Məhkəmə qərarları › İş №2-1(114)-1483/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1483/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1483/2022 07.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və X3) qarşı çıxarışda düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs X1 adına verilmiş qeydiyyat nömrəsi 261000205, reyestr nömrəsi **********08-06201 olan çıxarışın ona məxsus olan obyektin altına düşən hissədə düzəliş edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə vəzifə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup əlildir. 1985-ci ildən Tovuz rayonu Avtovağzalının ərazisində yerləşən ona məxsus 16 kv.m sahəsi olan obyektdə mədəni məişət idarəsində səs yazma operatoru kimi fəaliyyət göstərib dövlətə plan vermişdir. Avtovağzalın müdiri ondan xəbərsiz ona məxus olan obyektin altında olan torpaq sahəsini boş sahə kimi qeyd edərək özəlləşdirmişdir. Həmin obyekt 1985-ci ildən onun istifadəsindədir. Həmin obyekti o, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən dəyərini ödəməklə 08 noyabr 1996-cı ildə almışdır. Bununla bağlı ona müvafiq şəhadətnamə verilmişdir. Həmin obyekt hal-hazıra kimi onun sahibliyində və istifadəsindədir. X4 veteranı olan oğlu Süleyman Babazadə hazırda çayçı kimi fəaliyyət göstərir. Üçüncü şəxslərin onlara qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmalarından sonra ona məlum olmuşdur ki, ona və digər cavabdehlərə məxsus obyektin altında olan torpaq sahəsi üçüncü şəxslər tərəfindən qanunsuz yolla öz adlarına sənədləşdirilmişdir. Ona və qeyrilərinə qarşı qaldırılan iddiadan sonra o, ərizə ilə müraciət edərək, üçüncü şəxslərin adına qanunsuz verilmiş çıxarışın surətini əldə etmiş və həmin çıxarışın ləğv edilərək, onun obyektinin altında olan hissəsi ilə bağlı düzəliş edilməsinə dair ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilatdan ona verilmiş 08 aprel 2022-ci il tarixli məktubda qeyd edilən düzəlişin məhkəmənin qərarı əsasında aparıla bilinəcəyi qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, digər şəxslərin adına olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyatına dair verilmiş ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İddiaçıya və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədəçatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bu mənada, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş 19.01.2013-cü il tarixli, ********** nömrəli çıxarışda düzəliş edilməsi tələbi ilə çıxış etmişdir. İşin hallarından müəyyən olunur ki, X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış “Mülkiyyət hüququ haqqında” 31.03.2006-cı il tarixli, 000565 qeydiyyat nömrəli şəhadətnamə əsasında verilmişdir və hazırda həmin şəhadətnamə qüvvədədir. Məhkəmə qeyd edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil edən müəyyənedici sənədləri, yəni “Mülkiyyət hüququ haqqında” 31.03.2006-cı il tarixli, 000565 qeydiyyat nömrəli şəhadətnaməni mübahisələndirməlidir. Hazırkı halda isə o, hüquqi marağına uyğun olmayan iddia qaldırdığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair məlumatı özündə əks etdirən çıxarış inzibati akt deyildir. Müvafiq olaraq onun ləğv edilməsinə dair inzibati iddia da mümkün sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin tələblərinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş vəünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sözügedən maddi hüquq normasından göründüyü kimi, inzibati aktın spesifik əlamətləri mövcuddur ki, bunlardan biri də onun ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıması ilə bağlıdır. Qeyd olunmalıdır ki, inzibati aktın əsas funksiyası onun qəbul edilməsi ilə inzibati idarəçilik qarşısında duran məqsədlərə nail olmaq və vəzifələri yerinə yetirmək üçün inzibati hüquq münasibətinə göstərilən nizamasalma təsirindən ibarətdir. İnzibati akt qəbul edilərkən həmin aktda müəyyən edilən normalar ilk növbədə publik idarəçiliyəöz təsirini göstərir və onu nizama salmağa xidmət edir. Bu zaman cəmiyyətin, dövlətin və vətəndaşın maraqlarının müdafiəsinə xidmət edən inzibati idarəçilik inzibati orqanların məhz publik vəzifələrindən irəli gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və X3) qarşı çıxarışda düzəliş edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və X3) qarşı çıxarışda düzəliş edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar