Məhkəmə qərarları › İş №2-1(114)-1482/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1482/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1482/2022 25.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********290500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixində vergi orqanlarında fərdi sahibkar olaraq ********** saylı (VÖEN) qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, əsas fəaliyyət sahəsi metal və metal məmulatlarının pərakəndə satışından ibarət olmuşdur. xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən **********290500 nömrəli qərar qəbul edilərək 2.822,44 manat gəlir vergisi borcu olduğu bildirilmişdir. Belə ki, həmin qərarda hesablanmış olan vergi borcunun bəyannamə və hesabat dövrünün 2020-ci ili əhatə etdiyi müəyyən edilmişdir. O, fərdi sahibkar qismində xx.xx.2017-ci il tarixində dövlət qeydiyyatına alınmış və xx.xx.2018-ci il tarixində sahibkarlıq fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciət etmişdir. Qeyd edilən tarixdən etibarən də fərdi sahibkar olaraq fəaliyyəti dayandırılmışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər müxtəlif vaxtlarda əlvan metal qırıntıları "xxxx" QSC-yə təhvil verilmiş və bununla bağlı müvafiq elektron alış aktları tərtib edilmişdir. Onun tərəfindən "xxxx" QSC-yə təhvil verilən əlvan metal qırıntılarına görə AR Vergi Məcəlləsinin 101.6-cı maddəsinin tələblərinə uyğun elektron alış aktı əsasında ödəmə mənbəyində vergilər tutulduqdan sonra həmin müəssisə tərəfindən dövlət büdcəsinə köçürülmüşdür. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixində ona 2020-ci il üçün 2.822,44 manat gəlir vergisi borcu hesablanmışdır. Sahibkarlıq fəaliyyətini dayandırdığı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər hər hansı bir fəaliyyəti olmadığı halda 2020-ci il üçün vergi borcu hesablanmasının heç bir hüquqi əsası yoxdur. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş, etiraz məktubuna uyğun izahat verərək bildirmişdir ki, vergi orqanının hazırda mübahisələndirilən qərarı ilə İddiaçı 2020-ci il üzrə 2.822,44 manat fiziki şəxsin gəlir vergisi hesablanmışdır. Hesablama ilə bağlı vergi orqanı tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü ilə inzibati icraat başlanılaraq araşdırma aparılmış 23 iyun 2022-ci il tarixli, **********500900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə xx.xx.2022-ci il tarixdə hesablanmış 2.822,44 manat əsas vergi borcunu 2.373,04 manatı azaldılaraq həmin məbləğdə əsas vergi borcunun və 821.95 manat faiz borcunun vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməsi təmin edilmişdir. Araşdırma nəticəsində fərdi sahibkar tərəfindən 2020-ci ilində "xxxx" MMC-yə (VÖEN **********) 47.460,75 manat dəyərində və "xxxx" MMC-yə (VÖEN: **********) 8.988,00 manat dəyərində alüminium tullantıları və qırıntılarını elektron alış aktları tərtib edilərək təqdim edilməsi aşkar olunmuşdur. "xxxx" MMC tərəfindən 2020-ci ilin 4-cü rübünün "Odəmə mənbəyində tutulan vergi bəyannaməsində" İddiaçı tərəfindən təqdim olunmuş 47.180,25 manat dəyərində alüminium tullantıları və qırıntılarınına görə 943.61 manat vergi məbləği ödəmə mənbəyində hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin edildiyi üçün 2.373,04 manat əsas vergi borcu və 821.95 manat faiz borcu vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmış amma İddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim olunmuş 8.988,00 manat alüminium tullantıları və qırıntılarına görə qeyd olunan hüquqi şəxs əldə olunmuş əlvan metal qırıntılarını müvafiq dövr ərzində « ödəmə mənbəyindən tutulan vergi bəyannaməsində » göstərilmədiyinə görə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən İddiaçı 449.40 manat əsas vergi məbləği yenidən hesablanmışdır. Vergi ödəyicisinə yenidən hesablanmış 449,40 manat əsas vergi borcunun "xxxx" MMC tərəfindən gələcək dövrlərdə İddiaçı almış olduğu 8.988,00 manat alüminium tullantıları və qırıntılarına görə dəqiqləşmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edəcəyi və hesablanmış vergi məbləğini dövlət büdcəsinə ödənilməsini təmin edəcəyi təqdirdə hesablanmış 449,40 manat əsas vergi borcunun cavabdeh tərəfindən azaldılmasına baxıla bilər. İddiaçının mübahisələndirildiyi qərar halhazırda öz hüquqi qüvvəsini itirmiş və mübahisə predmeti deyildir. Həmçinin vergi ödəyicisi barəsində 449,40 manat əsas vergi borcunun hesablanmasına dair 23 iyun 2022-ci il tarixli **********500900 nömrəli qərar üzrə isə məsələnin məhkəmədənkənar həlli mümkün olduğu üçün hesablamaların məhkəmə qaydasında mübahisələndirilməsinə zərurət qalmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -6-cı maddəsinə əsasən dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa), əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi, hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi aiddir. -12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən gəlir vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********290500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası hallarının hesablanması barədə” qərar qəbul edilmiş, lakin inzibati orqanın öz təşəbbüsü ilə hazırda mübahisələndirilən qərar ilə hesablanmış vergi borcu azaldılmışdır. Beləliklə, hazırda iddiaçı tərəfindən mübahisələndirilmiş qərar öz hüquqi qüvvəsini itirmişdir. Vergi qanunvericiliyinin müvafiq tələbləri ilə işin faktiki hallarının birgə təhlili onu deməyə əsas verir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır, başqa sözlə həmin qərar iddiaçının hüquqi maraqlarına toxunmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli sərəncam ilə mübahisələndirmiş olduğu qərarın qüvvədən düşməsi səbəbi ilə iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən yenilənmiş iddia ərizəsi təqdim etmək üçün xx.xx.2022-ci il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan sərəncam iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana, yəni “Bərdə rayonu, Həsənli kəndi” ünvanına göndərilmiş, lakin poçt xidməti tərəfindən “köçüb”, “bu ünvanda yaşamır” qeydləri aparılaraq sərəncam məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. -20.3 maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə göründüyü kimi iddiaçıya müvafiq sərəncam göndərilməklə yardım göstərilməsinə baxmayaraq, iddiaçı yaşadığı ünvanı dəqiq göstərmədiyindən və yaxud ünvanının dəyişməsi barədə məhkəməyə məlumat vermədiyindən həmin sərəncamın ona çatdırılması mümkün olmamışdır. Belə olan halda işə mahiyyəti üzrə baxılması da qeyri-mümkündür. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli, **********290500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar