Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1480/2022 27.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir, 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatını həyata keçirilməsi məqsədilə yük maşının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığının qəflətən üzərinə düşməsilə onurğa nahiyəsində kəskin ağrılar hiss etmiş, sonradan müalicə üçün hospitala yerləşdirilmiş, müayinə vaxtı “L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompensasiya edən posterolateral yırtığı diaqnozu” təyin edilmişdir. Müalicə nəticəsində uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək xidmətdən buraxılmış və xx.xx.2018-ci il tarixdə ona ”hərbi xidmət dövrü il əlaqədar” 2-ci qrup əlillik təyin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2018-ci ilin fevral ayından etibarən 2-ci dərəcə “hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilirdi. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət edərək ona hərbi hissə komandirinin axırıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilməsini xahiş etmiş, lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı verməkdən imtina etmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə iddiası təmin edilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 339 nömrəli qərarı ilə onun aldığı xəsarət “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qiymətləndirilmişdir. Bundan sonra iddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə müraciətinə əsasən onun xəstəliyinin səbəb əlaqəsi dəyişdirilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə 2-ci qrup “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik təyin edilmişdir. Ona görə də xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin vəkili X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN- 10084 nömrəli məlumat vərəqəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş “hərbi xidmət dövründə alınmış” 2-ci dərəcə əlilliyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin olunmuşdur. Agentlik tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən 2022-ci ilin mart ayında təminat xərcliyinin (783.75 manat) 80 faizi - 627.00 manat məbləğində əlilliyə görə əmək pensiyası və 62.70 manat məbləğində maddi yardım müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası'nm 3.3-cü maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bu səbəbdən də, iddia rədd edilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -24 avqust 2017-ci il tarixli, 2166 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı təyin edilmiş “İdiopatik dilatasion kardiomiyopatiya. Ürək çatışmazlığı, İİ funksional sinif, L4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 rezidiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozuna əsasən “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. -xx.xx.2002-ci il tarixli, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. -surəti işə əlavə edilmiş müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “hərbi xidmət dövrü ilə əlaqədar” 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 2-ci dərəcə əlillik təyin edilmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN- 10084 nömrəli məlumat vərəqəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş “hərbi xidmət dövründə alınmış” 2-ci dərəcə əlilliyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən 2022-ci ilin mart ayında təminat xərcliyinin (783.75 manat) 80 faizi - 627.00 manat məbləğində əlilliyə görə əmək pensiyası və 62.70 manat məbləğində maddi yardım müəyyən edilməklə ödənilməyə başlanılmışdır. İddiaçı hazırda xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. -20.1.12-ci maddəsinə əsasən bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.16.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—60 faizi, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—55 faizi, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə— 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavələr müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “hərbi xidmət dövrü ilə əlaqədar” 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “hərbi xidmət dövrü ilə əlaqədar” 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1480/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1480/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver