Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-148/2025 29.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X14 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «şəhid statusunun verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «şəhid statusunun verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1993-cü ildə Ağdərə rayonunda gedən döyüşlər zamanı (əsas İV ЖГ 407039 nömrəli ölüm haqqında şəhadətnamə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 514 saylı arayışı) döş qəfəsinə girib-çıxan güllə yarasından qəhrəmancasına həlak olmuş əri X5 şəhid statusu verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 20 dekabr 1978-ci il tarixdə həyat yoldaşı X8 ilə rəsmi qaydada nikah qeydiyyatından keçməklə evlənmiş, rəsmi nikahlarından 3 nəfər uşaqları olmuşdur. Halhazırda ünvan 1 ünvanında uşaqlarıyla birgə müvəqqəti məskunlaşıb yaşayır. Vətənin müdafiəsi üçün və vətənin dar günündə dövlətin, millətin müdafiəsi üçün Qarabağ döyüşlərində iştirak etmiş mərhum həyat yoldaşı gizir Ədalət Xələfov aparılan qızğın döyüş əməliyyatlarında fəal iştirakçı olmuşdur. O, N saylı hərbi hissənin tağım komandiri, döyüş şəraitində olan hərbi hissədə cinayətkarlıq və fərariliklə mübarizə üzrə məsul şəxs olmuşdur. Həmin döyüşlərdə iştirak edən rəsmi nikah qeydiyyatında olduğu mərhum X1 rayonunda ermənilərlə aparılan vuruşmada 11 avqust 1993-cü il tarixdə öz canını qurban verərək döş qəfəsindən aldığı güllə yarasından qəhrəmancasına şəhid olmuşdur. Həmin dövrdə vəziyyət qarışıqlıq olduğuna görə həlak olmuş həyat yoldaşının ölüm səbəbi bir neçə sənəddə düzgün olaraq olduğu kimi, bir neçə sənəddə isə səhv göstərilmişdir. Əslində isə bu hal ölüm haqqında şəhadətnamələrlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsiinin 29 mart 2021-ci il tarixli, 514 nömrəli arayışı ilə və Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Gəncə şəhərində olan 29 nömrəli tam orta məktəbin ətrafındakı adsız küçəyə X4 adı verilməsinə dair 29 aprel 2021ci il tarixli, X-7-047 nömrəli məktubu ilə sübut olunur. Həyat yoldaşı Ədalət Xələfovun həqiqətən xx.xx.1993-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olmasını və onun şəhidlik zirvəsinə ucalmasını müvafiq orqanlar və hər kəs bilir. Hazırda ahıl yaşdadır. Bu qoca yaşında səhhəti də qənaətbəxş deyil. Maddi vəziyyəti də olduqca ağırdır. Qulluğa ehtiyacı var. Bir həyat yoldaşı kimi cavan yaşda ailə başçısını itirmək insana mənəvi sarsıntı verir. Heç kimə bunu arzulamır. Buna baxmayaraq bir şəhid həyat yoldaşı kimi daima başını dik tutmuşdur. Bir şəhid ailəsi olaraq həmişə «təki Vətən sağ olsun» demiş və şəhid ailəsi olaraq dövlətin qayğısını hər zaman üzərində hiss etmişdir. Vətən uğrunda gedən döyüşlərdə könüllü olaraq gedib qəhrəmancasına şəhid olmuş mərhum həyat yoldaşı Ədalət Xələfov həm döyüş dostları üçün, həm də digər qeyrətli əsgərlər üçün bir təsəlli və nümunədir. Bu səbəbdən də Ağdərə rayonunda gedən döyüşlərdə həlak olmuş X5 «şahid» statusu verilməsinə görə dəfələrlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və müvafiq orqanlara müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ona tamamilə əsassız olaraq imtina cavabı verilmiş və həmin məktublarda uydurma olaraq həyat yoldaşının avto nəqliyyat hadisəsi nəticəsində həlak olması göstərilmiş və qarşısında süni problemlər yaradılmışdır. Hesab edir ki, cavabdehin bu hərəkətləri vətən uğrunda canını qurban verərək şəhid olan həyat yoldaşı Ə.Xələfova qarşı ədalətsizlik və iftiradır. Halbuki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 29 mart 2021-ci il tarixli arayışında Ədalət Xələfovun 11 avqust 1993-cü il tarixdə Ağdərə rayonunda gedən döyüşlərdə həlak olması, Ədalət Xələfovun şəhid, onun ailəsinin şəhid ailəsi hesab edilməsi qeyd olunmuş və ölüm haqqında şəhadətnamələrdə isə Ə.Xələfovun döş qəfəsinə girib çıxan güllə yarası nəticəsində ölməsi öz əksini tapmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, X6 mərhum əri X8 Azərbaycan Respublikasının Sifahlı Qüvvələrində xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə həqiqi hərbi xidmət etmiş, xx.xx.1993-cü il tarixdə hərbi xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasında vəfat etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1993-cü il tarixli, 073 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizirlər heyətinin siyahısından çıxardılmış hesab edilmişdir. Daha sonra etiraz «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi» Qaydaları və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi (vəkil) Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1993-cü il tarixdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzasında həlak olmuş X4 «şəhid» statusunun bərpa olunması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 514 saylı arayışı, Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli arayışı, nikahın bağlanması haqqında İİ ЖГ 266935 nömrəli şəhadətnamə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli imtina məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1993-cü il tarixli, 073 gm nömrəli əmri, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2019-cu il tarixli mətkubu, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 238 nömrəli əmrindən çıxarış, 1997-ci ilin avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş zabit və gizirlərin siyahısından çıxarış, Tərtər Qarnizonu Hərbi Tribunalın xx.xx.1994-cü il tarixli hökmü, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 163 nömrəli və xx.xx.1993-cü il tarixli, 167 nömrəli əmrlərindən çıxarışlar və cavabdeh orqanın etirazı təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. Məcburi köçkün statusunu təsdiq edən vəsiqələrin verilməsi həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının məskunlaşdığı (olduğu) yer olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, X8 11 avqust 1993-cü ildə Bakı-Qazax avtomobil yolunun 323-cü kilometrliyində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən yerində ölmüşdür. Baş vermiş hadisə ilə bağlı N nömrəli hərbi hissənin giziri vəzifəsində işləmiş X7 təqsirləndirilməsinə dair cinayət işi üzrə - Tərtər qarnizonu Hərbi Tribunalı tərəfindən 14 fevral 1994-cü il tarixdə hökm çıxarılmış və yol nəqliyyat hadisəsi zamanı 4 nəfər öldüyü üçün o, Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmə əsasən təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.1993-cü il tarixli rəyində göstərilmişdir ki, mərhum Xələfov İbrahim oğlunun bədənində boynunun sol tərəfinin, sağ çiyin nahiyəsinin əzilmiş yaraları, sol çiynin, sağ böyrün cırılmış parçalanmış yaraları, döş qəfəsinin səthinin, hər iki baldır nahiyəsinin qansızması xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməyə xarakterikdir, ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş verən travmatik şok olmuşdur. Bundan sonra N nömrəli hərbi hissənin komandirinin xx.xx.1993-cü il tarixli, 238 nömrəli əmri ilə X8 avtomobil qəzasında həlak olduğuna görə bütün təminatlardan çıxarılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı, mərhum əri X8 xx.xx.1993-cü ildə Qazax-Bakı avtomobil yolunun 323-cü kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsində öldüyü halda, guya X10 rayonunda aldığı döş qəfəsinin girib-çıxan güllə yarası xəsarətindən öldüyü barədə məlum olmayan tarixdə və məlum olmayan şəxs tərəfindən hazırlanmış Gəncə şəhər məhkəmə tibbi ekspertizasının xx.xx.1993-cü il tarixli, 544 nömrəli, hüquq verən saxta tibbi arayışından istifadə etməklə həmin saxta arayışı Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə təqdim edərək xx.xx.1993-cü il tarixli, İV-JQ 407039 nömrəli hüquq verən saxta ölüm haqqında şəhadətnaməni qanunsuz olaraq əldə etmiş, sonra X10 rayonunda olan döyüş tapşırığını icra edən zaman qəhrəmancasına həlak olması barədə N saylı hərbi hissənin xx.xx.1993-cü il tarixli, 984 nömrəli hüquq verən saxta arayışını məlum olmayan tarixdə və şəxsdən qanunsuz olaraq əldə edərək bilə-bilə həmin saxta arayışdan istifadə etməklə, həmin saxta sənədi xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Hərbi Komisarlığına təqdim edərək xx.xx.2007-ci il tarixli, 4/155 nömrəli hüquq verən arayışı qanunsuz olaraq əldə etmiş, daha sonra biləbilə həmin saxta sənədlərdən, yəni, xx.xx.1993-cü il tarixli, İV-JQ 407039 nömrəli ölüm haqqında şəhadətnamədən və xx.xx.2007-ci il tarixli, 4/155 nömrəli arayışdan istifadə etməklə həmin sənədləri xx.xx.2007-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə təqdim edib şəhid ailəsinin üzvü olması ilə bağlı qanunsuz hüquqlar əldə edərək aldatma yolu ilə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin Gəncə şəhəri ərazisində müxtəlif bankomatlardan 2007-ci ilin yanvar ayının 1-dən etibarən 01 sentyabr 2010-cu il tarixədək hər ay 100 manat cəmi 4400 manat, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək hər ay 150 manat cəmi 2250 manat, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək hər ay 165 manat cəmi 3465 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 200 manat, cəmi 5800 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 220 manat, cəmi 5500 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 242 manat, cəmi 2662 manat, xx.xx.2019-cu il tarixdən hər ay 300 manat olmaqla, sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən Kapital Banka məxsus bankomatdan 300 manat, cəmi 1500 manat pulu çıxarmaqla, ümumilikdə vahid niyyətlə xeyli miqdarda 25577 manat məbləğində pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bu əməllərə görə İddiaçı barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli hökm çıxarılmışdır. Hökmə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2- ci maddələriilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona cəza təyin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. .......... Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi» Qaydaları: Bənd 1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Bənd 4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslər, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (1.2.5) və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər (1.2.6) şəhid hesab olunurlar. Hazırki mübahisə üzrə isə iddiaçının mərhum əri xx.xx.1993-cü il tarixdə hərbi xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasında vəfat etdiyi üçün cavabdeh inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İşin qeyd olunan halları qanuni qüvvəsini almış məhkəmə hökmləri ilə təsdiqin tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası ......... 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə diqqətə çatdırır ki, iddiaçının mərhum ərinin hərbi əməliyyatlar zamanı həlak olması, habelə, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması qanuni qüvvəsini almış hökmlə təkzib edildiyi üçün cavabdeh orqanın imtinası qanuni olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «şəhid statusunun verilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-148/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-148/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver