Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1483/2021 29.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin koordinatlarının texniki torpaq sənədlərində düzgün müəyyən edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 11 iyun 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 07 iyun 2021-ci il tarixdə Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən JN-2108, JN-2104 və JN-2105 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları”nda göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının göstərilməsi barədə ərizə ilə həmin orqana müraciət etmiş və ona ərizənin icrası barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Tovuz Layihə-Tədqiqat idarəsinə müraciət etməyinin məqsədəmüvafiq olması bildirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona və ailə üzvlərinə, Hümbətova (Alıyeva) Sitarə Əli qızına və X1 və ailə üzvlərinə məxsus olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin koordinatlarının texniki torpaq sənədlərində düzgün müəyyən edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Hümbətova (Alıyeva) Sitarə Əli qızı və X4 ona qarşı torpaqdan çıxarma tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində göstərilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən iddiaçılara və ailə üzvlərinə Tovuz rayonunun Qovlar qəsəbəsində 0,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN-2104 saylı (KOD ********) və JN-2105 saylı (KOD ********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Şəhadətnamədə göstəilən çizgilər daxilində yerləşən torpaq sahələrindən guya o, özbaşına istifadə edir, onların mülkiyyət hüququnu pozur. Ona və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-cı il tarixli 13 saylı qərarına əsasən Tovuz rayonunun Qovlar qəsəbəsində 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN-2108 saylı (KOD ********) Dövlət Aktı da verilmişdir. Onlara verilmiş torpaq sahəsi ilə iddiaçılara verilmiş torpaq sahələri həmsərhəddir. İddiaçıların onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsindən 1997-ci ildən, yəni topraq islahatının aparıldığı vaxtdan istifadə edirlər. İddiaçılar isə həmin vaxtdan texniki torpaq sənədlərində ona aid olduğu göstərilən torpaqdan istifadə edirlər. Yer quruluşu orqanları torpaq bölgüsü zamanı torpağın bölgüsünü bu günkü faktiki istifadə vəziyyətinə görə aparmışlar. Texniki torpaq sənədlərində isə ona və iddiaçıya məxsus olan torpaq sahələrinin koordinatları yerində səhv müəyyən edilmişdir. Ona və ailə üzvlərinə məxsus olan torpaq sahələrinin 0,44 və 0,43 hektarı iddiaçılara məxsus torpaq sahəsi kimi, onlara məxsus olan torpaq sahələri isə iddiaçıya məxsus olan torpaq sahəsi kimi göstərilmişdir. İstifadə etdikləri, iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsində yüzlərlə çoxillik meyvə ağacları, kənd təsərrüfatı təyinatlı tikililəri vardır. Onların bü günkü bazar qiyməti 10 min manatlarla qiymətləndirilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunli izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə iddia növünün müəyyən edilməsi ilə bağlı qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin – torpaq sahələrinin koordinantlarının texniki torpaq sənədlərində düzgün müəyyən edilməsini və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən məlum olduğu kimi iddiaçının inzibati orqana ilkin müraciəti ilə hazırki iddia tələbi eynilik təşkil etmir. Belə ki, ərizənin icrası ilə bağlı cavabdeh orqanın 11.06.2021-ci il tarixli imtina məktubundan məlum olur ki, iddiaçı JN-2108, JN-2104 və JN-2105 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»larında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarının göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh də iddiaçıya ərizənin icrası barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Tovuz Layihə-Tədqiqat idarəsinə müraciət etməyinin məqsədə müvafiq olması bildirmişdir. Hazırki tələb isə dövlət aktları üzrə torpaq sahələrinin koordinantlarının texniki torpaq sənədlərində düzgün müəyyən edilməsindən və torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından ibarətdir. Bundan başqa, iddiaçının mübahisələndirdiyi və iddia ərizəsinə əlavə etdiyi JN 2108 Kod 50300016 nömrəli Dövlət aktında onunla yanaşı ailə üzvləri X2, X3 X5, X6 və Hüseynova Ülviyyə qızının adları qeyd edilmiş, digər Dövlət aktları isə başqa şəxslərin adlarına verilmişdir. Hazırki iddia ərizəsində digər şəxslərin, yəni iddiaçının ailə üzvləri iddiaçı qismində qeyd edilməmiş və həmin şəxslər tərəfindən iddiaçıya etibarnamənin verilməsi müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 02.07.2021-ci il tarixli sərəncam göndərilmiş və qeyd edilən çatışmazlıqların aradan qaldırılmaqla qanunvericiliyə uyğun iddia ərizəsi tərtib edilərək təqdim olunması üçün 29 iyul 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 14.07.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunmuş və iddiaçı həmin sərəncama müvafiq olaraq 22.07.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəni məhkəməyə təqdim etsə də məhkəmənin müraciətində qeyd olunanlara dair iddia ərizəsindəki nöqsanlar tam aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin koordinatlarının texniki torpaq sənədlərində düzgün müəyyən edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1483/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1483/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver