut mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Qanunverici konkret şəxsə məxsus olan mülki hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddətini şamil edir. (X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarı). İddia müddətinin tətbiqinə beynəlxalq qanunvericilikdə də xüsusi önəm verilir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusuna qarşı 3-cü Ordu Korpusu komandirinin xx.xx.2019-cu il tarixli, 080 əç nömrəli əmri ilə ordu sıralarından ehtiyata buraxılması mübahisəli olmaqla, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi barədə iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusuna qarşı 3-cü Ordu Korpusu komandirinin xx.xx.2019-cu il tarixli, 080 əç nömrəli əmri ilə ordu sıralarından ehtiyata buraxılması mübahisəli olmaqla, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar