Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1481/2022 06.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı təhsil aldığı illərin sosial sığorta stajına əlavə edilərək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-ci ildən 1986-cı ilədək X1 Mühəndislər İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,1958-ci ildə anadan olmuş, 1980-ci ildə X1 Mühəndislər İnstitutunun əyani şöbəsinə daxil olmuş olmuş və 1986-cı ildə həmin institutu bitirmişdir. Lakin cavabdeh orqan ona pensiya təyin edilən zaman təhsil aldığı illəri nəzərə almamışdır. Bu səbəbdən təhsil aldığı illərin sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması üçün diplomu və arxiv arayışını da təqdim edərək cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Onun təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına görə təhsil aldığı dövr onun əmək stajına daxil edilirdi. Həmin müddət onun “qazanılmış hüquq”udur. Cavabdeh həmin illəri onun sığorta stajına daxil etməli olduğu halda əsassız olaraq bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Buna görə də yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh xx.xx.2022-ci il tarixli etiraz məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiklə əmək pensiyası hüququ müəyyən edlmiş şəxsləri sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Buna görə də hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiçıya məxsus MB 656581 nömrəli diplom, xx.xx.2021-ci il tarixli, 07.01/342-9833 nömrəli arxiv arayışı, cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina, xx.xx.2022-ci il tarixli etiraz məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırmahissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Ağağıda qeyd olunanlara görə iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, MB 656581 nömrəli diplomdan görünür ki, İddiaçı X1 Mühəndislər İnstitutunda 1980-1986-cı illərdə təhsil almışdır. xx.xx.2021-ci il tarixli, 07.01/342-9833 nömrəli arxiv arayışından görünür ki, İddiaçı X1 Mühəndislər İnstitutunda 1980-1986-cı illərdə əyani formada təhsil almışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının təhsil aldığı müddətin əmək stajına daxil edilməsi ilə bağlı məhkəmə bu hissədə cavabdehin mövqeyini qanunvericiliyin müddəalarına zidd hesab edir və bildirir ki, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu Qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Analoji olaraq, xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş (xx.xx.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması xx.xx.2006cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. İddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz. Bundan əlavə, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. İddiaçının tələbindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni iddiaçının 1980-ci ildən 1986-cı ilədək X1 Mühəndislər İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə İddiaçı 1980-ci ildən 1986-cı ilədək X1 Mühəndislər İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması vəzifəsi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1481/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1481/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver