Məhkəmə qərarları › İş №2-1(114)-1482/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1482/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1482/2020 22.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Gədəbəy rayon filialına qarşı 1980-1981-ci illərdə “Put İliça” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə pensiya təyin olunması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonun Slavyanka kəndində anadan olmuşdur. İddiaçı 1980-1981-ci illərdə “Gədəbəy rayonu Put İliça adına sovxozda işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunda əyani təhsil almış, xx.xx.1985-xx.xx.1986 və xx.xx.1986-xx.xx.2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Gədəbəy rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********3 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və xx.xx.2006-cı ilədək 25 il sığorta stajı (1980-1981-ci illərdə sabiq “Put İliça” adına sovxozda işləməsi barədə adına əmək kitabçası açılmadığından) olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1980- 1981-ci illərdə “Put İliça” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. İddiaçının əlil uşağına qulluq etməsi təmsil etdiyi orqan tərəfindən mübahisələndirilməmişdir. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı və xx.xx.1985-xx.xx.1986 və xx.xx.1986-xx.xx.2006-cı illərdə məktəbdə müəllimə işlədiyi müddət təmsil etdiyi orqan tərəfindən sosial sığorta stajı kimi qəbul edilmiş və qanunvericiliyə əsasən iddiaçı 24 il 02 ay 03 gün sosial sığorta stajı qazanmışdır. Arxiv arayışında iddiaçının 01 il iş stajı qeyd olunsa da, həmin illər əmək kitabçasında əks olunmadığından sosial sığorta stajı kimi qəbul olunmur.Cavabdehin nümayəndəsi izahatında onu da qeyd etmişdir ki, arxiv arayışında qeyd olunan illər nəzərə alındığı təqdirdə, iddiaçı 25 il sosial sığorta stajı toplamışdır. Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət X4 əsasında Dövlət X6 publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət X4 nizamnaməsi təsdiq edilmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Milli X5 rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 35 nömrəli məktubundan görünür ki, iddiaçı “Put İliça” sovxozu üzrə xx.xx.1980-ci il tarixli 167 nömrəli əmrinə əsasən sovxoza fəhlə qəbul olunmuş, xx xxxx 1981-ci il tarixli 210 nömrəli əmrinə əsasən işdən azad edilmişdir. -Azərbaycan Respublikası Milli X5 rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 45 nömrəli Arxiv arayışına əsasən iddiaçı “Put İliça” sovxozunda işləyərkən 1980-ci ilin avqust, sentyabr, noyabr, 1981-ci il üzrə isə aprel və iyul aylarında əmək haqqı almışdır. İddiaçının soyadı 1980-1981-ci illərdə Abıyeva yazılmışdır. -iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən sonuncu xx.xx.1985xx.xx.1986 və xx.xx.1986-xx.xx.2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Bakı Slavyan Universitetinun 10-14-399 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna “Rus dili və ədəbiyyatı” ixtisası üzrə əyani şöbəyə qəbul olunmuş (əmr № 170/3 xx.xx.1981-ci il), xx.xx.1985-ci il tarixdə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir (əmr 149/3 xx.xx.1985-ci il). - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı və xx.xx.1985xx.xx.1986 və xx.xx.1986-xx.xx.2006-cı illərdə məktəbdə müəllimə işlədiyi müddət sosial sığorta stajı kimi qəbul olunaraq 24 il 02 ay 03 gün sosial sığorta stajı qazanmışdır. - Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Caldaş kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən uşaqlıqdan əlil olan övladı X1 iddiaçının himayəsində qalmış və səkkiz yaşınadək tərbiyyə etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1980-1981-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrdə sovxozda işlədiyi Azərbaycan Respublikası Milli X5 rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 45 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə göstərilən dəlilləri əsassız hesab edir. Çünki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə Məhkəmə qeyd edir ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1980-1981-ci illərdə kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli X5 rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 45 nömrəli arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək sovxozda işləməklə, həmin illər üzrə 10 ay 10 gün sosial sığorta stajı qazanmışdır. Bundan başqa iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı və xx.xx.1985-xx.xx.1986 və xx.xx.1986-xx.xx.2006-cı illərdə məktəbdə müəllimə işləməsi həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun tələblərinə uyğun olaraq ümumilikdə 24 il 02 ay 03 gün sosial sığorta stajı qazanması cavabdeh tərəfindən mübahisələndirilmir. Beləliklə, iddiaçının sovxozda işlədiyi müddət 10 ay müddət daxil olmaqla, ümumilikdə 25 il sığorta stajı vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində təsbit olunmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun müddəalarına görə iddiaçının 25 il sığorta stajı və 56 yaş 6 ay olduğu təqdirdə pensiya hüququ yaranacaqdır. İddiaçı xx.xx.1963-cü ildə doğulmuş və o, xx.xx.2019-cu il tarixdə (56 yaş 6 ay) pensiya yaşına çatmışdır. İddiaçının 25 ildən az olmayan sığorta stajı olması məhkəmə baxışında öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin olunmasını tələb etməkdə haqlıdır. İddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası qismən təmin edilməli, yəni iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Gədəbəy rayonu “Put İliça” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Gədəbəy rayonu “Put İliça” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Gədəbəy rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar