Məhkəmə qərarları › İş №2-1(114)-1485/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1485/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1485/2021 10.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 01.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 14 saylı qərarına əsasən mülkiyyətində və faktiki istifadəsində olan Bərdə rayonu Qarağacı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin naturada yerinin müəyyən edilərək çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə 0.08 ha torpaq sahəsi almışdır və həmin torpaq sahəsində yaşayış üçün ev inşa etmişdir. Sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -X4 Filialının 19.03.2013-cü il tarixli arxiv çıxarışından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayon Qarağacı kənd sakini X2 fərdi yaşayış evi tikdirmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. -JN-359A KOD 61014028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 14 saylı qərarına əsasən 0.08 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 04.06.2021-ci il tarixli, **********11 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 14 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikməsi üçün 0.08 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi ilə bağlı JN-359A KOD 61014028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi JN-359A KOD 61014028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin yerinin torpaq islahatı zamanı hazırlanmış kompleks yerquruluşu xəritəsində 821SS (sahibsiz torpaq) kimi göstərilməsi, həmçinin faktiki istifadə olunan torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin üst-üstə düşmədiyi, eyni zamanda həmin şəhadətnamənin arxiv nüsxəsinin İdarənin arxivində olmaması qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçıda olan sənədin (JN-359A KOD 61014028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) mötəbərliyini mübahisələndirməmiş, yalnız həmin şəhadətnamənin yerinin torpaq islahatı zamanı hazırlanmış kompleks yerquruluşu xəritəsində 821SS (sahibsiz torpaq) kimi göstərilməsi və sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin üst-üstə düşməməsi, eyni zamanda həmin şəhadətnamənin arxiv nüsxəsinin İdarənin arxivində olmaması səbəbindən iddiaçının ərizəsinin təmin edilməsindən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi müvafiq qərarla iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş şəhadətnamənin arxiv nüsxəsinin İdarənin arxivində olmaması bu sahədə səlahiyyətli qurumun qüsuru kimi qiymətləndirilməlidir. Həmçinin cavabdehin imtinasının əsası kimi faktiki istifadə olunan torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin üst-üstə düşməməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin istifadə etdiyi sahənin ölçülərinin hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş ölçülərə uyğun olmaması həmin sənəddə qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun olaraq əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək JN-359A KOD 61014028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya məxsus 0.08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-359A KOD 61014028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 0.08 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində X1 adına qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar