Məhkəmə qərarları › İş №2-1(114)-148/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-148/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-148/2021 25.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qəbul etdiyi **********675400 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən **********675400 nömrəli, xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya 7.897.20 manat gəlir vergisi borcu hesablanmışdır. Bu qərar ona poçt vasitəsi ilə yaşayış yeri üzrə ünvanına göndərilməmiş, ona təqdim edilməmişdir. Qərarın ona verilməsi üçün rəsmi olaraq cavabdehə müraciət etdikdən sonra qərarın surəti təqdim edilmişdir. İddiaçı hesab edir ki, vergi orqanının onun barəsində çıxardığı qərar əsassızdır. Belə ki, cavabdeh orqan onun hansı gəlir vergisindən nə zaman yayınması, hansı vergi bəyənnaməsini verməməyi ona aydın deyil. Bu istiqamətdə heç bir araşdırılma aparılmamış, ondan heç nə soruşan olmamışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, buna görə də hesab edir ki, vergi orqanının qərarı əsassız və qanunsuzdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********675400 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili X3 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının 2.0 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsi var və həmin sahədə kənd təsərrüfatı məhsulları satır. Həmçinin həyətyanı torpaq sahəsində xurma ağacları becərərək satıb qazanc əldə edir. İddiaçı uzun müddət əldə etdiyi gəlirləri toplayaraq ehtiyyat saxlamaq niyyəti olmuş, eyni zamanda həmin məbləği infilyasiyaya məruz qalmaq ehtimalını nəzərə alaraq dollara çevirmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı tərəfindən 39486,0 AZN məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmışdır. Bununla bağlı İddiaçı xx.xx.2020-ci il tarixli **********835600 nömrəli dəvət məktubu ilə qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatlar araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün dəvət edilmiş, lakin əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. İddiaçı tərəfindən konvertasiya olumuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16-cı, 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış və Vergi Məcəlləsinin 101.2ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmışdır. xx.xx.2020-ci il tarixli məktub sadə göndərilmişdir, ona görə də iddiaçıya çatıb-çatmaması barədə məlumat yoxdur. Həmçinin iddiaçının kənd təsərrüfatı məhsulları becərməsi və satması barədə heç bir sübut yoxdur, ona görə də həmin məbləğin məhz bu yolla əldə edilməsini güman etməyə əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********835600 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi üçün vergi orqanına dəvət edilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********675400 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə 7897,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən 39486,0 AZN məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmışdır. İddiaçı tərəfindən konvertasiya olumuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16-cı, 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış və Vergi Məcəlləsinin 101.2ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmış və 7897,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi orqanı valyuta mübadiləsi ilə bağlı İddiaçı qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatlar araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün xx.xx.2020-ci il tarixli **********835600 nömrəli dəvət məktubu göndərməsini, həmçinin xx.xx.2020-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə iddiaçıdan bəyənnamənin təqdim olunması və kameral vergi yoxlamasının başa çatdırılması üçün yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsini tələb etdiyini bildirir. Qeyd olunan məktubların poçt göndərişi ilə iddiaçının yaşadığı ünvana göndərilməsi barədə müvafiq reyestr məlumatları olsa da həmin məktubların iddiaçıya çatdırılması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu hal onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən göndərilmiş məktub iddiaçıya təqdim olunmadığına görə onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim etməsi də mümkünsüz olmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən konvertasiya olumuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, vergi uçotuna alınmış və həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmışdır. Bir halda ki, iddiaçının tələb olunan sənədləri təqdim etmə imkanı ondan asılı olmayan səbəbdən mümkün olmamışdır, o halda vergi orqanı tərəfindən tələb olunan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilmədiyinə görə xx.xx.2020-ci il tarixli, **********675400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla, habelə tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçının istifadəsində JN-00xx xxx 50712028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 1.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, eləcə də həyətyanı torpaq sahəsi mövcuddur və iddiaçının əldə etdiyi vəsaitin mənbəyi olaraq həmin torpaq sahələrində kənd təsərrüfatı məhsullarının əkilməsi və əldə olunan məhsulun satışından əldə etdiyi gəlir göstərilmiş, cavabdehin nümayəndəsi isə bununla bağlı heç bir sübutun olmadığına görə həmin məbləğin məhz bu yolla əldə edilməsini güman etməyə əsas olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, vergi ödəyicisi olmayan subyektlər tərəfindən istehsal olunmuş məhsulların satışı heç də həmişə rəsmi sənədlər vasitəsilə həyata keçirilmir və qanunvericilikdə belə bir məcburi göstəriş də yoxdur. İddiaçı qeyd olunan şəkildə əldə etdiyi pul vəsaitini toplayaraq və sonra infilyasiya ehtimalını düşünərək valyuta mübadiləsini həyata keçirmişdir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb etməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının”İnzibati Prosessual”Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********675400 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli, **********675400 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar