Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1483/2025 11.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə ünvan 1ində doğulmuş, əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə başlamışdır. Ümumilikdə əmək stajı 25 ildən artıqdır, həmin müddətin də, xx.xx.2008-ci il tarixdən bu günkü tarixədək olan dövrünü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1-200400/2024 saylı imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az (10 ay 4 gün) təşkil edir. (xx.xx.2008-xx.xx.2009) İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən Azərbaycan İnterneyşn Mayninq Kompani Limited Şirkətinin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 10 nömrəli və 30 may 2024-cü il tarixli AİMC-X/0-218/2024 arayışlarına əsasən, onun xx.xx.2009-cü il tarixindən bu günədək sözügedən müəssisədə suvarma işləri üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi suvarma işləri üzrə operator vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qırma, daşıma, torpaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinə uyğun deyil. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası tam qanunsuzdur və həmin imtina ilə qətiyyən razı deyil. Cavabdeh orqana güzəştli şərtlərlə bağlı pensiya hüququ verən 2 arayış təqdim edilmişdir. Həmin arayışlar müxtəlif vaxtlarda təqdim edilmişdir. Bununda səbəbi vardır. Səbəb ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli 10 saylı arayış natamamdır. xx.xx.2024-cü il tarixli, AİMC-X/0- 218/2024 saylı arayış isə güzəştli şərtlərlə pensiya hüququ verilməsini tam təfsilatı ilə əks etdirmişdir. İşin mübahisəli olan halı suvarma işləri üzrə operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”-da hərfən olduğu kimi qeyd edilməməsidir. İşçi barəsində güzəştli şərtlərlə pensiya hüququnun olması barədə arayış təqdim edən işəgötürən arayışını tam əsaslandırmışdır. xx.xx.2024-cü il tarixli arayış onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 451 nömrəli qərarı ilə 1.2.2.2-ci bəndinə əsasən növbətçi və avadanlığın təmiri üzrə çilingərləri sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər qırma, daşıma, torpaqələviləşdirmə sahələrində operatorlar və sair əlavə edilmişdir. İşə götürən xarici hüquqi şəxs olduğundan onun gördürməli olduğu işlərin siyahısında Azərbaycan Qanunvericiliyində göstərilməyən işlər və peşələrin olması başa düşüləndir. İşə götürənin vakansiya olaraq qeyd etdiyi peşə siyahısında irrigation operator vəzifəsi qeyd edilmişdir ki, onun da, Azərbaycan dilinə hərfi tərcüməsi suvarma üzrə operator mənasını verir. Qeyd olunan peşədə işləyən işçinin gördüyü işlər əmək müqaviləsi və əmək müqaviləsinə 1 nömrəli əlavədə qeyd edilmişdir. Əmək müqaviləsi və ona 1 saylı əlavədə göstərilən işlər torpaqələviləşdirmə sahəslərində operatorun vəzifəsi ilə eynidir. Belə ki, həmin vəzifə təlimatlarına əsasən suvarma üzrə operator vəzifəsinin torpaqələviləşdirmə sahəsinə aid olduğunu, kimyəvi maddə olan sianid məhlulu ilə birbaşa işlədiyini, o cümlədən kimyəvi məhlulları birbaşa rəhbərinin tapşırdığı qaydada hazırlanmalı, süni hovuzlarda olan kimyəvi məhlulun (sianidli məhlulun), nasoslar vasitəsi ilə xırdalanmış, topa aşındırma meydançalarında qalaqlanmış, aşındırmaya hazırlanmış filiz kütləsinin üzərinə çilənməsi işlərini həyata keçirmək üçün, vəzifəsinə uyğun olan bütün tapşırıqları icra etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı D. İmanyev xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda baxılmış və Mərkəzi Filial tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. İddiaçı D. İmanyevin ümumi iş stajı 30 il 9 ay 7 gün (xx.xx.2006-cı il tarixədək 15 il 4 ay 7 gün (xx.xx.1979-xx.xx.1982-ci il (əyani təhsil dövrü), xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1993-cı il və xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 5 ay), xx.xx.2025-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə cəmi 72446,54 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, okatış istehsalı, zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular, briketləşdirmə, ağırlaşdırıcılar istehsalı, şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə, filizlərin və filiz olmayan qazıntıların yandırılması, filizin emalı, zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular, əlvan və qiymətli metalların, almazların qumdan ayrılması, kömürün susuzlaşdırılması, dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bəndinin (2.3) fəhlələr yarımbəndində (a) qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar vəzifələri nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilmişdir ki, iddiaçı D.X4 təqdim etdiyi Azərbaycan İnterneyşıl Mayninq Kompani Limited Şirkətinin xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışında xx.xx.2009-cu il tarixdən bugünədək sözügedən müəssisədə suvarma işləri üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi suvarma işləri üzrə operator vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 ay 4 gün (xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. B 824177 nömrəli diploma əsasən, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil almışdır. НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984cü il tarixədək hərbi qulluq keçmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olur. Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı şirkətdə xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixə, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək fəhlə işləmiş, xx.xx.2009-cu il tarixdən bugünədək suvarma işləri üzrə operator vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və cavabın ünvan 1i ünvanına göndəriləcəyi bildirilmişdir. Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin xx.xx.2024-cü il tarixli, AİMC-X/O-218/2024 nömrəli arayışından görünür ki, “Azərbaycan İnterneyşni Mayninq Kompani Limited Şirkəti tərəfindən vətəndaş İddiaçı verilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışda onun xx.xx.2009-cu il tarixdən bugünədək suvarma işləri üzrə operator vəzifəsində işlədiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və cavabın ünvan 2 ünvanına göndəriləcəyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən etibarən icra olunan suvarma işləri üzrə operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bölməsinə uyğun gəlir: 2-ci bölmə: Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması; 2.3-cü bənd, (a) yarımbəndi: Qırma, daşıma, torpaqələviləşdirmə sahələrində operatorlar. Vətəndaş İddiaçı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nə işə qəbul olarkən onun tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmadığından həmin vəzifənin adı ingilis dilindən (irrigation operator) tərcümə olunaraq vətəndaşın əmək kitabçasına “suvarma üzrə operator” kimi qeyd edilmişdir. “Qırma, daşıma, topaqələviləşdirmə sahələrində operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na 2022-ci ildə əlavə edilmişdir. Halbuki İddiaçı İsrafil oğlu suvarma işləri üzrə operator vəzifəsində xx.xx.2009-cu il tarixdən işləmişdir. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” ilə vətəndaş İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 1 nömrəli Əlavə kimi əlavə edilmiş “Topaqələviləşdirmə sahəsi suvarma işləri üzrə operatorun vəzifə təlimatı”na əsasən suvarma üzrə operator vəzifəsi ilə topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinin əmək funksiyasının eynilik təşkil etdiyini müəyyən etmək olar. Belə ki, həmin vəzifə təlimatlarına əsasən suvarma üzrə operator vəzifəsinin topaqələviləşdirmə sahəsinə aid olduğunu, kimyəvi maddə olan sianid məhlulu ilə birbaşa işlədiyini, o cümlədən kimyəvi məhlulları birbaşa rəhbərinin tapşırdığı qaydada hazırlanmalı, süni hovuzlarda olan kimyəvi məhlulun (sianidli məhlulun), nasoslar vasitəsi ilə xırdalanmış, topa aşındırma meydançalarında qalaqlanmış, aşındırmaya hazırlanmış filiz kütləsinin üzərinə çilənməsi işlərini həyata keçirmək üçün, vəzifəsinə uyğun olaraq bütün tapşırıqları icra etməli olduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası
5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə görə, 1 iyul 2023 - 30 iyun 2024-cü illər arasındakı dövr üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 65 ildir. Qeyd olunan normaların tələbinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər 60 yaşına çatmalı, 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olmalıdır. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. İddiaçı B 824177 nömrəli diploma əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil almış, НЗ ******* nömrəli hərbi biletə əsasən, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi qulluq keçmiş, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1985-ci il tarixdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olur. İddiaçının xx.xx.2024-cü il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi suvarma işləri üzrə operator vəzifəsi işəgötürən tərəfindən verilən arayışda istinad edilən qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 ay 4 gün (xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 2.3-cü bəndin a) yarımbəndində qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2009-cu il tarixdən başlayaraq “suvarma üzrə operator” işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının xx.xx.2009-cu il tarixdən bugünədək suvarma işləri üzrə operator vəzifəsində işlədiyi, suvarma üzrə operator vəzifəsi ilə topaqələviləşdirmə sahələrində operatorlar vəzifəsinin əmək funksiyasının eynilik təşkil etdiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək 12 il 6 ay aydan çox güzəştli iş stajı mövcuddur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva